Əsas Səhifə > Partiya, Güney Press > "Rusiya ilə isə normal qonşuluq siyasətindən başqa heç bir şey olmamalıdır"

"Rusiya ilə isə normal qonşuluq siyasətindən başqa heç bir şey olmamalıdır"


16-09-2020, 09:00
"Rusiya ilə isə normal qonşuluq siyasətindən başqa heç bir şey olmamalıdır"
Ermənistanın işğalçılığı davam etdikcə və bölgədə geosiyasi gərginlik artdıqca Azərbaycanın strateji müttəfiqlərini çoxaltması məsələsi də aktruallaşır. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bu barədə təklif edib ki, Azərbaycan ABŞ, Britaniya və İsraillə strateji müttəfiqlik etməlidir. Belə olan halda isə ortaya suallar da çıxır. Rusiya ilə əməkdaşlıq davam etmək şərtilə bunları reallaşdırmaq mümkündürmü? Azərbaycan bildi ki, seçim anında Rusiya Ermənistanı seçəcək. Bu səbəbdən strateji əməkdaşlığı bu “üçlük” (Türkiyə ilə münasibətlər aydındır) səviyyəsinə qaldıra bilərmi? Xüsusilə Britaniya ilə məsafəli davranışın səbəbi nədir?

Beynəlxalq məsələlər üzrə ekspert, AMİP sədrinin müavini Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan üçün strateji müttəfiqlərin kim olmasının böyük əhəmiyyəti var. Amma bu müttəfiqliyin bərabərhüquqlu şərtlər əsasında olması bizim üçün hər zaman problemə çevrilib. Rusiya bizim stateji müttəfiqimiz olduğunu dəfələrlə qeyd etsə də fəaliyyətində bu müttəfiqliyi yalnız özünün maraqları çərçivəsində gördüyünü büruzə vermişdir. Bu isə Azərbaycan üçün qəbuledilməzdir. Bunlara rəğmən rəsmi Bakı zaman-zaman balanslı siyasət yürütməyə üstünlük verməklə Rusiyadan üzünü çevirməkdən ehtiyatlanmışdır. Amma təcrübələr göstərib ki, bir müddət sonra Kremli bu siyasət qane etməyib və bizdən konkret mövqelər istənilib: “Hansı ki, onların bizdən istədikləri mövqe tamamilə maraqlarımıza zidd olub. Onun üçün Azərbaycan qarşılıqlı maraqlar çərçivəsində müttəfiqlərini özü müəyyən etməlidir. Rusiya ilə isə normal qonşuluq siyasətindən başqa heç bir şey olmamalıdır. Çünki məlumdur ki, Rusiya müttəfiqliyə hazır deyil və gələcəkdə də hazır olmayacaq. Buna onların özləri üçün müəyyən etdiyi qonşuları ilə münasibət və xarici siyasət doktrinası mane olur. Bu doktrinanın ictimaiyyətə açıq olmayan hissəsində Azərbaycan müttəfiqlər siyahısında yoxdur və Ermənistan bu istiqamətdə hazırda olanlara baxmadan əsas müttəfiqləridir. Qarabağ konfliktində bu günə qədər tutulan mövqe buradan qaynaqlanır. Bu gün Azərbaycan üçün əsas prioritet məsələ ilk növbədə Türkiyə ilə strateji müttəfiqliyi hüquqi cəhətdən rəsmiləşdirməsi olmalıdır. Burada hərbi və iqtisadi paketlər daxil olmaqla, milli təhlükəsizliyimiz qarant altına alınmalıdır və ilk növbədə Rusiya bir növ neytrallaşdırılmalıdır. Hesab edirəm ki, bundan sonra ABŞ və Qərb, o cümlədən İsraillə əlaqələr yeni mərhələyə qədəm qoyacaq”.

Ekspert hesab edir ki, yəni həmin dövlətlərlə yaxınlaşma Türkiyə ilə müttəfiqliyimizin rəsmiləşdirilməsindən sonra daha rahat ola bilər: “Bu gün Qərbin, ABŞ-ın, İsrailin Türkiyə ilə münasibətlərində müəyyən gərginlik görünsə də, reallıqda vəziyyət əksinədir. Türkiyə onlar üçün reqionda əvəzolunmaz müttəfiqdir, NATO-nun əsas güclərindən biridir. Məhz belə addımımızdan sonra bizmlə bərabərhüquqlu müttəfiqlik etmək istəyənlər də çox olacaq. Həmin dövlətlərin, o cümlədən Böyük Britaniyanın bu gün bizimlə münasibətlərə bir qədər soyuq yanaşması bizim bu günə kimi Rusiya ilə münasibətlərimizin aydın olmamasından irəli gəlir. Əslində Rusiyanın təzyiqlərinə baxmayaraq Britaniya müstəqilliyimizin ilk illərindən bizimlə çox yaxın münasibətlərdə olub. Təbii ki, bu münasibətlərdə özlərinin maraqları olub. Söhbət enerj daşıyıcılarından gedir. Amma bizim maraqlarımız da təmin edilıb və bu münasibətdən qazancımız da çox olub. Yəni təcrübəmizdə İsrail ABŞ və Böyük Britaniya ilə çox yaxın münasibətlər dövrü olub. Hətta İsraillə bu gün də davam edir. Azərbaycan Rusiya məsələsində konkret mövqeyini ortaya qoyan kimi bu 3 dövlətlə münasibətlərdə yeni dövr açılacaq ki, bu gün bizim üçün bu çox vacibdir”.

Geri qayıt