Əsas Səhifə > Partiya, Güney Press > “Müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər”
“Müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər”26-09-2020, 09:44 |
Azərbaycan müharibənin astanasındadır. Düşmənin hərbi aqressiyası və sülh danışıqlarının tamamilə donması savaş ehtimalını artırır. Cəbhə xəttindəki gərginlik və Ermənistanın Tovuz istiqamətindən həmlələrinin səngiməməsi geniş hərbi əməliyyatların başlanmasını şərtləndirir. Eyni zamanda, Azərbaycanın son günlərdə keçirdiyi hərbi təlimlər, cəmiyyətdəki ovqat və ən əsası prezident İlham Əliyevin açıqlamaları deməyə əsas verir ki, müharibə uzaqda deyil. Elə sentyabrın 25-də prezident Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib ki, ciddi kəşfiyyat mənbələrimizdə məlumat var, hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. “Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”, - dövlət başçısı əlavə edib. Belə olan halda müharibə başlasa, siyasi partiyalar, media və QHT-lər necə davranmalıdır, döyüş şəraitində öz fəaliyyətlərini məhdudlaşdırmalıdırlarmı? Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, iqtidar-müxalifət arasında bir sənəd imzalanmalıdır: “Bu sənəddə birgə razılaşma imzalanmalıdır ki, münaqişənin hansı yolla həllinin tərəfdarıyıq - müharibə, yoxsa sülh... Əgər müharibə yolu seçilibsə, dövlət hərbə hazırlaşmalıdır, siyasi təşkilatlar, vətəndaş cəmiyyətləri də insanları bu vəziyyətə hazırlamalıdırlar. Həmin dövrdə siyasi partiyalar öhdəlik götürə bilər ki, siyasi fəaliyyəti, müxalifətçiliyi məhdudlaşdırırıq. Müharibə dövründə görüşlər keçirə, izahatlar verə, könüllülük hərəkatı təşkil edə bilərik. Partiyalar üzvlərinə müraciət edə bilərlər ki, orduya könüllü yazılsınlar. Ümumilikdə həmin dördə müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər və deyə bilər ki, Qarabağ məsələsində dövlətin yanındayıq”. AĞ Partiyanın başqanı Tural Abbaslı hesab edir ki, müharibə şəraitində adi vaxtda olduğu kimi siyasi fəaliyyət yürütmək mümkün deyil. Onun sözlərinə görə, qanunvericilik də buna icazə vermir: “Qarabağ uğrunda müqəddəs savaş başlayarsa, hər bir müxalifət təşkilatı, eləcə də AĞ Partiya öz məsuliyyətini bilir. Bizim üçün ərazi bütövlüyümüz, Qarabağımızın azadlığıdır. Ona görə müharibə başlasa, biz heç dövlətin çağırışını gözləmədən siyasi fəaliyyətimizi dondura bilərik. Bunun əksini etmək, siyasi mübarizə aparmaq, kreslo uğrunda döyüşmək xəyanətdir. Ona görə müxalifət partiyaları müharibə şəraitində fəaliyyətini dondurmağa və dövlətin yanında olmağa hazırdır. Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirdi ki, QHT-lər hər bir şəraitdə, yəni müharibə, fövqəladə vəziyyət, karantin, təbiət hadisələri, qəzalar və s. zamanı fəaliyyətlərini həmin şəraitə uyğun olaraq davam etdirməlidir. “Məhdudiyyət isə yalnız ölkədə həmin şəraitlə əlaqədar qəbul olunmuş qərarlar əsasında ola bilər. Hər bir şəraitdə QHT-lər öz nizamnaməsinə uyğun fəaliyyət göstərməlidir. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən QHT-lər var. Və bu QHT-lərdə çoxlu peşəkarlar çalışır. Həmin QHT-lər öz fəaliyyətlərinə uyğun olaraq əhali arasında məlumatlandırma, maarifləndirmə, hüquqi yardım, orduya dəstək qrupları, əhali ilə sıx təmasda olaraq, ehtiyac olarsa onların riskli ərazilərdən uzaqlaşdırılmasında, yerləşdirilməsində, müxtəlif psixoloji yardımların göstərilməsində yardımçı ola bilərlər”, - deyə komitə rəhbəri qeyd etdi. M.Qəhrəmanlı hesab edir ki, uşaq, qadın hüquqları ilə məşğul olan QHT-lərə bu halda daha çox ehtiyac duyula bilər: “Onlarla daima təmasda olmaq, dəstək olmaq ən vacib məsələlərdən biridir. Müəyyən riskli qruplarla işləyən QHT-lər (əlillər, yaşlılar və s.) bu halda fəaliyyətinə ciddi ehtiyac duyulur. Bir sözlə, QHT əvəzolunmaz bir qüvvədir. Heyf ki, bu əvəzolunmaz ”ordu"nu 2014-cü ildən zəiflədiblər..." Azpost.info internet qəzetinin baş redaktoru Xaqani Səfəroğlu isə müharibə şəraitində medianın necə davranmalı olduğunu açıqladı. Onun sözlərinə görə, klassik anlamda müharibə zamanı media xüsusi qanunlarla tənzimlənir: “Bura daha çox hərbi məlumatların vahid mərkəzdən ötürülməsi, dövlət təhlükəsizliyi üçün vacib olan tənzimlənmə və ictimai rəyin formalaşdırılması daxildir. 21-ci əsrdə, internet erasında müharibə etmək bir sıra parametrlər baxımından mürəkkəbdir. İnformasiya texnologiyalarının geniş olması, hamının ”yeriyən KİV"-ə çevrildiyi bir zamanda medianın müharibə dönəminin qaydalarını tətbiqi çətindir. Məncə, döyüş əməliyyatları aparılarkən KİV-in fəaliyyəti zamana uyğun qurulmalıdır. Bunun üçün əsas olan oxucu etimadı olan KİV-lərin yaranması mühümdür". Jurnalistin fikrincə, sosial şəbəkələrin “at oynatdığı” bir dövrdə anonim, şübhəli və xarici təsir agentlərinin təsirində olan ictimai rəy moderatorlarının qarşısına yalnız peşəkar, nüfuzlu və oxucu etimadı olan KİV-lər çıxa bilər: “Jurnalistlər ”informasiya əsgəri" yox, müharibənin gətirdiyi xofu, yalan məlumatları, düşmən təbliğatını dürüst xəbərləri ilə dağıdacaq bir gücdə olmalıdır. 2016-cı ilin aprel döyüşlərinə nəzərən son Tovuz döyüşlərində bizim jurnalistlər bu baxımdan bir sıra üstünlüklərini göstərə bildilər. Əsas məsələ bütün dünyanın üzləşdiyi “feyk xəbərlər”i zondaj edə biləcək müstəvini yaratmaqdır. Bu sırada dövlətin rolu əhəmiyyətlidir. Hərbi xəbərlərin, cəbhədə vəziyyətə dair məlumatların vahid informasiya qərargahından yayılması, yalan məlumatlara dərhal çevik reaksiyanın verilməsi, hərbçilərdən, jurnalistlərdən, ictimai rəy moderatorlarından ibarət çevik media komandasının qurulması işin xeyrinə olardı". “Yeni Müsavat” Geri qayıt |