Əsas Səhifə > Partiya, Güney Press > “Hazırda mediamız öz vəzifəsinin öhdəsindən uğurla gəlməkdədir”
“Hazırda mediamız öz vəzifəsinin öhdəsindən uğurla gəlməkdədir”30-09-2020, 08:08 |
Azərbaycan ordusunun artıq 3 gündür ki, davam edən əks-hücum əməliyyatı cəmiyyətdə böyük ruh yüksəkliyi və rəğbətlə qarşılanmaqdadır. Bəs bu yeni situasiya mediamız qarşısında da yeni vəzifələr qoyurmu? İndiki məqamda daxili auditoriya ilə yanaşı, beynəlxalq ictimaiyyətin də çevik şəkildə məlumatlandırılması nə dərəcədə vacibdir? Moderator.az-a açıqlama verən Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu, hazırkı məqamda mediamızın üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini vurğuladı: “Mediamızın öhdəsinə düşən ilk vəzifə heç şübhə yoxdur ki, cəbhədə baş verən hadisələrlə bağlı ictimaiyyəti obyektiv və dolğun məlumatlandırmaqdır. Son 2-3 gündə mediamızın fəaliyyətinə nəzər yetirdikdə, mediamızın bu funksiyanın öhdəsindən uğurla gəldiyini görürük. Bizim kanallarımız var ki, cəbhədən xəbərlər hazırlayır, reportajlar verirlər. Cəbhə bölgəsinə ezam olunmuş müxbirlərimiz var ki, onlar öz peşə fəaliyyətlərini uğurla yerinə yetirirlər. Ictimaiyyət cəbhədə baş verən hadisələrlə bağlı xəbərsiz qalmır. Hərbi sirr sayılmayan xəbərlər media nümayəndələrimiz tərəfindən xalqa çevik şəkildə çatdırılır. Təbii ki, müharibədə medianın üzərinə böyük yük düşür. Bu, yalnız daxili deyil, xarici auditoriyaya yönəlik xəbərlərin çevik və obyektiv şəkildə çatdırılması ilə bağlıdır. Azərbaycanın informasiya portalları bu istiqamətdə böyük işlər görürlər. Rus, ingilis, fransız, ərəb dillərində fəaliyyət göstərən xəbər portalalrımız var ki, onlar dünya ictimaiyyətini cəbhədə baş verənlərlə bağlı mütəmadi məlumatlandırır. Digər bir məsələ akreditasiya ilə bağlıdır. Cəbhə bölgəsinə ezam olunan xarici müxbirlərin fəaliyyəti üçün Azərbaycanda həmişə münbit şərait yaradılıb. Bizim bu məsələdə gizlədiləcək və ya çəkinəcək bir işimiz də yoxdur. Əsasən Türkiyə jurnalistlərinin bu məsələdə çox böyük dəstəyi var. Xarici jrunalistlərin bu yöndəki fəaliyyəti də müsbət və təqdirəlayiq bir haldır”. Geri qayıt |