Əsas Səhifə > Partiya, Güney Press > "Ona görə də Rusiya qarışmır..."

"Ona görə də Rusiya qarışmır..."


8-10-2020, 09:09
"Ona görə də Rusiya qarışmır..."
“Azərbaycan ordusu son zamanlar bütün dünyanın gözü qarşısında 21 əsrin faşizm ideologiyasına qarşı mübarizə aparır”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Kamilə Əliyeva deyib.

O, qeyd edib ki, Azərbaycan ordusunun apardığı mübarizə haqq savaşıdır:

“Ordumuz günü-gündən irəliləyir. Hər gün yeni ərazilərimizi işğaldan azad edirik. Düşmən artıq uğurlarımızı görür və məğlub olduğunu anlayır. Azərbaycan ordusunun qarşısında Ermənistan çox aciz vəziyyətdə qalıb. Ona görə də müxtəlif təxribatlara əl atır. Ermənistandan bizim böyük şəhər və rayonlarımızı raket atəşinə tutur. Hətta Xızı-Abşeronu belə raket atəşinə tutdu. Düşmən uduzduğu üçün çox azğınlaşıb və quduzlaşıb. Ermənistan anlayır ki, Azərbaycanın qələbəsi yaxındadır. Ona görə də Ermənistan digər dövlətləri də münaqişəyə cəlb etmək istəyir. Mülki şəxsləri raket atəşinə tutur ki, Azərbaycan ona cavab versin. Bununla Rusiyanı da münaqişəyə cəlb etsinlər”.

Deputat vurğulayıb ki, cənab Prezident Ermənistanın işğalçı dövlət olmasını və Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğunu faktlarla ortaya qoyur:

“Bu gün bir çox ölkə başçıları cənab Prezidentə zənglər edir. Ali Baş Komandan da Ermənistanın işğalçı bir dövlət olmasını faktlarla ortaya qoyur. Paşinyan bütün ölkə başçılarına zəng edib yalvarır ki, ona kömək etsinlər. Rusiya prezidenti Putin ağıllı və müdrik siyasətçidir. O bildirdi ki, müharibə Ermənistanın deyil, Azərbaycan torpaqlarında baş verir. Rusiya həm də ATƏT-in Minsk Qrupunun üzvüdür, bu məsələ də tərəfsizliyini qorumalıdır. Ona görə də Rusiya qarışmır. Bundan da əlbəttə Ermənistan çox qıcıqlanır, çünki Rusiya onun dayağı idi. İnanıram ki, zəfərimiz uzaqda deyil. Ali Baş Komandanın qətiyyəti və iradəsi ilə qüdrətli ordumuz digər torpaqlarımızı işğaldan azad edəcək. Bütün o torpaqlarda Azərbaycan bayrağı dalğalanacaq. Biz də qələbəmizi Ali Baş Komandanın rəhbərliyi ilə o torpaqlarda qeyd edəcəyik. Qələbə bizimdir. Qarabağ Azərbaycandır”.

Geri qayıt