Əsas Səhifə > Partiya, Güney Press > "10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur"

"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur"


21-10-2020, 08:32
"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur"
“Hər bir millətin gələcəyi, uğuru, zəfəri, başucalığı, rifahı və nüfuzu təhsilə bağlıdır desəm, təbii ki, Amerikanı yenidən kəşf etmiş olmaram. Ölkəmizdə güclü təhsil sistemi var desək yalan olar. Universitetlər, elmi-tədqiqat mərkəzləri, Elmlər Akademiyası güclü kadrlar, mütəxəssislər hazırlayıb bazara buraxır desək, adama deyərlər ki, yalan danışma. Biz 10 milyonluq xalqıq və elə coğrafiyada yerləşirik ki, sağ qalmaq uğrunda mübarizə aparmalı oluruq.

O qədər kiçik xalqlar var ki, möcüzə yaradıblar. İsrail, Sinqapur, Luksemburq, onlarla digər əhalisi az olan ölkələr texnologiya, elm, kəşf sahəsində böyük ölkələri ötüb keçib belə. Biz də möcüzələr yarada bilərik. Amma şagirdlərə “Kulikovo döyüşü nə zaman olub?” sualını verməklə və “1380-ci ildə” rəqəmini əzbərtləməklə olmayacaq. "Dünyada neçə okean var?" sualını verib "4" cavabını almaqla olmayacaq, “Azərbaycan BMT-yə nə zaman daxil olub?”, “Toplananların yerini dəyişəndə nə dəyişmir?” sualına cavab əzbərtləməklə olmayacaq”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib. R.Nurullayev bildirib ki, indi müharibə vəziyyətində yaşayan ölkəyik:

“Biz özümüz müasir silahlar, pilotsuz uçan aparatlar, tanklar, təyyarələr, qırıcılar, mühəndislik istehkamları, yüksək-dəqiqli texnologiyalar hazırlamalıyıq və kodları da özümüzdə olmalıdır. Demirəm ki, bunları etmirik və yaxud etmək istəmirik. Bu işlərlə, xüsusən hərbi sənayeninin inkişafı ilə bağlı konkret addımlar atılıb, amma biz bir çox komponentləri yerli istehsal olan milli məhsullarımızın hazırlanması üçün elmə və təhsilə böyük məbləğlər yatırmalıyıq. Azərbaycanda kosmik sənaye və peyklərimiz var. Biz bu sahədə ciddi yatırımlarla və mütəxəssis hazırlamaqla daha böyük nailiyyətlər əldə edə bilərik.

10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur. Biz niyə koronovirusa qarşı peyvənd hazırlamaq istəmirik? Ümumiyyətlə, bizdə tibb sahəsində elmi araşdırmalar niyə yoxdur? Varsa, hanı o nəticə? Yoxdur. Bütün sahələr də belə. Bildiyimə görə, Elmin İnkişafı Fondu var. Neçə illərdir yaranıb. Bu fondun fəaliyyətinin nəticəsi nə olub? Nələri maliyyələşdiriliblər, onları səhiflərindən görə bilərik. Amma bilmək istəyirəm ki, konkret hansı nəticələr var və o nəticələr sizin, bizim, xalqımızın firavan, rahat yaşaması üçün hansı rolu oynayıb? Hansı elmi nəticələr var və biz bu elmi məhsullarla dünya bazarına çıxmışıqmı?".

Deputat bildirib ki, bu, vacib məsələdir:

"Təklif edirəm ki, Elmin İnkişafı Fondunun səlahiyyətli şəxslərini Parlamentə dəvət edək və onlar bizi də məlumatlandırsınlar. Jurnalistlərə təklif edirəm ki, araşdırma aparsınlar, nəticəsini dərc etsinlər. Bəlkə ciddi uğurlar var, biz məlumatsızıq. Hər bir şagird potensial savada malik olmalıdır. Gəlin bir məktəb seçək və istənilən bir sinfə daxil olub şagirdlərin bilik səviyyəsini yoxlayaq. 30 nəfər şagirdin içindən bir-iki nəfər fərqlənəcək. Savad deyilən məsələ bitmək üzrədir. Bu, həyəcan təbilini çalıram və deyirəm ki, orta məktəblərdə təhsilin səviyyəsi qalxmasa, bu ölkə heç zaman normal yaşaya bilməyəcək.

Müəllimlərin çoxunun heç dərs keçmək, öz üzərində işləmək həvəsi də yoxdur. Birinci növbədə, büdcəmiz imkan verən kimi müəllimlərə dövlət qulluqçusu statusu verilməlidir. Ölkədə yaşlıların təhsili də vacibdir. Biz normal, rifah içində və təhlükəsiz yaşamaq istəyiriksə, təhsilimiz və səhiyyəmiz ən üst səviyyədə olmalıdır. Yeni nazirdən gözləntilər çoxdur, amma bu məsələ bir nazirlə həll olunası deyil. Buraya ciddi dövlət intervensiyası və maliyyəsi lazımdır. Peşə təhsili ilə bağlı müəyyən işlər görülüb. Amma bunlar dənizdə damladır. Valideynlər çalışır ki, övladları ali təhsil məktəbinə daxil olsun, təki diplom alsın. Diplomlu savadsıza çevrilirlər. 8-ci sinifdən bilik, dünyagörüşü, həvəs, istedad qiymətləndirilməli və sınaqdan çıxmayanlar peşə məktəblərinə yönləndirilməlidir. Nə olsun ki, bir şagird 11-ci sinfi qurtarıb attestat alacaq. Məgər kağız-kuğuz, diplom, əzbərçilik nəyisə həll edir? Biz mütəxəssislər, kadrlar yetişdirməliyik. Bunun üçün hər bir şagirdə fərdi yanaşma olmalıdır, ciddi maliyyə lazımdır və mütləq bunu təmin etməliyik.

Mətbuatdan oxuyuram ki, bir nəfər mütəxəssisi müsahibə ediblər və deyir ki, kəşflərim var, maliyyəm yoxdur. Biri deyir təyyarə düzəltmişəm, biri deyir vertolyot, biri deyir avtomobil, biri deyir yeni informasiya dalğası, biri deyir peyk və s. Yazıqlar sənəd əlində o qapını -bu qapını gəzirlər, görüşüdükləri adamlar da yəqin onlara ürəyində gülür ki, başı xarab olub. Çünki, İQ-su onu qavramağa çatmır.

Bunun üçün də start up fondları olmalıdır. Bu cür insanları maliyyələşdirmək vacibdir. Batırsa maliyyə batsın. Məgər bütün layihələr uğurlu olur? Bu insanların beyinlərinin məhsulunu materiyaya çevirmək üçün vəsaitləri olmalıdır. Belə ixtiraçılara sadələşmiş maliyyə mexanizmi olmalıdır. Ya mövcud fondlar onlara vəsait ayırsın, ya da ayrıca bir Fond yaradılsın ki, ixtiraçılar öz ixtiralarını həyata keçirmək üçün maliyyə mənbəyi əldə edə bilsinlər. Biz nə qədər xarici istehsaldan və texnologiyadan asılı olmalıyıq?”

Geri qayıt