Əsas Səhifə > Partiya, Güney Press > “Sanki torpaqlarımızı bu savaşda ATƏT-in Minsk Qrupundan geri alırıq”

“Sanki torpaqlarımızı bu savaşda ATƏT-in Minsk Qrupundan geri alırıq”


29-10-2020, 08:53
“Sanki torpaqlarımızı bu savaşda ATƏT-in Minsk Qrupundan geri alırıq”
Oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bir gün öncə isə terrorçu Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində 4 nəfər ölmüş, 13 nəfər yaralanmışdı.

Bərdə rayonundan seçilən deputat Zahid Oruc baş verən hadisələrlə bağlı “Yeni Müsavat”a müsahibə verib.

- Zahid bəy, Bərdə hadisələri erməni cinayətkarlığını növbəti dəfə sübut etdi. Dünya niyə buna susur?

- Bu ağır və amansız qərarı verən Ermənistan hərbi-siyasi rejimi fərqindədir ki, müharibəni uduzublar. Ona görə də Qarabağın itirilməsindən sonra yaşamaq çətin olar deyə, əslində özü üçün, xalqın gələcəkdə ona qarşı çıxaracağı ölüm hökmünün altından çıxmaq üçün belə bir ləyaqətsiz, rəzil qərarda bulunublar. Oktyabrın 27-də Bərdənin mərkəzindən 10 kilometr uzaqda yerləşən Qarayusifli kəndinə atılan raket zərbələri informasiya vasitələrində yayılandan sonra onlar hədəfləri bir qədər də dəyişərək günün gündüz çağı məhz şəhərin mərkəzini vurdular. Əhalinin burada sıx toplaşacağı və itkilərin də sayca çox olacağı fonunda Azərbaycanda ictimai şok doğuraraq təşəbbüsü ələ götürmək, döyüş meydanlarındakı vəziyyəti arxa cəbhə vasitəsilə dəyişdirmək yolunu seçiblər. Paşinyanın isterika və qorxu içərisində iki gün əvvəl etdiyi çıxışda bir ifadə var idi ki, böyük dövlətlər Azərbaycana və Türkiyəyə təsir edə bilmirlər. Ona görə də biz elə bir yol seçməliyik ki, irəli sürdüyümüz təkliflər rəsmi Bakı tərəfindən qəbul olunsun. Ona görə də belə bir addım atıblar. Bizim kütləvi informasiya vasitələrinin birbaşa işıqlandırdığı gerçək mənzərəni dünya mediası tirajladıqca əsl erməniçiliyin sifəti görünəcək. Ermənistan hakimiyyətinin dediyi - Azərbaycan onlar üçün ekstensialist təhlükə doğurur, guya məqsədimiz Qarabağda bir erməni də saxlamamaqdır - arqumentləri darmadağın edir. Bu zərbə onların özünə dəyəcək. Mülki əhaliyə atdıqları “Smerç”lərlə müharibənin taleyində dönüş etmək mümkün deyil. Azərbaycan Ordusu qələbə savaşını davam etdirərək Ermənistan hakimiyyətinə əl yeri qoymayacaq. Ermənistan düşünürdü ki, ABŞ-ın müdaxiləsi ilə Azərbaycan dayanacaq, onlar bu fasilədən istifadə edərək silahlanacaq, kənar qüvvələrin savaşa qatılmasına nail olacaqlar. Azərbaycanın qarşısına daha çox həmin dövlətlərin qüvvələri çıxacaqlar. Ancaq bununla gerçəkdən müharibənin taleyini İrəvanın istədiyi kimi diqtə etməsi mümkün olmayacaq. Bərdə ötən minillikdə belə sınaqları çox görüb. O cümlədən I Qarabağ savaşından sonra 100 minə qədər məcburi köçkünü öz qoynunda saxlayıb, onlar üçün bir qalaya, istehkama çevrilib. Bu gün itki verən ailələr bir tərəfdən ağrı-acılarını bölüşsələr də, heç kim müharibə dayansın demir. Müharibə Azərbaycanın haqq işidir, haqq davasıdır. Azərbaycanın zəfər hərəkatı Şuşada, Xankəndində başa çatmalıdır. O səbəbdən Bərdəyə görə, Gəncəyə görə Azərbaycan Ordusu erməni əsgərinin, zabitinin 10 qat artıq canını alacaq. Bu, Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı elan etdiyi müharibədir. Bunu öz adı ilə çağırmalıyıq. Dünya mediasından da obyektivlik, qərəzsizlik prinsipləri ilə bunu dünyaya yayacaqlarını gözləyirik. Türkiyədən, Pakistandan və Azərbaycanın Qarabağ savaşına dəstək verən dövlətlərdən savayı heç bir ölkədən, o cümlədən Ermənistanın itkilərini öz acısı kimi qəbul edən Minsk Qrupuna daxil ölkələrdən hər hansı yardım, hüquqi-siyasi nəticəsi olmayan bəyanatlar gözləmirik. Gözlədiyimiz Ali Baş Komandanın iradəsi ilə verilən qərarlardır ki, yaxın günlərdə, saatlarda biz onun nəticəsini yeni şəhərlərin, kəndlərin, yüksəkliklərin alınması ilə görəcəyik.

- Zahid bəy, Azərbaycan cəmiyyətində ordumuzun Ermənistanı, oradakı atış nöqtələri vurması ilə bağlı çağırışlar var. Bu baş verərsə, nə ilə nəticələnəcək?

- Artıq həmin zərbələrin KİV-də, o cümlədən Azərbaycanın kosmik sistemində, hava hücumundan müdafiə sistemində tam fiksasiyası var. Ali Baş Komandanımız qeyd etdi ki, bu cür uzaqmənzilli raketlərə ümumən dünyada müəyyən formada nəzarət edilir, onun hansı nöqtədən atılması və hansı ünvanlara vurulması dərhal qeyd edilir, aktlaşdırma aparılır. O səbəbdən Bərdənin bu şəkildə vurulmasının qarşılığında baş verənləri, onun mənbəyini gizlətmək mümkün deyil. İki gün öncə Azərbaycan dövləti adından bəyan edildi ki, hansı nöqtədən atılmasından asılı olmayaraq ordumuz xalqa qarşı olan təhlükələri aradan qaldırmaq üçün addımlar atmağa qadirdir və buna hazırdır. Bu o deməkdir ki, atış nöqtələrinin Ermənistanın içində yerləşməsindən asılı olmayaraq həmin nöqtələr vurulmalıdır və vurulacaqdır. Bu, qəti şəkildə Azərbaycanın müharibəni Ermənistana keçirməsi, İrəvan uğrunda savaş aparması deyil. Azərbaycan savaş dairəsini böyüdərək Ermənistanın istədiyi kimi böyük dövlətlərin bu müharibəyə qoşulmasını doğuracaq bir hərbi əməliyyatlar keçirmir. Biz beynəlxalq hüquqda bunun adının özünümüdafiə olduğunu bəyan etmişik. Necə ola bilər ki, Ermənistan Azərbaycanın Zəngilandan və Qubadlıdan Laçına doğru sərhədlərinə yaxınlaşmasını görərək öz içərisindən belə bir provokativ, insan itkiləri ilə müşayiət olunan zərbələr vuracaqdır. Biz onlara dözüm göstərməliyik? Azərbaycan Qarabağın geri qaytarılmasının, ərazi bütövlüyünün təmin olunmasının əvəzini Ermənistan üçün heç bir təhlükəsi olmayan minlərlə insanı ilə ödəməlidir? Biz gözləməliyik ki, ölüm sayı 100-ü keçsin? Bizim insanlarımızın itkisi ilə bağlı qırmızı xətt Bərdə ilə keçdi. Bunun bizim üçün nəticəsi, müharibənin davamında Ermənistana sərt və amansız şəkildə yerini göstərməkdir. Mən Bərdəni təmsil etdiyim müddət ərzində o insanlardan yalnız bir mövqe görmüşəm, qanımız, canımız qurban olsun, ancaq ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Orada daha ağır mənzərələr də görsək bu mövqe dəyişməyəcək. Nə qədər itkilərimiz olsa da geri durmamalıyıq. Ermənistanın atəş açan, qeyd edilən hədəflərinə mütləq zərbələr vurulmalıdır. Biz rasional səviyyədə bu qərarı verməliyik. Dinc şəhərlərimiz döyüş meydanına çevriləcəksə və biz geri duracağıqsa, bu müharibənin növbəti mərhələsində ziyanımıza işləyən hadisə olar. Ermənistan başa düşməlidir ki, artıq 4-cü dəfə ölkəsində səfərbərlik elan etməsini heç zaman gizlədə bilməyəcək. Əgər bu savaş təkcə Qarabağ uğrunda gedirsə, niyə ən sərt qanunlarla, hətta Stalin dövründəkindən də ağır şərtlərlə səfərbərlik edib insanları 30-40 nəfərlik qruplarla döyüş meydanına atır. Deməli, bunun adı birdir, bu Ermənistan-Azərbaycan müharibəsidir. Bərdəyə hücum da onu göstərir ki, onlar savaşın yeni mərhələyə keçməsi üçün çalışırlar. Biz onların çağırışını qəbul etməliyik. Artıq savaşı Qarabağ uğrunda deyil, Ermənistan-Azərbaycan müharibəsinə keçirirlər. Biz düşmənin Tovuzdan, Qazaxdan ta Naxçıvana qədər ərazilər üzrə zəif bəndlərini bilirik. Olan-qalan qüvvələrini də gətirib Qarabağa atmışdılar. Artıq Ermənistan bilir ki, erməni xalqı onların Azərbaycan Ordusuna və Ali Baş Komandanına yenilməsini bağışlamayacaq. Buna görə də özlərini belə ifşa edirdi. Dünya da baxsın ki, Bərdə Ermənistan üçün hansı təhlükə törədirdi ki, onlar belə bir addımda bulundu. Bu ləyaqətsiz və qeyri-insani hərəkətin cavabı məhz Ermənistanda olmalıdır.

- Hər dəfə humanitar atəşkəsdən sonra dinc şəhərlərimiz vurulur. Atəşkəs tələblərini birmənalı rədd etməyimizin vaxtı çatmadımı?

- Bağlı qapılar arxasında dövlət rəhbərləri ilə siyasi müharibəni döyüş meydanlarından da ağır bir səviyyədə aparan liderimizə edilən zənglərdə Ermənistanın məğlubiyyətinin həmin dairələr üçün nə qədər ağır olduğunun fərqində olduq. Azərbaycan xalqı bu bir ayda yeni bir millətə çevrildi, həm də dünya siyasətinin bütün incəliklərini dərk etdi. Uzun illər ərzində bu məkrli, həddindən artıq mürəkkəb olan, iqtisadi-siyasi çıxarlara bağlı olan dünya siyasəti Azərbaycan insanının gözündə rəzil edildi. Biz gördük ki, işğalın saxlanılmasında hansı qüvvələr Ermənistandan daha çox maraqlıdır. Sanki torpaqlarımızı bu savaşda ATƏT-in Minsk Qrupundan geri alırıq. Çünki Azərbaycanın güclənməsi onlara bölgəni istədikləri kimi idarə etmək imkan verməyəcək. Dünya bütün zəngləri Ermənistana yönəltməli idi. İqtisadi-siyasi sanksiyaları onlara yönəltməli idilər ki, qoşunlarınızı çəkin. İşğal olunan torpaqlarda daş-daş üstə qalmayıb, biz orada bir insan məskəni görsəydik, bəlkə bu gün daha fərqli arqumentlər seçərdik. Onlar həmin torpaqlara vətən kimi yanaşmayıblar, sümürüblər, yağmalayıblar. Atəşkəs bitib, Ermənistan Amerikanın sonuncu təşəbbüsünə meydan oxuyub, Azərbaycan da bu çağırışı qəbul edib. Ən yaxın saatlarda biz baş verənlərin cavabını görəcəyik.

- Digər rayonlarımız da atəşə tutulmaqda davam edir. Azərbaycan hava hücumundan müdafiə sistemini necə gücləndirməlidir?

- Hava hücumundan müdafiə sistemi Azərbaycanda ən mühüm hərbi, strateji, o cümlədən hərbi obyektlər üçün qurulub. O cümlədən mülki əhalinin təhlükəsizliyinin təminatı baxımından son illərdə xeyli işlər görülüb. Ancaq bir məsələni də açıq demək lazımdır ki, dünyada ən mükəmməl sistemlər belə eyni anda atılan onlarla raket zərbələrinə qarşı yüksək elektron modifikasiyaya malik deyillər, öz trayektoriyasını sürətli şəkildə dəyişən, daha çox hədəfləri seçmək imkanı olan silahlara qarşı bu cür müdafiə sistemləri tam zərərsizləşdirmək imkanlarını nümayiş etdirə bilmir. Biz elə etməliyik ki, Ermənistan bizə tərəf dönməyi belə ağlına gətirə bilməsin. Son 30 ildə Cənubi Qafqazda elə bir vəziyyət yaranıb ki, İsraildə olduğu kimi hər şəhərin özünü ayrıca təhlükəsizlik təminatı, smart müdafiə sistemləri olmalıdır. Azərbaycanda da müharibədən sonrakı dövrdə bu mühüm işlər görülməlidir. Əziz və doğma insanlarımızı itirmək bizi ağrıdır, ancaq ermənilərin itkiləri qat-qat artıqdır. 1989-cu ildə bu savaş başlayanda, biz 7 milyon idik, onlar isə 3,5 milyon. İndi onlar 3 milyona düşüblər, biz isə 10 milyonu ötmüşük. Müharibə, köçkünlük bizi azaltmadı, birin əvəzinə min doğuldu. Bu gün Bərdədə yol kənarında nəşi dayanan insanlarımızın hər birini ailəmizdən hiss edirik. Bu gün hədəfdən yayınmamalıyıq. O insanların bəlkə də övladları cəbhədə savaşdadır, onlar atəş açarkən necə də amansız olacaqlar. Zərrə qədər rəhm hissi belə ağır mənzərələrlə nəticələnir. Ona görə də Ermənistan şəhərlərində, o cümlədən Qarabağda özlərinə yuva qurmuş belə qüvvələrin başına daha ağır raketlər və bombalar yağdırılmalıdır. Müharibənin sərt qanunu bundan ibarətdir.

Geri qayıt