Əsas Səhifə > Partiya, Güney Press > "Bütün bunlar bizə əsas verir ki, Ermənistan rəhbərliyini beynəlxalq tribunala verək"

"Bütün bunlar bizə əsas verir ki, Ermənistan rəhbərliyini beynəlxalq tribunala verək"


7-11-2020, 09:10
"Bütün bunlar bizə əsas verir ki, Ermənistan rəhbərliyini beynəlxalq tribunala verək"
Kosovo prezidenti Haşim Taçi hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunur. “Yeni Müsavat” xəbər verir ki, Taçi faktı təsdiqləyib. Prezident deyib ki, ona qarşı irəli sürülən iddia səbəbindən vəzifəsindən istefa vədini yerinə yetirib.

Taçi 1998-99-cu illərdəki müharibə zamanı Serbiyanın təhlükəsizlik qüvvələrinə qarşı döyüşən etnik Alban partizan qrupu olan Kosovo Qurtuluş Ordusunun (UCK) komandiri olub. Xüsusi təyinatlı prokurorluq (SPO) Taçi və digər şübhəliləri 100 nəfərin qətlində əli olmaqla yanaşı, insanların itkin düşməsi, təqib olunması və işgəncə verilməsi kimi cinayət işlərində günahlandırıb. İddialara görə, cinayətlər yüzlərlə Kosovo albanı, serblər, qaraçılar və digər etnik azlıqlar, habelə siyasi opponentlərə qarşı törədilib. Taçi hərbi cinayətlərdə əli olduğunu rədd edib.

Müharibə cinayətlərinə görə çoxlu siyasətçi, hərbçi ittiham olunub. Bu, ilk belə fakt deyil. Məsələn, serb Ratko Mladiçi qeyd etmək olar. “Serb qəssabı” ləqəbli general insanlıq əleyhinə cinayət və soyqırımda təqsirləndirilən qərargah rəisi olub. Onun həbsi Serbiyanın Avropa İttifaqına üzv olması üçün əsas şərt kimi irəli sürülmüşdü.

Mladiçin yeri haqda məlumat verməyə görə 10 milyon avro mükafat vəd olunmuşdu. O, 2011-ci ildə Serbiya xüsusi dövlət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb, 2017-ci ildə Haaqa məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına məhkum olunub. Eyni sözləri Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviç haqda söyləmək olar. O, Yuqoslaviya dağılandan sonra müharibələrdə soyqırımı və insaniyyətə qarşı cinayətlərdə ittiham olunurdu.

Bu presedentləri əsas götürərək Azərbaycan tərəfi də müharibədən sonra Ermənistanın siyasi-hərbi cəlladlarını mühakimə edə bilər. İstər Köçəryan-Sərkisyan rejimi olsun, istərsə indiki Paşinyan hakimiyyəti, onların günahsız insanların qanına əli batıb. Düşmən ölkənin keçmiş rəhbərliyi Xocalı qətliamının müəllifləridir, hazırkı isə Gəncə, Bərdə terrorlarının memarları sayılırlar.

Odur ki, savaş qurtardıqdan sonra erməni canilərinin beynəlxalq tribunallarda mühakimə edilməsi heç də mümkünsüz iş deyil. Necə ki, ötən əsrdə yəhudilərə qarşı cinayət törətmiş alman faşistləri Nürnberq tribunalında, İkinci Dünya müharibəsindən sonra təqsirli sayılan yaponiyalılar Tokio tribunalında cəzalandırıldı, eləcə də Baş Prokurorluğun topladığı faktlar cinayətkar erməniləri məsuliyyətə cəlb etməyə imkan verəcək.

Bu gün Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayət əməlləri ilə yanaşı, yerli və xarici kütləvi informasiya vasitələrində yayılan məlumatlar, münaqişə ilə bağlı sosial şəbəkələrdə paylaşılan fikirlər də Baş Prokurorluq üçün lazımlı materiallardır. Bir sıra xarici KİV-lərdə Gəncəyə atılan raketlərin günahkarı kimi birbaşa Nikol Paşinyan təqsirləndirilib. Bəzi mənbələrdə isə bu əmri müdafiə nazirinin verdiyi iddia olunur. Məşhur erməni bloqer Tiqran Köçəryan da Gəncə hadisəsində məhz Paşinyanın günahkar olması ilə bağlı paylaşım edib. Həmçinin, ehtiyatda olan polkovnik İqor Korotçenko televiziyada çıxışı zamanı Gəncə hadisəsini hərbi cinayət adlandıraraq qeyd edib ki, raket zərbəsi üçün əmri ya Paşinyan, ya da Tonayan verə bilər. Öz növbəsində rusiyalı politoloq Yevgeni Mixaylov bildirib ki, törətdiyi cinayətlərə görə Nikol Paşinyanı Haaqa Tribunalına vermək lazımdır.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın həm keçmiş, həm indiki hərbi-siyasi rəhbərliyini beynəlxalq tribunala vermək üçün kifayət qədər əsaslar var. Onun sözlərinə görə, 90-cı illərdə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi çoxsaylı beynəlxalq xarakterli, insanlığa qarşı olan cinayətlər törədiblər: “İlk növbədə Xocalı soyqırımını qeyd etmək olar. Eyni zamanda, işğal edilmiş ərazilərimizdə etnik təmizləmə aparılıb, daha sonra təcavüzkar müharibə davam etdirilib, ərazilərimizdə qanunsuz məskunlaşdırma həyata keçirilib. Bütün bu cür cinayətlər Haaqa Məhkəməsi üçün material və əsas ola bilər”.

Hüquqşünas əlavə etdi ki, Ermənistanda iqtidarda olan indiki rəhbərlik də sabiq qüvvələrdən az cinayət törətməyib: “Gəncədə dinc insanların yatdığı yerdə raketlə vurulması, özü də bu terrorun iki dəfə baş verməsi, aralarında azyaşlı uşaqlar da olmaqla onlarla insanın qətlə yetirilməsi, günün günortaçağı Bərdənin mərkəzinə 6 kaset bomba atılması və qadağan edilmiş raketlərlə 20-dən çox mülki insanın, körpələrin öldürülməsi Paşinyan hakimiyyətinin hərbi cinayətləridir. Bundan əlavə, Tərtərdə mülki əhali arasında ölənlər var. Cəbhədən aralı olan Mingəçevir, Ağcabədi və başqa rayonlarımız atəşə tutulub. Faktiki sentyabrdan bu yana 92 nəfər dinc insan erməni terrorunun qurbanı olub. Bütün bunlar bizə əsas verir ki, Ermənistan rəhbərliyini beynəlxalq tribunala verək”.

Q.Əlibəyli bildirdi ki, burada hüquqi əngəl Azərbaycan və Ermənistanın Haaqa Məhkəməsinin nizamnaməsini bu günə kimi təsdiqləməməsidir. Partiya sədri hesab edir ki, bunun üçün BMT-nin Təhlükəsizlik Şurasına müraciət etmək hüququmuz var: “Azərbaycan Ermənistanın keçmiş və indiki hərbi-siyasi rəhbərliyinin törətdiyi cinayətlərlə bağlı sənədləri, sübutları BMT-nin Təhlükəsizlik Şurasına təqdim edə bilər. Həmin qurum isə Haaqa Məhkəməsinə yönləndirməli, işə baxılmalıdır”.

Geri qayıt