Əsas Səhifə > Partiya, Güney Press > “Bu təqdirəlayiq mövqeyə görə təşəkkür etmək olar”
“Bu təqdirəlayiq mövqeyə görə təşəkkür etmək olar”11-11-2020, 08:26 |
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 45 günlük Vətən müharibəsinin sonunda noyabrın 10-da gecə saatlarında xalqımıza etdiyi qələbə müraciətində öz siyasi rəqiblərini də unutmadı. Dövlət başçısı bu günlər ərzində hakimiyyətin yanında dayanan, milli həmrəylik nümayiş etdirən ölkə müxalifətinin bu mövqeyinin vacibliyindən söz açdı, pozitiv yöndə danışdı, rəqib düşərgəyə birlik mesajları da göndərdi. İ.Əliyevin qələbə nitqinin bu hissəsini təqdim edirik: “Mən bu gün bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır-dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. ”İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır" fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gücümüzü göstərmişik, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik. İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi-yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz. Fəxr edirik, xalqımızla ordumuzla". AĞ Partiya başqanı Tural Abbaslı iqtidar-müxalifət münasibətlərinin gələcəyindən ümidlidir: “Həqiqətən 45 günlük müharibə dönəmində Azərbaycan siyasi səhnəsi, elitası tam şəkildə vahid mövqedən çıxış etdi. Heç bir halda fərqli mövqe sərgilənmədi. Bir sözlə, vəziyyətdən sui-istifadə cəhdləri olmadı. Müxalifət birmənalı şəkildə Ordunun, iqtidarın və Ali Baş Komandanın yanında olduğunu sərgilədi. Hətta bəzi hallarda razı qalınmayan məqamlar olsa da, bu məsələ qabardılmadı. Vahid mövqedən çıxış edilməsi üçün müxalifət əlindən gələni etdi. Bu nüansın Prezident tərəfindən qeyd edilməsi önəmlidir. Düşünürəm ki, Vətən müharibəsi iqtidarla müxalifətin münasibətlərini yeni mərhələyə çıxardı. Müharibəyə qədər olan münasibətlər sistemi dəyişməli, daha sivil, daha demokratik çərçivələrə yönəlməli, iqtidar və müxalifət əl-ələ getməlidir. İndi bunun necə olacağını zaman göstərəcək. Bu bir çox hallarda münasibətlərin yenidən formalaşması iqtidardan və şəxsən Prezidentdən asılı olacaq. Ümid edirəm ki, yeni dönəm başlayacaq. Bu dönəmin daha gözəl, daha pozitiv olacağına inamım yüksəkdir. Nəhayət ki, Azərbaycan normal siyasi münasibətlər sisteminə qədəm qoyacaq. Düşmənçilikdən rəqabətə keçid dönəmi başlayacaq. Dövlət idarəçiliyində nəhayət müxalifət də protokola qəbul olunacaq”. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Prezidentin dediklərini son bir ildə başlayan proseslərin davamı kimi qəbul edir: “Hesab edirəm ki, son bir il ərzində Prezident Administrasiyasında dəyişikliklər baş verəndən, siyasi partiyalarla əlaqələr şöbəsi yaradılandan sonra Ədalət Vəliyevin təşəbbüsü ilə doğrudan da siyasi partiyalarla isti münasibətlər formalaşmağa başladı. Dövlət siyasi partiyalarla əməkdaşlıq etmək niyyətində olduğunu bəyan etdi və siyasi partiyaların da böyük hissəsi bunu qəbul etdi. İndi formalaşan milli həmrəyliyin əsası əslində o vaxtdan qoyulmuşdu. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə iqtidar-müxalifət söhbəti olmadığı kimi bundan sonra ölkəmizin gələcəyi ilə əlaqədar məsələlərdə nə qədər ki, bu problem həll olunmayıb, milli məsələlərdə bir dəyişiklik olmayacaq. Bundan sonra da siyasi partiyalar Prezidentin torpaqlarımızın işğaldan azad edilməsi planını dəstəkləyəcək. Məsələlərə bu yöndə yanaşmaq lazımdır. Əgər siyasi partiyalar Prezidenti, Ali Baş Komandanı bu məsələlərdə dəstəkləyirsə, onlara yönəlik bu cür münasibət sərgilənməsini təbii hesab edirəm. Bəli, İlham Əliyev cənabları çox düzgün vurğuladı, siyasi partiyaların mövqeyini çox düzgün qiymətləndirdi. Bu təqdirəlayiq mövqeyə görə təşəkkür etmək olar. Gələcəkdə azad edilmiş ərazilərimizin bərpası işləri başa çatandan, o cümlədən siyasi islahatlar prosesi sürətlə davam edəndən sonra münasibətlər daha da yaxşılaşacaq. Gələcəkdə cəmiyyətdə qarışıqlı anlaşma, bir-birinin mövqeyinə hörmətlə yanaşma münasibətləri formalaşacaq. Buna çox ümid edirəm. Bunun da Azərbaycan dövlətinin inkişafı üçün çox mühüm əhəmiyyəti olacaq”. VİP sədri Əli Əliyev: “Bu məsələni pozitiv hal kimi qəbul edirəm. Ümumiyyətlə, bu hal Azərbaycan siyasi praktikasının son illəri üçün xarakterik deyil. Bu bir yenilikdir. Ölkə müxalifəti bu proseslərin gedişində yetkinlik nümayiş etdirərək iqtidara, müharibə edən, cavabdehlik daşıyan tərəfə tam dəstək verdi. Ancaq mənə elə gəlir ki. bu dəstək və sayğı qarışıqlı olmalıdır. Məsələn, hesab edirəm ki, gecə imzalanan sənədi partiyalarla, sabahkı iqtidarla müzakirə etmək zərurəti var idi. Düşünürəm ki, Prezidentin ifadə etdiyi fikir Azərbaycan müxalifətinin əlli partiyasının göstərdiyi nümunəyə görə idi. Müxalifətin mövqeyi həm də cəmiyyətin bütövlüyünü ifadə etdi. Prezident bunu qeyd edərək, olan faktın altını cızdı. Sənədlə bağlı ümumi məsləhətləşmələrin aparılmasının ümumi işimizə ancaq xeyri olardı”. “Yeni Müsavat” Geri qayıt |