Əsas Səhifə > Partiya, Güney Press > “Prezident həmişə bu cür həbslərlə bağlı öz humanist mövqeyini göstərib”

“Prezident həmişə bu cür həbslərlə bağlı öz humanist mövqeyini göstərib”


18-11-2020, 09:09
“Prezident həmişə bu cür həbslərlə bağlı öz humanist mövqeyini göstərib”
“Milli Məclis” işinə görə həbs olunanların ev dustaqlığına buraxılması cəmiyyət tərəfindən müsbət qarşılanıb. 2020-ci il iyulun 15-də Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib. Yürüş zamanı bir qrup şəxs Milli Məclisin binasına daxil olaraq orada dağıntılar törədib. Baş verənlərlə bağlı 37 nəfər istintaqa cəlb edilmişdi. Verilən qərarla həmin şəxslər azad olunub.

Təqsirləndirilən şəxslərin arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 16 funksioneri, Müsəlman Birliyi Hərəkatından 2 nəfər, Azərbaycan Demokratiya və Rifah Hərəkatından (ADR) da 1 nəfər fəal var. Naxçıvan daxili işlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də ittiham olunanlardan biridir. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 186 (özgə əmlakına ziyan vurma), 233 (ictimai asayişin pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarsı zor tətbiq etmə) maddələri ilə ittihamlar irəli sürülüb. 33 nəfər cinayətin iştirakçısı, 4 nəfər isə təşkilatçısı kimi ittiham olunur. İttihama görə Milli Məclisdəki dağıntılar ümumilikdə 78 min 722 manat dəyərləndirilib.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, “Milli Məclis” işinə görə həbs edilənlərin azadlığa buraxılması iqtidardan milli həmrəyliyə yönəlik addımıdır: “Ev dustaqlığına buraxılanlardan 12-si AXCP üzvü (Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, İsmayıl Həsənov, Ayaz Məhərrəmov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Müşviq Quliyev), 2-si Müsəlman Birliyi Hərəkatının təmsilçisi (Tural Vəliyev, Kamil Mahmudov), 7-si bitərəfdir (Emin Hüseynzadə, Şəmsi Rəhimli, Vüsal Quliyev, Elçin Mehdiyev, Fariz Məmmədov, Ariz İbadətoğlu, Ceyhun Məmmədov). Cənab Prezident həmişə bu cür həbslərlə bağlı öz humanist mövqeyini göstərib. Bu dəfə də belə oldu. Azərbaycan xalqı Qarabağ uğrunda birləşməyi bacarır və bu həmrəylik hər bir işdə bu gün özünü biruzə verir. Həmin gün də xalq ordu ilə, Prezidentlə, dövlətlə bir yerdə olduğunu göstərmək üçün küçələrə çıxmışdı. Xalqın həmrəyliyini başqa istiqamətə yönəldən şəxslər xaric, kortəbii şəkildə, nə baş verdiyini dərk etmədən mənasız çağırışa dərhal reaksiya verərək Milli Məclisin binasına girən digər şəxslərə həbs cəzası verilməsinin tərəfdarı olmadıq. Ümid edirik ki, məhkəmə bunu nəzərə alacaq və bu şəxslər barəsində həbslə əlaqəli olmayan cəzalar veriləcək. Azərbaycan xalqının birliyi, həmrəyliyi Qarabağ savaşından bizi qalib çıxardı. Müharibə dönəmində demək olar ki, bütün siyasi partiyalar bəyanat imzaladı, həmçinin 500-dən çox qeyri-hökumət təşkilatı sadə vətəndaşlar Ali Baş Komandanın, Ordumuzun yanında olduğunu bildirdi. Bu gün Azərbaycanda xalqın birliyi formalaşıb. Bu birlik daimi və sarsılmaz olmalıdır”.

Hüquq müdafiəçisi cəmiyyətin böyük amnistiya gözləntisinin də doğrulacağına ümid etdiklərini bildirdi.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Milli Məclis” işinə görə həbs olunanların ev dustaqlığına buraxılmasını təqdir etdiyini açıqladı: “Milli həmrəyliyimizin ciddi yer aldığı indki zaman kəsiyində həmin şəxslərin ev dustaqlığına buraxılmasını alqışlayırıq. Bu addım milli həmrəyliyə xidmət edən addımlardan biridir. Bununla bərabər, hər kəsə, ev dustaqlığına buraxılan vətəndaşlarımıza da tövsiyə edərdim ki, işlərini qanun çərçivəsində qursunlar. Səylərini Azərbaycan dövlətinin zəifləməsinə deyil, güclənməsinə sərf etsinlər. Ermənistan silahlı qüvvələri, erməni vandalları üzərində qələbəmiz də göstərdi ki, Azərbaycan cəmiyyəti bir olanda, həmrəy olanda qarşısında hər hansı bir işğalçı duruş gətirə bilməz. Hər bir cəmiyyətdə fərqli fikir, siyasi baxışlarda fərqli yanaşmalar olmalıdır. İqtidarın fəaliyyətindən narazı qalmaq da olar, bir vətəndaş kimi iqtidarla razılaşmamaq da olar. Amma bu seçimlər, bu fərqlər dövlətçiliyimizə xələl gətirməli deyil”.

Partiya sədri deyib ki, ölkə Prezidenti hər zaman humanizm prinsiplərinə əsaslanan qərarlar verib: “Ümid edirik ki, cəmiyyətdə olan amnistiya gözləntiləri də ilin sonuna doğrular. Bu da mümkündür. Çünki bu cür addımlar ölkə Prezidentinin fəaliyyətində aparıcı xətlərdən biridir. İndiki zaman kəsiyində tamamilə gözləniləndir. Eyni zamanda iqtidardan milli həmrəyliyə verilmiş olan töhfə kimi qəbul oluna, dəyərləndirilə bilər”.
“Yeni Müsavat”

Geri qayıt