Əsas Səhifə > Partiya, Güney Press > "Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər"

"Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər"


22-12-2020, 09:36
"Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər"
“İşğaldan azad olunan rayonların iqtisadi və sosial inkişafı üzrə konsepsiyanın hazırlanması başa çatmaqdadır. Sənədin yaxın zamanlarda ictimaiyyətə təqdim olunması gözlənilir”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. Deputat bildirib ki, konsepsiyada həmin ərazilərin inkişafı üçün təşviqedici tədbirlərin nəzərdə tutulacağı gözlənilir:

“Bütövlükdə, işğaldan azad olunan rayonların inkişafı üçün həm o ərazilərdə məskunlaşacaq sakinlərimiz, həm də sahibkarlar üçün xüsusi güzəştlərin nəzərdə tutulmasına ehtiyac var”.

Millət vəkili hesab edir ki, sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi və eləcə aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi məqsədəuyğundur:

“Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığın əsas çətinliklərdən biri olduğunu nəzərə alsaq yeni girov mexanizmi ilə aşağı faizli kredit təklifinin artırılmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki, sərt girov şərtləri səbəbindən kommersiya banklarının kreditlərinin 80 faizi Bakı şəhərinin payına düşür. Bankların hər 100 manat kreditinin cəmi 20 manatı rayonlara yönəlir. İqtisadiyyat Nazirliyinin elektron kredit portalı ilə alınan məhsulun özünün girov olması vasitəsi ilə kredit təklifi mexanizminin tətbiqini nəzərə alsaq oxşar modelin istifadəsi arzuolunan olardı”.

Vüqar Bayramovun qənaətincə, yeni yaradılacaq iş yerlərində yerli sakinlər üçün kvotaların müəyyənləşdirilməsi, özünü məşğulluq proqramının genişləndirilməsi kimi tədbirlərin də nəzərə alınması məskunlaşmadan sonra o bölgələrdə yaşayacaq vətəndaşlar üçün yeni imkanlar yarada bilər:

“Bütövlükdə, Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur. Bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda özəl mənbələr hesabına işğaldan azad olunan torpaqların böyük iqtisadi potensialının reallaşacağı gözlənilir”.

Geri qayıt