Əsas Səhifə > Partiya, Güney Press > "Bunun üçün təzədən Sülh Platforması”nı bərpa etməyə ehtiyac görmürəm"

"Bunun üçün təzədən Sülh Platforması”nı bərpa etməyə ehtiyac görmürəm"


29-12-2020, 09:38
"Bunun üçün təzədən Sülh Platforması”nı bərpa etməyə ehtiyac görmürəm"
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasa, Qarabağda xoşagəlməz proseslər hələ bir müddət də davam edə bilər.

Bir sıra ekspertlər hesab edir ki, iki ölkə arasında sülh sazişinə ehtiyac var və yalnız bu yolla münaqişənin hazırkı etapını keçmək mümkündür.

Bu anlaşma həm uzunmüddətli sabitliyə xidmət edə bilər, həm düşmən ölkənin özü üçün iqtisadi nəfəslik olar.

Hazırda ermənilərin Dağlıq Qarabağda qalan silahlı birləşmələri bütün prosesi pozmağa, 10 noyabr sənədini korlamağa cəhd edirlər.

Onların atəşkəsə riayət etməməsi, təxribatlara əl atması məhz sülh sazişini qüvvədən salmağa hesablanıb. Lakin ortada Rusiya prezidenti Vladimir Putinin imzasının olmasından söhbət gedir. Bu, o qədər asan deyil.

Amma 10 noyabr bəyanatından əlavə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi son dərəcə vacibdir.

Bir sıra ekspertlər də sülh sazişini müzakirəyə çıxarıb. Həmçinin xatırladılır ki, 2016-cı ildə “Sülh Platforması” varıydı.

2016-cı ilin dekabrında yaradılan “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmişdi. Onun yenidən işə düşməsi gündəmə gələ bilər.

Hətta 2017-ci ildə “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın I Qurultayı keçirilmişdi. 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilmişdi. Lakin bu layihə sona qədər alınmadı.

Sülh Platforması adı altında keçirilən görüşlərin, digər adlar altında, oxşar formatlarda keçirilməsinin şahidi olmuşuq ki, yekunda sonda bu cür görüşlər, hər zaman olduğu kimi nəticə əldə etmədən sona yetib.

Azərbaycan həmişə sülh təşəbbüsləri ilə çıxış edir. Azərbaycan-Ermənistan Sülh Platforması da buna əsaslanmalıdır.

Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olan bu platformanın işi xalqlar arasında sülhü təmin etmək, etimad mühitini formalaşdırmaqdan ibarət olmalıdır.

Xüsusən Qarabağdakı silahlı quldur dəstələrinin pozuculuq fəaliyyətinin qarşısının alınması, üçtərəfli bəyanatın davamı olaraq bölgədə sülhün təmin olunması üçün bu cür görüşlər ola bilər.

O dövrdə “Sülh Platforması”nın İdarə Heyətinin üzvü olmuş hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, bu gün həmin platformanın fəaliyyətinin bərpasına kifayət qədər ehtiyac var.

N.Cəfəroğlu hesab edir ki, ümumiyyətlə, sülh platformasının həmişə olması vacibdir: “Çünki istər-istəməz ermənilərlə yanaşı yaşayırıq. Bu, xoşumuza gəlməsə də belədir. Nə onlar harasa köçəcək, nə də biz...

Eyni zamanda “Sülh Platforması” ona görə əhəmiyyətlidir ki, bütün millətlərə “hamısı pisdir” demək olmaz.

Məsələn, nə qədər erməni bizə məktub yazmışdı, bizimlə danışmışdı, hətta bizi Şuşanın qayıtmasına görə təbrik edənlər olmuşdu.

O baxımdan mənə elə gəlir ki, “Sülh Platforması” təkcə ermənilərlə münasibətlərə görə deyil, bütün qonşu dövlətlərlə normal əlaqələr qurmaq nöqteyi-nəzərdən mühümdür.

Bunu erməni-azərbaycanlı platforması yox, bütün xalqlarla sülh içində yaşamaq platforması adlandırmaq olar".

Hüquq müdafiəçisinin sözlərinə görə, həmin platformanın yenidən işlənib hazırlanmasına, cəmiyyətə təqdim olunmasına ehtiyac var:

“Cənab Prezident İlham Əliyev bildirib ki, Xankəndində və digər ərazilərimizdə qalan ermənilər Azərbaycan vətəndaşlarıdır. O halda ”Sülh Platforması" çərçivəsində yanaşı yaşamağı öyrətməliyik.

Nəzərə almaq lazımdır ki, dünya bizə baxır, bizdən danışır, birgəyaşayışın necə olduğunu nümayiş etdirməliyik.

Mən hesab etmirəm ki, erməniləri qucaqlayaq, keçmişdə olanları unudaq, bu, mümkün deyil.

Bu müharibədə də 2800-dən artıq şəhidimiz oldu. Amma qarşı tərəfin itkisi qat-qat daha çoxdur. Müharibə bitib. Yanaşı yaşamağı qəbul etməliyik.

Biz bölgədə sülhün təmin olunması, regionda uzunmüddətli sabitlik üçün ruslar, farslar, gürcülərlə də dostluq etməliyik, amma dostumuzu və düşmənimizi yaxşı tanımalıyıq".

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə “Yeni Müsavat”a açıqlamasında bu ideyanı dəstəkləmədi. Onun fikrincə, həmin dövrdə də “Sülh Platforması” Azərbaycanın maraqlarına uyğun gəlmirdi.

“Bu layihə guya xalqları bir-birinə yaxınlaşdıracaqdı, müharibə yekunlaşacaqdı. Bu proses alınmadı. Kökündən yanlış yanaşma idi.

Sadəcə, Qərb ölkələri bizi barışdırmağa çalışırdı. İndi “Sülh Platforması”nın yenidən dirçəldilməsinə zərurət görmürəm".

Partiya sədri hesab edir ki, Azərbaycan Ordusu ərazilərin böyük hissəsini azad edib, burada qalan ermənilər istəyirsə vətəndaşımız kimi yaşasınlar: “Onların təhlükəsizliyi tərəfimizdən təmin olunub. Bunun üçün təzədən Sülh Platforması”nı bərpa etməyə ehtiyac görmürəm".

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, əgər Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin qurulmasının vacibliyindən danışırsa, o halda yeni bir sülh danışıqları gündəmə gələ bilər.

Onun fikrincə, Paşinyan hakimiyyəti gələcəyə baxmağın tərəfdarıdır: “O, dəfələrlə erməni ictimaiyyətinə səslənib ki, müharibəni unudun, nəticələrini yaddan çıxarın, sabaha baxmaq lazımdır.

Hələ ki mötədil mövqedən çıxış edir. Bu baxımdan hər iki tərəfin ziyalılarından, tanınmış siyasi xadimlərindən təşəkkül tapan bir platformanın təsis olunması ideyası meydana gələ bilər.

Bu görüşlər xalqlar arasındakı nifrətin azalmasına, yanaşı yaşamağa öyrəşməyə xidmət edə bilər. Azərbaycan onsuz da işğala son qoyub, torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbə vurub, erməni ordusu çətin ki, özünə gələ bilsin, onlar da regionda sülh içində yaşamalı olduqlarını yaxşı anlayırlar.

Bu platforma bir günün işi deyil, əleyhinə çıxanlar da olacaq. Amma prosesi davam etdirmək lazımdır. Alternativ yoxdur, əks halda, erməni daşnakları vaxtaşırı pozuculuq hərəkətlərinə yol verəcəklər.

Onlar Ermənistan iqtidarına da tabe olmayan qüvvələrdir və bütün prosesi korlamaqla məşğuldurlar".

Geri qayıt