Əsas Səhifə > Partiya, Güney Press > “Görünür, erməni problemi hələ davam edəcək”

“Görünür, erməni problemi hələ davam edəcək”


5-01-2021, 08:10
“Görünür, erməni problemi hələ davam edəcək”
“Bəzən Co Baydenin ABŞ Prezidenti seçilməsi dünyada hər şeyin yenidən başlayacağı kimi qiymətləndirilir. Ancaq nəzərə almaq lazımdır ki, hazırda dünyada baş verənlər yaranmaqda olan yeni dünya nizamı ilə daha çox əlaqədardır və bu, beynəlxalq münasibətlərin çoxsaylı iştirakçılarının davranışları ilə bağlıdır. Ona görə də rasional baxsaq, görəcəyik ki, ABŞ da supergüclərdən biri kimi bu prosesin içtirakçılarından biridir”.

Bunu AYNA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib. “Ancaq şübhəsiz ki, daha çox təsir imkanlarına sahib olan iştirakçılardandır. Çünki hazırda 2001-ci ildən 2011-ci ilə qədər davam edən monopolyar dünya nizamı artıq ciddi şəkildə dəyişib. ABŞ 2001-ci il 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyası adı altında monopolyar, yəni təkqütblü bir dünya nizamı yaratmağa çalışdı və 2011-ci ildən sonra Yaxın Şərqdə baş verənlər göstərdi ki, bu, o qədər də asan məsələ deyil”, - o bildirib.

Babaoğlunun fikrincə, Co Bayden bütün bu proseslərin bu və ya digər səviyyədə iştirakçısı olmaqla, ABŞ-ın yaratdığı köhnə siyasi mirasdan gəlir: “Yəni, Bayden dövrü yeni-köhnə, yaxud yenilənmiş köhnə olacaq. Hazırda onun siyasi komandasının daxili aktorlarının kimlərdən ibarət olması da bunu təsdiq edir. Azərbaycan və Türkiyə məsələsinə gəldikdə isə, bu iki müttəfiq dövlətin gücü və beynəlxalq münasibətlərdə oynadığı rol artıq əvvəlki vaxtlardan kordinal şəkildə fərqlənir və bu yeni reallığı hamı nəzərə almalı olacaq”.

“ABŞ-ın yeni Prezidentinin Qarabağ və erməni məsləsi ilə bağlı mövqeyi hələ onun senator olduğu dövrlərdən çox aydındır və mən bu məsələyə toxunmaq istəmirəm. Çünki artıq Qarabağ problemi yoxdur. Ancaq erməni problemi var və bu, görünür, hələ davam edəcək. Bu da onunla əlaqədardır ki, ermənilər, əslində isə haylar Qafqaza gəlmə olduqları üçün özlərini yerli etnolandşaftın bir parçası kimi hiss edə bilmirlər. Ona görə də daim problemlər yaradır, sonra da kənar qüvvələri bura dəvət etməklə onu həll etməyə çalışırlar. Məhz bu səbədən regional əməkdaşlıq və inteqrasiya son 200 ildə həmişə natamam qalır”, - deputat vurğulayıb.

Müsahibimiz hesab edir ki, 2009-cu ildə ABŞ-ın və Avropa İttifaqının (Aİ) təşəbbüsü və təşviqi ilə Sürixdə imzalanan protokolların bir nəticə verməməsi də bununla əlaqədardır: “2008-2009-cu illərdə, hətta “futbol diplomatiyası” kimi xatırladığımız bir diplomatik fəndə də əl atdılar. O zamankı Türkiyə və Ermənistan prezidentləri Abdullah Gül və Serj Sarkisyan qarşılıqlı olaraq hər iki ölkədə futbol matçı izlədilər, ancaq bunun da bir xeyri olmadı. İndi hər nə qədər regionumuzda tərəfdaşlıq üçün yeni imkanların yarandığını desək də, Ermənistanın aqressiv davranışları ucbatından bunun baş tutması mümkün olmaya da bilər. Çünki Ermənistan ilk növbədə tərəfdaş olacağı ölkələrə qarşı süni iddialardan əl çəkməli, birgəyaşayış və əməkdaşlığa hazır olduğunu nümayiş etdirməlidir”.

“Yəni, ilk növbədə bundan sonrakı mərhələdə Azərbaycanda yaşayan erməni icmasına hər hansı statusun verilməsi fikrindən birdəfəlik və həmişəlik əl çəkməlidir. Halbuki ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə Ermənistanın Baş naziri bu məsələni yenidən qaldırdı. Baxmayaraq ki, o, üçtərəfli bəyanatda öz imzasıyla təsdiq etmişdi ki, heç bir statusdan söhbət gedə bilməz. İkincisi, 30 il ərzində işğal altında saxladığı torpaqlara və vurduğu ziyana görə təzminat ödəməlidir. Azərbaycana qarşı hərbi cinayət törətmiş cinayətkar ünsürlərin cəzalandırılması istiqamətində bizimlə əməkdaşlıq öhdəliyi götürməlidir. Xocalı soyqırımını tanımalı və buna görə rəsmi üzr istəməlidir. Eyni zamanda, imzalanacaq mümkün sülh sənədində Azərbaycana qarşı heç vaxt ərazi iddiasında olmayacağını təsdiq etməlidir”, - deyə Milli Məclis üzvü söyləyib.

O, digər bir məsələnin qardaş Türkiyə ilə bağlı olduğunu qeyd edib: “Ermənistan 1921-ci ildə imzalanmış Qars müqaviləsini tanımalı, 1915-ci il hadisələri ilə bağlı yalançı “soyqırımı” iddiasından əl çəkməli, konstitusiyasından Türkiyəyə qarşı ərazi iddialarını götürməli, gerbindən qardaş Türkiyənin suveren sərhədləri içərisində yer alan Ağrı dağının rəsmini çıxarmalıdır. Bunlar yalnız normal əməkdaşlığı təmin edəcək şərtlərin bir hissəsidir. Ermənistan adı ərmən-qıpçaq türklərinin tarixən yaşadığı və bizim əcdadlarımız olan türk etnik qrupların aborigeni olduğu və öz adını verdiyi etnocoğrafiyanın adıdır. Bütün tarixi mənbələrdə bu ərazi Ərməniyyə kimi qeyd edilir və hamı elə bilir ki, söhbət indiki ermənilərdən gedir. Bu isə tarixi yaddaşda dolaşıqlıq və ziddiyət yaradır. Üstəlik, ərmən-qıpçaqların, yəni Qafqaz albanlarının bir qismi xristian türklər olduğu üçün bu cür davranış bizim milli-tarixi mirasımıza da ermənilərin sahib çıxmasına səbəb verir. Bütün bu dolaşıqlıqlar vaxtilə haylar Qafqaza köçürülən zaman Çar Rusiyası tərəfindən xüsusi hesablanaraq planlaşdırılmışdı. Ona görə də 200 ildir biz əcdadımızın yaratdığı xristian mirasımıza sahib çıxa bilmirik”.

“Halbuki, həmin dövrün ibadət dili türkcədir. Məhz bu səbəbdən də ermənilərə ötən əsrin 20-ci illərində dövlət qurularkən, onun adı gah Ararat Respublikası, gah digər başqa adla adlandırıldı. Sonradan onlara xatırladıldı ki, siz türk-ərmən coğrafiyasında məskunlaşdırılıbsınız və sizin dövlətin adı Ərməniyyə, yəni Armeniya olmalıdır ki, bu torpaqların qədim sakinləri olduğunuzu sübut etmək mümkün olsun. Ona görə də hazrda bütün dünya bu qondarma ölkəyə Armeniya, yəni Ərməniyyə, biz isə həmin məzmunu ifadə edən Ərmənistan deyirik. Ancaq ermənilər öz ölkələrinə öz dillərində Hayastan deyirlər və bu, çox doğrudur. Çünki erməni adı onlara aid olmadığı üçün onu mənimsəyə bilmirlər. Elə dillərinə də hay dili deyirlər. Haylarla bağlı isə son 200 ilədək Qafqazda heç bir izə rastlanmır. Ona görə də ermənilər bizim tarixi torpaqlarımızda qurulub onlara verilən dövlətin adını dəyişib Hayastan qoymalıdırlar ki, bu tarixi-siyasi və mənəvi ziddiyyət aradan qalxsın. Bax, ona görə də məsələ bir xeyli mürəkkəbdir və biz heç yerə tələsmirik. Tarixi zəfər əldə etmişik, ərazi bütövlüyümüz bərpa olunub və haylar nə vaxt mövcud reallığı düzgün qiymətləndirib rasional düşünməyi bacaracaqlarsa, yalnız o vaxt hərtərəfli əməkdaşlıq mümkün olacaq”, - deyə Babaoğlu fikrini yekunlaşdırıb.


Geri qayıt