Əsas Səhifə > Partiya, Güney Press > “Rusiya Dağlıq Qarabağ üzərindən Azərbaycanla alverə çalışır”
“Rusiya Dağlıq Qarabağ üzərindən Azərbaycanla alverə çalışır”6-01-2021, 10:58 |
44 günlük Vətən müharibəsindəki böyük zəfər Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələndi. Azərbaycanın hərbi gücü Ermənistanı 10 noyabr kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bununla da müharibənin aktiv hərbi fazası bitdi və artıq mübarizə diplomatik səviyyədə gedir. 10 noyabr razılaşması ilə Rusiya sülhməramlıları da Dağlıq Qarabağa gəldi. İlk günlərdə sülhməramlılarla bağlı problemlər görünməsə də, onların sonrakı fəaliyyəti cidd narazılıqlara səbəb oldu. Rusiya sülhməramlılarının bəyanatın maddələrindən kənar fəaliyyəti, ajiotaj yaratmaq cəhdləri, səlahiyyətlərində olmayan sahələrdə aktivlik göstərmələri haqlı suallar doğurur. Bu və digər məsələlərlə bağlı Cebhe.info-nun suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb. “Rusiya məcburdur ki...” -Sərdar bəy, Rusiya sülhməramlılarının narazılıq yaradan fəaliyyəti nə ilə bağlıdır? -Rusiyanın məqsədi Dağlıq Qarabağ ərazilərini Azərbaycandan qoparıb ya öz nəzarətində saxlamaq, ya da Ermənistana verməkdir. Ona görə də Rusiya məcburdur ki, 10 noyabr razılaşmasından kənara çıxsın. “Bizimlə alver etməyə çalışacaqlar” -Rusiyanın Dağlıq Qarabağdakı maraqları nədən ibarətdir? Niyə bölgədə ajiotaj yaratmağa çalışırlar? -Rusiya 10 noyabr bəyanatına görə Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olması ilə razılaşmalıdır. Əgər razılaşmırsa, bu oyunu oynamalıdırlar. Bu oyunu oynamaqda isə iki məqsəd var. İmkan tapsalar, bu məsələni ermənilərin xeyrinə həll edərlər. Əslində burada Ermənistan nisbi məsələdir, çünki ora da Rusiyanın ərazisidir və Rusiya bununla öz ərazisini genişləndirmək istəyir. Yox, əgər buna imkan olmasa, Dağlıq Qarabağ üzərindən Azərbaycanla alver etməyə çalışacaq. Rusiyanın məqsədi bundan ibarətdir. “Bu məsələnin yeganə həll yolu...” -Rusiya Xankəndidə məktəbləri bərpa edir, tibbi xidmət göstərir, uşaqlara təlim keçir, ermənilərin kütləvi şəkildə Dağlıq Qarabağa köçürülməsini təşkil edir. Amma 10 noyabr razılaşmasında bunların heç biri Rusiyanın kompetensiyasına daxil deyil. -Burada Rusiya açıq şəkildə həm bəyanatı, həm də beynəlxalq hüquqla təsbit olunan dövlətlərin suveren bərabərlik hüququnu pozur və ölkələrin daxili işlərinə qarışır. Bu məsələnin yeganə həll yolu Rusiyanı ərazidən çıxarmaqdır. Azərbaycan tərəfi Rusiyanın həmin bəyanata əməl etmədiyinə görə sülhməramlıların Dağlıq Qarabağdan çıxması məsələsini qaldırmalıdır. Bunun başqa yolu yoxdur. Əslində burada söhbət məktəb tikməkdən getmir, Rusiya orada erməni silahlı qüvvələri yaradır. Dağlıq Qarabağı hərbiləşdirir, müasir silahlarla silahlandırır və Azərbaycana qarşı növbəti müharibəyə hazırlayır. “Ermənilər Rusiyanı fakt qarşısında qoyub” -Rusiya niyə ermənilərin Xankəndinə köçürülməsində bu qədər aktivlik göstərir? -Xankəndidə indi 30-40 min erməni var, onları da ora gətiriblər. Sadəcə, ermənilər orada olmasa, Rusiyanın Dağlıq Qarabağda qalmasının heç bir mənası olmayacaq. Yəni ermənilərin Dağlıq Qarabağa köçürülməsi Rusiyanın orada qalması üçün bir bəhanədir. Ermənilər də bunu başa düşdükləri üçün deyirlər ki, əgər Dağlıq Qarabağı Ermənistana verməsələr, biz də buradan çıxacağıq. Rusiya da burada fakt qarşısında qalacaq və mümkün qədər Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışacaq. Əks halda məcburdurlar ki, erməniləri Dağlıq Qarabağda zorla saxlasınlar. Çünki Rusiyanın burada qalması üçün başqa əsası yoxdur. Yəni vəziyyət bu qədər ciddidir. “2021-ci ildə gərginlik arta bilər” -Sərdar bəy, bu vəziyyətdə Azərbaycan tərəfi hansı addımları atmalıdır? -Azərbaycan tərəfi çox ciddi şəkildə Türkiyə ilə birlikdə addım atmalıdır. Biz müxalifət olaraq Rusiyanın burdakı qüvvələrini işğalçı kimi tanıyırıq. Çünki beynəlxalq hüquqa görə işğalçı tərəfin hüquqlarını müdafiə etmək məqsədi ilə üçüncü bir dövlətin ərazisinə keçən dövlət də işğalçı qüvvə kimi tanınır. Ruslar da bura gəlib işğalçı Ermənistanın hüquqlarını müdafiə etdiyi üçün beynəlxalq hüquqa görə işğalçıdır. Azərbaycan da işğalçı qüvvələrin ölkədən çıxmasını tələb etməlidir. Təbii ki, burada Rusiyanı dəstəkləyən, onların marağını müdafiə edən, casus şəbəkəsinə cəlb olunan qüvvələr var. Onlar parlamentdə, digər dövlət strukturlarında təmsil olunurlar. Bunlar da daxildən Azərbaycanı zəiflətməyə, xalqın müqavimətini qırmağa xidmət edirlər. Yeganə düzgün yol Türkiyə ilə konstruktiv əlaqələr yaradıb bu problemin həllinə nail olmaqdır. Bunun başqa yolu yoxdur. Azərbaycan bundan sonrakı mərhələdə öz gücü ilə bu problemi həll edə bilməyəcək. Bundan əvvəlki mərhələdə Türkiyənin bilavasitə iştirakına ehtiyac yox idi. Çünki Ermənistan tərəfində Rusiya durmurdu. Amma indi Dağlıq Qarabağda Rusiya ilə Ermənistan birlikdədir. Ona görə də Azərbaycan bu mübarizə təklənsə, Dağlıq Qarabağı itirəcəyik. Düşünürəm ki, Azərbaycan hökuməti təcili olaraq Türkiyə və Pakistanı öz yanına alıb bu məsələni həll etməlidir. Artıq dünya ekspertləri də 2021-ci ildə Dağlıq Qarabağda gərginliyin artacağını proqnozlaşdırırlar. Geri qayıt |