Əsas Səhifə > Partiya, Güney Press > "Burada xətalar, nöqsanlar, təxribatların da olması mümkündür"

"Burada xətalar, nöqsanlar, təxribatların da olması mümkündür"


14-01-2021, 08:55
"Burada  xətalar, nöqsanlar, təxribatların da olması mümkündür"
“Keçmiş Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son proseslər, Rusiyanın təşəbbüsü ilə keçirilmiş son Moskva görüşü 10 Noyabr üçtərəfli bəyanatıyla bağlı razılaşmaların gerçəkləşməsinə yeni impuls verdi. Bu razılaşma və görüşlər Cənubi Qafqazda regional münasibətlərin keyfiyyətcə yeni bir mərhələsinin əsasını qoymaqdadır. Bütün bunlar regionda qlobal miqyasda da çox əhəmiyyətli olacaq siyasi, iqtisadi, loqistik və s. əlaqələrin qurulacağını düşünməyə əsas verir. Ayrıca bu, Azərbaycan-Rusiya münasibətlərinin müasir geostrateji tələblərə uyğun tamamilə yeni bir fazada inkişafını təmin edir”.

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Ordumuzun 44 günlük müzəffər savaşından sonra keçmiş dövrdəki siyasi prosesləri, o cümlədən 11 yanvar üçtərəfli Moskva görüşünün nəticələrini dəyərləndirən Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov ifadə edib.

“Ötən vaxtda Rusiyanın sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyətinə, o cümlədən onların Azərbaycan xalqını narazı salan bəzi davranışlarına, məsələn, Xankəndindəki separatçı kriminal xuntanın tör-töküntüləri ilə görüşlərinə, erməni silahlılarının Azərbaycan torpaqlarından tam şəkildə çıxarılmasını təmin etməmələrinə və s. Sizin münasibətiniz necədir?” sualını isə eks-prezident belə cavablandırıb.

“Gəlin bir az qlobal düşünək. Məsələ ondadır ki, bu günə qədər heç kəs: nə Minsk qrupu, nə də digər qurum və dövlətlər Qarabağ münaqişəsinin tezliklə həllinə, regional münasibətlərin stabilləşməsinə bu dərəcədə təkan verən bir bəyanat imzalamaq, çox ciddi və məsul vəzifələrin həlli üçün razılığa gəlmək məsuliyyətini üzərinə götürməyə cəsarət etməmişdi. 30 il hamı nəyisə gözləyirdi... Nəhayət, Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızın xeyli hissəsinin, xüsusən də Şuşanın Ermənistanın işğalından azad olunmasıyla nəticələnən müzəffər savaşından sonra Rusiyanın bilavasitə vasitəçiliyi ilə imzalanan məlum üçtərəfli 10 Noyabr bəyanat-razılaşması qarşımızda yepyeni bir siyasi-iqtisadi mənzərə açdı. Bütün bunlar şəxsən məndə Qarabağ düyününün bu işə cəlb olunmuş tərəflərin, xüsusən də Rusiyanın və Türkiyənin iştirakıyla tezliklə tamamilə açılaraq regiondakı ölkə və xalqlar üçün yeni üfiqlərin açılmasına gətirib çıxaracağına böyük ümid yaradır...

30 ildən çox qalaqlanmış problemlərin həllinə yönəlmiş bu nəhəng proses boyu baş verən bəzi xəta və yanlışlıqlar səbəbindən dərhal bədbinliyə qapılaraq etirazlara başlamaq praqmatik davranış deyil. Hər hansı arzu və xəyal olunan gözləntilərdən öncə reallıqla hesablaşmaq lazımdır. Reallıq isə ondan ibarətdir ki, Rusiya sülhməramlılarının daxil olduğu Azərbaycan ərazisində on illərlə beyinlərinə “buranın Ermənistan torpağı olması” kimi yanlış düşüncə yeridilmiş adamlar da məskunlaşıb. Və belə bir şəraitdə tərəflər 10 Noyabr bəyanatının maddələrindən irəli gələn vəzifələri yerinə yetirməlidir. Tərəflərdən hər hansı biri məsələləri yalnız özünün bildiyi, istədiyi formada həll edə bilməz. Burada xətalar, nöqsanlar, təxribatların da olması mümkündür. Odur ki, hər şeyi dərhal şişirdib siyasiləşdirmək olmaz. Sadəcə, səbirli və təmkinli olaraq tədricən, addımbaaddım irəli getmək gərəkdir...
Əlbəttə, hər tərəfdən narazılar meydana çıxa bilər. Belələrindən soruşmaq lazımdır ki, bəs siz hansı həll yolunu təklif edirsiz, siz bu günədək məsələnin həlli üçün hansı optimal addım atmısız...

Etiraf və qəbul etmək lazımdır ki, Azərbaycan rəhbərliyi, Azərbaycan ordusu 30 il ərzində görülməmiş nəhəng işlərin böyük bir hissəsini qısa müddətdə və çox çevik bir şəkildə həll edib. Odur ki, öncə görülmüş və bundan sonra görüləcək nəhəng işlər fonunda sülhməramlıların da hansısa xəta və yanlışlıqları xırda məsələlərdir... Zaman hər şeyi öz yerinə qoyacaq...

Mən şəxsən görülən işlərə optimist yanaşmışam və indi de belə yanaşıram. Və əminəm ki, regionda münasibətlərin hərtərəfli inkişafına yönəlmiş bu yolun alternativi yoxdur...”- deyə sabiq dövlət başçısı fikrin tamamlayıb.

Geri qayıt