Əsas Səhifə > Partiya, Güney Press > Altay Göyüşov keçmiş silahdaşlarını hədəfə aldı

Altay Göyüşov keçmiş silahdaşlarını hədəfə aldı


28-01-2021, 08:35
Altay Göyüşov keçmiş silahdaşlarını hədəfə aldı
Son günlərdə sosial şəbəkələrdə REAL Partiyasından parlamentdə təmsil olunan Erkin Qədirliyə ciddi hücumlar edilir. Buna səbəb onun hazırda iştirak etdiyi Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında həmkarları ilə foto çəkdirməsidir.

Keçmiş silahdaşı Altay Göyüşovun bu barədə facebookda paylaşdığı status daha çox diqqətləri cəlb edib. O deyib ki, bir vaxtlar REAL sədri İlqar Məmmədov həbsdə olanda onu cinayətkar adlandıran, AŞ PA-da əleyhinə fəaliyyət göstərən azərbaycanlı deputatlarla indi Erkin Qədirli şəkil çəkdirir. Bundan əlavə, o, statusunun altındakı rəylərinin birində REAL-ın digər təmsilçisi Zöhrab İsmayılın da bostanına daş atıb. Onun rəyi belədir: “Yeri gəlmişkən, REAL-çı Zöhrab İsmayılın da o sessiyada işi ancaq deputat Fazil Qəzənfəroğlunun yanında sülənmək idi”.

REAL-ın icra katibi Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında A.Göyüşovun statusuna bu cür münasibət bildirdi: “Biz yarandığımız gündən, elə Altay Göyüşovun REAL-da təmsil olunduğu zamanlarda demişik ki, iqtidarla müxalifət arasında düşmənçilik olmur, rəqabət olur. İlk dəfədir ki, Azərbaycanda müxalifət partiyasının - REAL-ın nümayəndəsi rəsmi şəkildə Avropa Şurasında iştirak edir, qeydiyyatdan keçir. Avropa Şurasının saytında müxalif REAL Partiyasının üzvü kimi Erkin Qədirli qeyd olunub. O da bir ilkdir ki, Erkin Qədirli Azərbaycanın nümayəndə heyətindən fərqli fikirlər orada söyləyir, mövqe bildirir. Səsvermələrdə REAL-ın ümumi mövqeyini ifadə edir. Bu günə qədər Rusiya ilə bağlı məsələlərin müzakirəsində Azərbaycan nümayəndə heyətindən kim məsələnin əleyhinə səs verib? Yeganə Erkin Qədirlidir ki, bu günə qədər ilk dəfə olaraq, müzakirələrdə təmsil etdiyi partiyanın və özünün mövqeyini əks etdirən fəaliyyətlə məşğuldur. Orada kifayət qədər maraq qazanıb. Onunla danışdım. Hətta Avropa Şurasının bir çox deputatları, o cümlədən Almaniya və Böyük Britaniyadan olanları israrla Erkin Qədirli ilə görüşmək istəyiblər. Onlara da çox maraqlı gəlir ki, nəhayət, Azərbaycanda əsl müxalifət qüvvələri Avropa Parlamentində təmsil olunurlar.

Bunun nəyi pisdir? Nümayəndə heyəti arasında müxtəlif fikirli insanlar ola bilər. Onlarla insani münasibətlər saxlamaq, bir yerdə şəkil çəkdirmək, birlikdə yemək yeyib, çay içmək normaldır. Ona qalsa, Altay Göyüşovun özü də dövlət tədbirləri çərçivəsində, məsələn, Londonda hörmətli Nərgiz xanımın dəvəti əsasında tədbirdə iştirak edib. Ondan müsahibələr alınıb. Burada pis olan nədir? Biz o vaxt ona dedik ki, çox yaxşı, düz edib gedib iştirak etmisən. Onun kimi sərgilənən yanaşmaları heç bir halda doğru saymıram. Ümumiyyətlə, düşünürəm ki, iqtidarla müxalifət düşmən olmamalı, rəqib olmalıdırlar. Hədəfimiz Azərbaycanda iqtidarla müxalifət arasında rəqabət mühiti, diskussiya platformasının yaradılmasıdır. İndi kim burada seçicilərə, vətəndaşlara xitab edərək daha çox hörmət və səs qazanacaqsa, gələcəkdə hökumətin formalaşdırılmasında da o iştirak edəcək. Yəni siyasi təşkilatlar arasında rəqabət gedəcək. Yox, əgər kimsə bu gün hər şeyi zarafata salırsa, karikaturaya çevirirsə, səhəri gün Azərbaycanda hökumətdə kim olursa-olsun istiqamətini davam etdirəcək. Çünki o cür şəxslərin alternativ nəsə təklif etmək imkanları yoxdur”.

Z.İsmayıl isə belə bir status paylaşıb: “Altay Göyüşov AŞ PA-nın sessiyalarında 2-3 dəfə iştirak edib. Buna da əslində mən səbəb olmuşam, bəlkə özü də bilmir. Çünki beynəlxalq təşkilatların birinin Bakıdakı layihə tərəfdaşı ilə aralarında anlaşılmazlıq olmuşdu. Hansısa bir tədbirdə çıxış etmişdi, ya qonorar nəzərdə tutulmamışdı, ya da verməmişdilər. Çox gileylənirdi. Mən də bu məsələni həmin təşkilatın nümayəndəsi ilə müzakirə etdim. Elə ondan sonra həmin təşkilat onu Strasburqa dəvət etməyə başladı.

AŞ PA-da bizim beynəlxalq təşkilatlarla birlikdə vəkillik qrupumuz vardı. Hər dəfə Avropa Şurasının baş katibi, AŞ PA-nın prezidenti, Avropa Birliyinin qurumdakı səfirləri və yardımçıları, siyasi qrup rəhbərləri, insan haqları müvəkkili, monitorinq qrupunun, siyasi komitənin üzvləri, məruzəçilərlə görüşmüşük. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu qrup onlarla məsələni həll edib, bunlardan biri də İlqar Məmmədovun işi ilə bağlı Avropa Konvensiyasının 46 maddəsi üzrə qaldırılan işdir.

İndi Altay Göyüşov kimi təsadüfən ora gələn adam düşük-düşük şeylər yazır və mənim də adımı çəkib. Təbii ki, AŞ PA-da bizim Azərbaycan nümayəndə heyətinin üzvləri ilə də ünsiyyətimiz olub. Eləcə də mənim şəxsən tanıdığım Vüsal Hüseynov, Fazil Qəzənfəroğlu, Asim Mollazadə və başqaları ilə qısa söhbətim olub və bunlar hamısı AŞ PA-nın kofeteriyasında baş verib. “Qocaldıqca ağlı azalır” misalı təəssüf ki, hazırda anekdot professoru Altay Göyüşovun timsalında özünü bariz şəkildə göstərir".
“Yeni Müsavat”

Geri qayıt