Əsas Səhifə > Partiya, Güney Press > "Kaş o məktəblərin sayı gələcəkdə Azərbaycanda daha çox olsun"
"Kaş o məktəblərin sayı gələcəkdə Azərbaycanda daha çox olsun"3-02-2021, 08:14 |
İşğaldan azad olunan ərazilərdə şəhərlərin baş planlarının hazırlandığını vurğulayan dövlət başçısı məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini qeyd edib. Qeyd edək ki, fevralın 2-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib. Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlətimizin başçısına məlumat verib. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirib. Prezident İlham Əliyev bu təşəbbüsə görə təşəkkürünü bildirib, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində sözügedən təşəbbüsün nəzərə alınacağını deyib. İşğaldan azad olunan ərazilərdə şəhərlərin baş planlarının hazırlandığını vurğulayan dövlət başçısı məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini bildirib. Beləcə, Qarabağın dirçəliş planı 44 günlük "Dəmir yumruq" əməliyyatından sonra reallaşmaq üzrədir. Şübhəsiz ki, işğaldan sonrakı yenidənqurmada qardaş ölkə Türkiyənin də qatqısının olması sevindirici haldır. Məsələ haqqında millət vəkili Sabir Rüstəmxanlı "Şərq"ə şərh verib: "Türkiyə Qarabağ məsələsində Azərbaycana əsl qardaşlıq etdi. Yəni savaşdan, diplomatik müharibədən başlayaraq siyasi müharibəyə qədər olan qarşıdurmaları, anti-Azərbaycan - anti-Türk təbliğatına sinə gərib sona qədər Azərbaycanın yanında dayandı. Onlar bu qələbənin qazanılmasında bizə çox böyük dəstək verdi. Bu gün də sülhməramlılara nəzarət etmək üçün monitorinq mərkəzi yaradılıb. Yəni Azərbaycanda türk ordusu var. Eyni zamanda, Qarabağ torpaqlarının minalardan təmizlənməsində yenə də qardaş Türkiyə bizə yaxından kömək edir. Nəqliyyat dəhlizlərinin açılması, Azərbaycanla Türkiyə arasında viza rejiminin aradan qaldırılması və s. bu, elə bizim aramızda olan "bir millət iki dövlət" sözünü daha da yaxınlaşdırıb "bir millət bir dövlət"ə çevirdi. Əslində, dövlətlərin də yaxınlaşması Avropada olduğu kimi bizdə də türk birliyinin yaradılması üçün atılan addımlardan biridir. Bizə məlumdur ki, təkcə Bakıda onlarla rus təhsili verən məktəblər var. Lakin sadəcə bir-iki türk məktəbi var. Onlardan biri Anadolu liseyi, biri də Atatürk liseyidir. Sayları göründüyü kimi çox azdır. Bu mənada MHP-nin gəlib Şuşada məktəb açmaq istəyi çox əhəmiyyətli və dövlət, eləcə xalqlarımız arasında münasibətlərə də müsbət təsir göstərəcək çox ciddi bir amildir. Biz sadəcə buna sevinə bilərik. Kaş o məktəblərin də sayı gələcəkdə Azərbaycanda daha çox olsun. Əvvəl Milliyyətçi Hərəkat Partiyası əvvəllər müxalifət partiyası idi. Amma bu gün Ak Parti ilə birgə fəaliyyət göstərir. Yəni Türkiyənin uğurlu dövlət siyasətində yaxından iştirak edir. Belə ki, MHP-nin Şuşaya gəlməsi həm də türk dövlətinin Şuşaya gəlməsidir. Sözügedən məktəb isə Şuşanın pedaqoji həyatı ilə yanaşı mədəniyyətini də zənginləşdirməkdə ciddi rol oynaya bilər. Biz ilk gündən bu addıma yüksək qiymət vermişik. Xeyirli-uğurlu olsun". Geri qayıt |