Əsas Səhifə > Partiya, Güney Press > “Bizdə bəzi insanlar adi bələdiyyə sədri kürsüsünü görən kimi “çaşırlar”

“Bizdə bəzi insanlar adi bələdiyyə sədri kürsüsünü görən kimi “çaşırlar”


13-02-2021, 09:28
“Bizdə bəzi insanlar adi bələdiyyə sədri kürsüsünü görən kimi “çaşırlar”
Məmurların dövlətə və xalqa vicdanla xidmət etməsinin təmin olunması, bu sahədəki nöqsanların aradan qaldırılması dünənlə yanaşı, bugünün də ən aktual problemlərindədir. Məhz bu problemin həlli ilə bağlı zaman-zaman müxtəlif təkliflər səslənib ki, bunlardan da biri bugünlərdə səsləndirilən siyasi vəzifə tutan nazirlərin fəaliyyətə başlamazdan öncə and içməsi ilə bağlıdır. Hesab olunur ki, hakim və dövlət qulluqçuları kimi, nazirlərin də fəaliyyətə başlamazdan öncə belə bir and içməsi, onların vicanla xidmət etməsinə müsbət təsir göstərə bilər.

Bəs əslində necə, nazirlərin xidməti fəaliyyətə başlamazdan öncə and içməsi, onların xalqa və dövlətə dürüst, vicdanla xidmət etməsini təmin edə bilərmi? Doğrudanmı belə bir and həmin şəxslərlə milyonluq sərvət arasında keçilməz sədd rolu oynaya bilər?

Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev məmur tamahının qarşısının hansısa andla alınacağına inanmadığını vurğuladı:

“Mən Azərbaycan reallığında bu məsələdə hər hansı məntiq görmürəm. Baxın, and içən hakimlər, dövlət qulluqçuları arasında bu anda xilaf çıxanlar yoxdurmu? Odur ki, nazirlərin and içib, bu anda sadiq qalacağına inamıram. Bunlar məsciddə namaz qılıb, əllərini Qurana bassalar, yenə də onların səmimiyyətinə inanmayacağam. Çünki bizdə psixoloji olaraq fərqli bir durum formalaşıb. Vaxtiylə vəzifədə işləyən, amma indi çətinliklə dolanan adamlara bilirsiniz nə deyirlər? Deyirlər ki, “dövlətin malı dəniz, yeməyən kəniz”. Bu deyimi indi bir az da “düzəldiblər”. Deyirlər ki, “dövlətin malı dəniz, yeməyən donuz”. Biz əgər bu dövlətə düzgün xidmət etmişiksə və əvəzində bizi belə bir heyvana bərabər tuturlarsa, buna nə ad vermək olar?

Bu, psixoloji bir məsələdir və bunu ilk növbədə psixoloji baxımdna həll etmək lazımdır. Unutmaq olmaz ki, bizdə adi bələdiyyə sədri o kürsünü görən kimi “çaşır”. Hesab edirəm ki, bu istiqamətdə nəyisə dəyişmək, yaxşılaşdırmaq istəyiriksə, o zaman tamam başqa proqram əsasında fəaliyyət göstərməliyik”.

Geri qayıt