Əsas Səhifə > Partiya, Güney Press > "Şəxsən mən Xankəndidə kooperativ ev növbəsindəydim"

"Şəxsən mən Xankəndidə kooperativ ev növbəsindəydim"


15-02-2021, 09:22
"Şəxsən mən Xankəndidə kooperativ ev növbəsindəydim"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabr bəyanatının 7-ci bəndinə əsasən qaçqınlar Dağlıq Qarabağ və ətraf ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində qayıtmalıdırlar. M.Zaxarova bildirib ki, müharibə ilə əlaqədar evlərini tərk etmiş ermənilər hazırda fəal şəkildə geri qayıdırlar. Rusiya üçün əsas məsələ isə (guya ki – red.) üçtərəfli bəyanatdakı həmin bəndin əvvəlki yaşayış yerlərini tərk etməyə məcbur olanların hamısına şamil edilməsidir.

Şübhəsiz, Rusiya özünü “sülh göyərçini” kimi qələmə verməyə çalışır. Amma bunun belə olmadığı onsuz da bəllidir. Və ermənilərin də Qarabağa - əsasən Xankəndinə qayıdışındakı “fəallığı”nın da məhz Rusiya sülhməramlılarından qaynaqlandığı da məlumdur. Ermənistan əvvəllər də olduğu kimi Qarabağda erməni nüfuzunun yüksək olmasına çalışır.

Bu, təbii halda mümkünsüz olduğundan süni üsullara əl atır. Bunlardan biri də erməni əhalisinə müxtəlif vədlər verərək Xankəndinə məcburən köçürülməsidir. İkincisi, M.Zaxarova hansı qaçqınlardan danışır? Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən doğma yurdlarından didərgin salınmış azərbaycanlılar məcburi köçkünlərdir.

Amma keçmiş məcburi köçkünlər. Çünki Azərbaycan ərazi bütövlüyünü artıq bərpa edib, ərazilərini işğaldan azad edib. Azərbaycanın öz vətəndaşlarını doğma torpaqlarına qaytarmaq üçün kiminsə köməyinə ehtiyacı yoxdur. Sadəcə, mənfur düşmən işğal etdiyi ərazilərin hər qarışını minaladığından məskunlaşma prosesi ləngiyir.

Lakin bu da qısa zamanda həllini tapacaq. Məcburi köçkün adıyla vidalaşmış soydaşlarmız isə vaxtilə ermənilərin silahlı müdaxiləsi nəticəsində tərk etdikləri evlərinə qayıtmaqda qərarlıdır.

Hətta bir çoxları “günü bu gün Xankəndinə qayıtmağa, öz evimizdə, mənzilimizdə yaşamağa hazırıq. Erməni kimdir ki, ondan çəkinək?! Qoy onlar bizdən çəkinsin”, deyir. İllər öncə Xankəndi, Xocalı, Xocavənd, Hadrutda yaşamış qarabağlılar bu ərazilərin minalanmaya az məruz qaldığını iddia edərək evlərinə qayıtmaq üçün əngəl olmadığını deyirlər. Qarabağda məskunlaşmaya Xankəndidən başlamaq olarmı?

"Şəxsən mən Xankəndidə kooperativ ev növbəsindəydim"

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Xankəndidən sabiq millət vəkili Həvva Məmmədova “Şərq”ə açıqlamasında Ermənistanın məkrli siyasətindən əl çəkmədiyini bildirdi:

- Ermənistan çalışır Xankəndidə erməni əhalisinin sayı çox olsun. Rusiya tərəfi də məlumat verir ki, guya, Xankəndinə 41 min erməni qayıdıb. Mən bu rəqəmlərə inanmıram. Ermənilər ora zorla köçürülür. Ermənilərə verilən vədlər yerinə yetirilmədiyi üçün əksəriyyəti təkrar ora qayıtmaq istəmir, zorla qaytarılanlar da geri qayıtmaq istəyirlər.

Amma cənab Prezident İlham Əliyev həmişə deyir ki, Qarabağda yaşayan erməni əhalisi də Azərbaycan vətəndaşlarıdır. Azərbaycan Konstitusiyasına tabe olsunlar, Azərbaycan əhalisinin malik olduğu imkanlardan onlar da yararlansın.

Ötən 28 ildə ermənilər Azərbaycan və azərbaycanlılar əleyhinə təbliğat apardılar ki, bizi öldürüblər, qırıblar, amma artıq dünya həqiqəti gördü. Azərbaycan Ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdikcə ermənilərin hansı vandallıqlar törətdikləri hər kəsə məlum oldu. Ermənilər tərəfdən ilk zərbə alanlar məhz Xankəndi camaatı olub. Bir insan neçə dəfə köçkün düşər?

Xankəndidən Xocalıya, Xocalıdan Ağdama, Ağdamdan Bakıya köçüb xankəndlilər. Sizə deyim ki, Xankəndinin, məsələn, “Kərpiçni” məhəlləsinin sakinləri tamamilə azərbaycanlılar idi.

Amma ermənilərin məkrinə baxın ki, orada yaşayan azərbaycanlıları qeydiyyata almırdılar. Şəxsən mən Xankəndidə kooperativ mənzil növbəsindəydim. Mənim kimi bəlkə də minlərlə azərbaycanlı vardı, ev növbəsindəydilər. Amma mənzil verilmirdi, onları bezdirirdilər. Məsələn, həkim kimi təyinat alıb Xankəndinə işləməyə gələn azərbaycanlıları məqsədli şəkildə kənarlaşdırırdılar. 3 il qalıb işləməli olan şəxs il yarımdan sonra çıxıb gedirdi.

Nə qədər ki, Dağlıq Qarabağda ermənilər rəhbər vəzifədəydi, əhalinin sayı heç vaxt düzgün aparılmırdı. Azərbaycanlılar az, ermənilərin sayı çox göstərilirdi. Sonra da məlum işğal faktı zamanı Dağlıq Qarabağda ermənilərin mümkün qədər çox məskunlaşdırılmasına çalışdılar, nəinki Ermənistandan, başqa ölkələrdən də erməni əhalisini ora köçürməyə başladılar. İndi biz nə etməliyik? Hesab edirəm ki, ən vacib məsələ Yuxarı Qarabağda, o cümlədən Xankəndidə yalnız 1988-ci ilədək yaşayanların məskunlaşdırılmasına nail olmaqdır. 1988-ci ilədək kimlər yaşayıbsa, onlar və onların ailə üzvləri ora köçürülməlidir.

1988-ci ildən sonra Xankəndiyə köçürülən ermənilər ordan çıxarılmalıdır. Düşünürəm ki, Yuxarı Qarabağ tamamilə Azərbaycan dövlətinin nəzarətinə keçdikdən, əhalinin təhlükəsizliyinə Azərbaycan Silahlı Qüvvələri cavabdeh olduqdan, dövlət strukturları formalaşdıqdan sonra bu məsələ də həllini tapacaq. Tezliklə bu olacaq.

Çox az zaman qalıb. Biz məskunlaşmaya Xankəndidən başlamalıyıq. Xankəndidə mərkəzdəki evlərin, demək olar, hamısı salamatdır. Kimin harada, hansı ünvanda yaşadığı da bilinir. Azərbaycan dövləti də, keçmiş köçkünlərin Qarabağda məskunlaşmasını, doğma evlərinə qayıtmasını təmin edəcək.

Cənab Prezident köçkünlərə mənzillərin verilməsi mərasimində iştirakı zamanı demişdi ki, siz burda müvəqqəti məskunlaşırsınız. Siz doğma torpaqlarınıza qayıdacaqsınız. Bunu heç kim unutmayıb, Prezidentin o sözləri də yaddan çıxmayıb.

Geri qayıt