Əsas Səhifə > Partiya, Güney Press > YAP-ın sıraları seyrəlir: Rəsul Quliyevlə başlayan xaricetmə prosesi...
YAP-ın sıraları seyrəlir: Rəsul Quliyevlə başlayan xaricetmə prosesi...16-02-2021, 11:38 |
Ləğv olunan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib. YAP-dan bildirib ki, V.Səfərli Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın Rayon Şurasının üzvlüyündən azad edilib. Xatırladaq ki, bir müddət əvvəl Vüqar Səfərli dövlət büdcəsinin vəsaitlərini qanunsuz xərclədiyi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda istintaq prosesi davam edir. Vüqar Səfərli YAP-dan çıxarılan ilk üzv deyil. Cebhe.info xəbər verir ki, bu günə qədər bir çox məşhur simalar-məmurlar hakim partiyanın sıralarından xaric edilib. Belə ki, YAP-dan ilk çıxarılan sabiq məmur Milli Məclisin keçmiş spikeri Rəsul Quliyev olub. Rəsul Quliyev I Çağırış Milli Məclisə 11 saylı III Xətai Seçki Dairəsindən YAP üzvü kimi seçilib. O, 1996-cı ildə Milli Məclisin spikeri vəzifəsindən istefa verərək ABŞ-a mühacirət edib. R.Quliyevi dəstəkləyən 5 deputat- 100 saylı Şəmkir Kənd Seçki Dairəsindən majoritar sistem üzrə deputat seçilən Mahir Əsədov, 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) Seçki Dairəsindən majoritar sistem üzrə seçilən Şamil Yusifov, majoritar sistem üzrə 58 saylı Biləsuvar Seçki Dairəsindən mandat alan Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən majoritar sistem üzrə deputat seçilən Solmaz Ələsgərova və YAP-ın proposional sistem üzrə siyahısından Milli Məclisə üzv seçilən Zəminə Dünyamalıyeva da YAP-dan çıxarılıb. YAP-dan qovulan məhşurlar sırasında sabiq səhiyyə naziri Əli İnsanov da var. Əli İnsanov həm də YAP-ın qurucu üzvlərindən biri olub. Hazırda Əli İnsanov Haqq və Ədalət Partiyasına (HƏP) sədrlik edir. 2005-ci ildə hakim partiyadan qovulan və həbs olunan yüksək rütbəli məmurlar arasında Prezident Aparatı İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev də var idi. 2005-ci il hadisəsindən sonra hakim partiya sıralarından uzaqlaşdırılan digər məmur “Azərkimya” Dövlət Şirkətinin prezidenti, deputat Fikrət Sadıqov olub. 2007-ci ildə isə YAP-ın qurucu simalardan olan mərhum Sirus Təbrizli partiya sıralarından çıxarılıb. Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, sabiq deputat, mərhum Rəfael Allahverdiyev də YAP sıralarından uzaqlaşdırılan şəxslərdəndir. Sonradan daha 3 sabiq deputat- Xıdır Alovlu, Gülər Əhmədova və Nazim Məmmədov (Bəydəmirli) hakim partiyanın sıralarından uzaqlaşdırılıb. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbs etdiyi Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Yevlax İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və onların müavinləri, rəhbərlik etdikləri qurumda digər vəzifəli şəxslər məhsuliyyətə cəlb olunduqları üçün YAP-ın sıralarından xaric edilib. Həbs olunan icra başçılarından yalnız biri, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev hələ də YAP-nın sıralarında qalır. Mahir Quliyevin adı hələ də YAP-ın Biləsuvar rayon təşkilatının İdarə Heyətinin üzvləri sırasındadır. Geri qayıt |