Əsas Səhifə > Partiya, Güney Press > “Ruslar ermənilərin necə etibarsız və sürüşkən müttəfiq olduğunu bir daha gördülər”

“Ruslar ermənilərin necə etibarsız və sürüşkən müttəfiq olduğunu bir daha gördülər”


26-02-2021, 09:04
“Ruslar ermənilərin necə etibarsız və sürüşkən müttəfiq olduğunu bir daha gördülər”
Ermənistan müxalifətinin əsas liderlərindən olan Vazgen Manukyan deyib ki, Türkiyəyə qarşı İran və Çinlə əməkdaşlığı möhkəmlətmək lazımdır. Ankara və Moskvanın birgə hərəkət etdiyi bir vaxtda, müxalifət liderinin bu bəyanatı təkcə Türkiyəyə deyil, həm də Rusiyaya qarşı siyasətin konturları kimi qiymətləndirilib. Ermənilər Rusiyadan imtina edib, Çinə və İranın qucağınamı sığınmaq istəyir? Bu siyasətin Ermənistan üçün hansı pis tərəfləri ola bilər?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Rusiyadan imtina etməsi çox yaxşı olardı, ancaq yaxın illərdə bu qətiyyən mümkün deyil: “Nikol Paşinyanın ”İsgəndər" raketinin partlamaması ilə bağlı dediyinə Rusiyanın necə sərt reaksiya verdiyi artıq ortadadır. Moskva onun silah satışı marağına toxunan bir cümləyə dözmürsə, Ermənistanın ondan qopub başqasının qucağına sığınmasına görün necə reaksiya verər. İrəvan istəsə belə, Moskvadan imtina edə bilməz. Bütün iqtisadiyyatı, az-çox gəlir gətirən sahələri rusların əlində olan bu “müstəqil dövlət” heç vaxt belə kəskin addımlar ata bilməz. 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətə uğradıqdan sonra erməni müxalifəti uzun müddət Nikol Paşinyanı yıxmağa çalışdı. Ancaq heç nəyə nail ola bilmədi. Bir tərəfdən on minlərlə insanı küçələrə çıxara bilmədilər, digər tərəfdən Rusiya prezidenti Vladimir Putin açıq mətnlə onu müdafiə etdi. Hakimiyyətə gəlməyə çalışan rusiyameylli müxalifətə bildirildi ki, Rusiya ən azı bir müddət Paşinyanın hakimiyyətdə qalmasını və imzalanmış bəyanatın müddəalarını reallaşdırmasını istəyir. Müxalifətin böyük ümidlər bəslədiyi 20 fevral mitinqi də arzulanan nəticəni vermədi.

Belə bir məqamda Serj Sərkisyan Nikol Paşinyanı təxribata çəkməyə çalışdı və bəyan etdi ki, o, böyük dağıdıcı gücü olan “İsgəndər” raketlərindən müharibənin 4-cü günü istifadə edər və Azərbaycanı çıxılmaz vəziyyətə salardı. Siyasətdə təsadüfi adam olan Paşinyan bu iddialara susa bilmədi və həm onu, həm də Putini çətin vəziyyətə salan son dərəcə təhlükəli bəyanat verdi. Serj Sərkisyanın dövründə alınmış “İsgəndər” raketlərinin partlamadığını, yaxud cəmi 10 faizinin partladığını dedi və keçən əsrin 90-cı illərində üzərində iş başlayan raketin köhnəlmiş olduğunu, 80-ci illərin istehsalı olduğunu iddia etdi. Bununla da rus hərbi sənayesinə və silah ticarətinə sarsıdıcı zərbə vurdu. Rusiya düşməni olan bəzi erməni ekspertləri məqamdan istifadə edib, hərbi paradda “yatan” “Armata” tankını və Türkiyə PUA-larının Suriyada darmadağın etdiyi “Pansir C1" kompleksini xatırlatdılar və bundan sonra yalnız ABŞ və Fransadan silah almağı təklif etdilər. Erməni müxalifətinin əsas lideri Vazgen Manukyan isə Türkiyəyə qarşı İran və Çinlə əməkdaşlığı möhkəmlətməyin zəruri olduğunu bəyan etdi.

Lakin ermənilər ən azı yaxın dövrdə Rusiyadan imtina edib Çinin və İranın qucağına sığınmayacaqlar. Bu addım heç İran və Çinin maraqlarına da uyğun deyil. Hər iki dövlət Ermənistanın Rusiyanın “forpostu” kimi istifadə olunduğunu və “istifadə müddətinin” hələ bitmədiyini yaxşı anlayırlar və heç vaxt Rusiyanı narazı salacaq addımlar atmayacaqlar".

A.Səmədov vurğuladı ki, istər Paşinyanın, istər Manukyanın bu bəyanatlarının Ermənistan üçün pis nəticələri mütləq olacaq. Nəticələrin işartıları dünəndən görünür: "Ruslar bir daha ermənilərin necə etibarsız və sürüşkən müttəfiq olduğunu gördülər və çox güman ki, bunu unutmamağa çalışacaqlar. Ümid edirəm ki, bu həm Rusiya sülhməramlılarının, həm də diplomatlarının fəaliyyətində, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk Qrupundakı davranışında özünü göstərəcək".

Geri qayıt