Əsas Səhifə > Partiya, Güney Press > YAP-ın təcili qurultay müəmması

YAP-ın təcili qurultay müəmması


3-03-2021, 08:52
YAP-ın təcili qurultay müəmması
Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Bu barədə “Yeni Müsavat”a YAP rəhbərliyinə yaxın qaynaqlar məlumat veriblər. Məlumatın yayılmasından keçən müddətdə YAP bu barədə rəsmi mövqe bildirməyib.

YAP üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə “Yeni Müsavat”a bildirdi ki, qurultayla bağlı o da mətbuatdan xəbər tutub. “Mən sıravi YAP-çıyam”, deyən S.Seyidov hələ ki qurultaya dəvət almadığını qeyd etdi. Qurultaydan gözləntilərini soruşduqda, S.Seyidov bildirdi ki, o, həmişə bu məsələ ilə bağlı çıxış edib: “YAP-ın iclaslarına dəvət edəndə bildirmişəm ki, belə bir qurultayın keçirilməsi çox vacib, çox əhəmiyyətlidir. Azərbaycanda islahatlar hər yerdə gedir, o cümlədən YAP-ın içərisində də getməlidir və YAP-ın fəaliyyəti ilə bağlı da həyata keçirilməlidir”.

"Qarşıdakı qurultay hakim partiyada gəncləşmə siyasətinin həyata keçirilməsini nəzərdə tuturmu", sualına cavabında deputat qeyd etdi ki, islahatlar yalnız gəncləşməni nəzərdə tutmur: “Təbii, o cümlədən gəncləşməni. Ancaq hesab edirəm ki, siz gəncləşmə deyəndə idarəetməni, ümumiyyətlə, dünyada gedən proseslərin təhlilini, əlaqələri, bütün məsələləri nəzərdə tutursunuz. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bunu gəncləşmə ilə məhdudlaşdırmaq düzgün olmazdı. Təbii ki, o cümlədən də gəncləşmə. Ancaq ümumi islahatlar mütləq getməlidir”. "Özünüzü YAP-ın rəhbər strukturlarında görürsünüzmü", sualına cavabı isə belə oldu: “Mənim xeyli vəzifələrim var və mən sıravi YAP-çı olmağımla fəxr edirəm.”

Adının açıqlanmasını istəməyən qaynaqlar isə iddia edir ki, qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və gözdən düşmüş, ictimai rəydə neqativ işarə ilə tanınan simalardır. Onların yerinə gənc kadrlar seçiləcək. Məlumata görə, hədəf partiyanı fəallaşdırmaq və onun böyük potensialını hərəkətə gətirməkdir.

YAP rəhbərliyindən kənarlaşdırılacaq bəzi şəxslərin adlarını təxmin etmək mümkündür. Onlar YAP sədrinin 4 müavinindən ikisi olan Əli Həsənov (baş nazirin sabiq müavini) və Akif Əlizadədir (AMEA-nın sabiq prezidenti). İddia olunur ki, hakim partiyanın İdarə Heyəti də yenidən formalaşdırılacaq. Bir zamanlar hakim partiyanın əsas simaları olan Hacıbala Abutalıbov (baş nazirin sabiq müavini), Vaqif Əliyev (mədəniyyət və turizm nazirinin müavini), Nurlana Əliyeva (Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri), Nizami Xudiyev (Pedaqoji Universitetin kafedra müdiri), Abel Məhərrəmov (BDU-nun sabiq rektoru), Arif Rəhimzadə və başqaları aktiv siyasətlə və partiyanın seçkili orqanları ilə vidalaşacaqlar. YAP Siyasi Şurasının hələ də üzvləri olan Fatma Abdullazadə və Elnur Aslanovun da hakim partiyanın rəhbər heyətinin siyahısından çıxarılacağı vurğulanır.

“Bizdə də belə bir məlumat, informasiya -qeyri-rəsmi- var ki, partiyamızın yaxın zamanlarda növbəti qurultayı ola, keçirilə bilər. Partiyamızın müxtəlif strukturlarında da bu haqda söz-söhbətlər dolaşır. Amma partiya rəhbərliyindən, rəsmi səviyyədə qurultayla bağlı bizə heç nə daxil olmayıb, deyilməyib. Bu baxımdan, qurultay ola da bilər, olmaya da”. Bunu Etikxeber.az-a açıqlamasında adının çəkilməsini istəməyən və hakim Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edən millət vəkillərindən biri deyib. Qeyd edib ki, qurultayla bağlı məlumatlar, fikirlər hələlik və daha çox ehtimallar şəklində, səviyyəsindədir. “Yenə də qeyd edirəm ki, rəsmi səviyyədə hələlik heç nə yoxdur, bizlərə heç nə deyilməyib. Amma qurultayın olma, keçirilmə ehtimalı da az deyil. Burada da qeyri-adi heç nə yoxdur və ola da bilməz. Bu, partiyamızın, onun rəhbərliyinin, seçkili orqanlarının qərar verəcəyi bir məsələdir. Kənardan da kimsənin buna qarışmasına, müdaxilə etməsinə heç bir əsas və səbəb yoxdur. Partiyamız da hər zaman yeniliklərə, dəyişikliklərə açıq olan bir partiyadır. Siyasi palitradakı bütün yeniliklər, dəyişikliklər də məhz bizim partiyaya məxsusdur”, - deyə, YAP-çı deputat sözlərinə əlavə edib. O, qurultay olacağı təqdirdə, YAP rəhbərliyində, partiyanın İdarə Heyətində, Siyasi Şurasında, İcra Katibliyi və Mərkəzi Aparatında dəyişikliklərin, yenilənmələrin baş verəcəyini, həmin strukturlarda yeni simaların təmsil olunacağını da mümkün və gözlənilən variantlardan sayıb. “Amma bir daha qeyd etmək istəyirəm ki, hələlik qurultayla bağlı heç bir rəsmi qərar, məlumat yoxdur. Ona görə də ancaq ehtimallar, mülahizələr şəklində danışmaq olar... Bir qədər gözləyək” - deyə, adının çəkilməsini istəməyən millət vəkili sonda qeyd edib.

YAP-ın qurultayının hansı məkanda keçiriləcəyi və tədbirin hansı formatda baş tutacağı da hələlik məxfi saxlanılır. Bu barədə adının çəkilməsini istəməyən deputat bildirib. Bəzi YAP-çı deputatlara qurultayda iştirakla bağlı hələlik heç nə bildirilməyib, dəvət gəlməyib. Söhbət YAP Siyasi Şurasında və İdarə Heyətində təmsil olunmayan, rayon və şəhər təşkilatlarının sədrləri olmayanlardan gedir. Məlumata görə, qurultay zamanı bəzi iqtidaryönlü tanınmış millət vəkillərinin və nüfuzlu şəxslərin də YAP-da, onun rəhbər orqanlarında təmsilçiliyi, iştirakı baş verə bilər. Mənbə bunu da istisna etməyib, mümkün variantlardan sayıb. Etikxeber.az-a açıqlamasında o, partiyanın 1999-cu ildə keçirilən qurultayında belə bir halın, məqamın yaşandığını, keçmiş ADİP-çilərin (ADİP-1-in üzvü olanlardan söhbət gedir) YAP-a keçdiyini, onların təmsilçisi olaraq, Mübariz Qurbanlının partiya rəhbərliyinə gətirildiyini də xatırladıb. “Ona görə bu qurultayda da oxşa məqamlar yaşana bilər”, - deyə, mənbə əlavə edib.

Pandemdemiya dövründə qurultayın onlayın, yoxsa adi qaydada keçiriləcəyinə gəldikdə, bu da hələlik məlum deyil. Ancaq yayılan xəbərlərdən belə aydın olur ki, ənənəvi toplantı olacaq. Martın 3-də YAP rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən deputatların koronavirus testindən keçəcəkləri bildirilir.

Yazı çapa hazırlanarkən belə məlumat yayıldı ki, YAP-ın qurultayı İdarə Heyəti və Siyasi Şuranın genişləndirilmiş iclası formatında da reallaşa bilər. Qurultayda iştirak edəcək şəxslər isə artıq məlumatlandırılıb və YAP-ın mərkəzi qərargahına dəvət olunub. Martın 3-də isə YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri, İdarə Heyəti və Siyasi Şuranın üzvləri mərkəzi qərargahda olacaqlar.

Qeyd edək ki, YAP-ın 6-cı qurultayı 2018-ci il fevralın 8-də keçirilib.
“Yeni Müsavat”

Geri qayıt