Əsas Səhifə > Partiya, Güney Press > “Köçəryanın cürəti varsa, gəlsin vuruşaq”

“Köçəryanın cürəti varsa, gəlsin vuruşaq”


8-03-2021, 08:42
“Köçəryanın cürəti varsa, gəlsin vuruşaq”
“Robert Köçəryan və onun kimilər özləri danışmır, onları danışdıran Rusiyadır. Köçəryan bizi müharibə ilə hədələmək niyyətinə düşübsə, böyük qələt edib. Əksinə, biz sülhə nail olmaq üçün xeyli çalışmalı, lazım gələrsə, vuruşub ərazilərimizin onlarda qalan hissəsini də işğaldan azad etməliyik. Köçəryanın dediklərini ciddi qəbul etməyə dəyməz”.

Bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Emənistanın sabiq prezidenti, hazırda bu ölkədə hakimiyyət uğrunda mübarizə aparan Robert Köçəryanın müharibə haqqında dediklərinə reaksiya verərkən bildirib.

S. Cəlaloğlu xatırladıb ki, R. Köçəryan qatildir: “Üstəlik, Köçəryan Xocalı soyqrımına görə ittiham olunmalı şəxsdir. O cümlədən Qarabağda baş verən digər cinayətlərə görə. Ermənistanda da korrupsiya əməllərinə görə ittiham olunur. Hesab edirəm ki, belə bir cinayətkarın fikirləri bizim üçün mahiyyət kəsb etməməklə yanaşı Azərbaycan və Ermənistan ictimaiyyətinə təsir etmək gücünə malik deyil”.

S. Cəlaloğlu əlavə edib ki, əgər R. Köçəryanın cürəti və qabiliyyəti varsa, gəlsin vuruşaq: “Əslinə baxsan bu müharibədə haqq-ədalət bərpa olunub. Biz Dağlıq Qarabağın müəyyən hissəsi də daxil olmaqla ərazilərimizi işğaldan azad etmişik. Bizim torpaqlarımızı işğal etmişdilər, indi onun əhəmiyyətli hissəsinə nəzarətimiz bərpa olunub. Biz Ermənistan ərazilərini işğal etməmişik ki, deyək, bu ölkəni məhv etmişik. Amma görünən odur ki, haqq-ədalət tədricən öz yerini tutacaq”.

Partiya sədri xatırladıb ki, beynəlxalq hüquqa görə işğalçılıq cinayət faktıdır: “Onlar da cinayətkarlardır. Cinayətkar dəstə başçısı olan Köçəryanın qrupunu indi də qızışdırıb ortaya salırlar. Çünki münaqişə nə qədər davam edərsə, Rusiyaya bir o qədər ehtiyac qalar. Məqsəd budur. Amma onun bəyanatlarını ciddi qəbul etməyin tərəfdarı deyiləm”.

Geri qayıt