Əsas Səhifə > Partiya, Güney Press > “İlqar Məmmədov həbsxanadan çıxandan sonra...”

“İlqar Məmmədov həbsxanadan çıxandan sonra...”


5-05-2021, 10:49
“İlqar Məmmədov həbsxanadan çıxandan sonra...”
Xəbər verildiyi kimi, REAL Partiyasının sədri İlqar Məmmədov icra başçıları həbs edilən rayonların deputatlarını könüllü istefa verməyə çağırıb. Onun fikrincə, əgər hüquq-mühafizə orqanları icra başçılarını aşkar cinayətlərin törədilməsində şübhəli bilirsə və deputat indiyədək buna yaxın bir mövzuda ictimai çıxışlar etməyibsə, istefa verməlidir.

Qeyd edək ki, icra başçısı həbs edilən rayonlardan biri də İmişlidir. Bəs İlqar Məmmədovun çağırışına İmişlinin deputatı Razi Nurullayev necə yanaşır?

Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, İlqar Məmmədovun bu fikri, çağırışı məntiqdən tam uzaqdır. İlqar Məmmədov həbsxanadan çıxandan sonra məntiqini tam olaraq itirib: “Onun bütün çıxışları ya xalqa qarşıdır, ya xalqı hədəfə alır, ya da ki, xalqın sözünü deyən, xalqın yanında dayanan insanları hədəfə alır. Bunun özü çox ciddi şübhələr doğurur. Ümumiyyətlə, partiya sədri olan şəxs və partiyasının bir nəfər üzvü də parlamentdə təmsil olunan adamın hər zaman parlamenti hədəf alması, parlament üzvlərini aşağılamaq cəhdi qəbuledilməzdir və həm də həmin şəxsin özü haqqında çox mənfi bir obraz formalaşdırır. Ən azından o, Milli Məclisdəki nümayəndəsinə - Erkin Qədirliyə hörmət qoymalıdır. İlqar Məmmədov bunu da etmir”.

R.Nurullayev qeyd etdi ki, rayon icra hakimiyyətinin başçısını Prezident təyin edir və vəzifədən kənarlaşdırır. Cənab Prezident icra başçısı təyin edəndə deputatın fikrini öyrənmir, qanunvericilikdə də belə bir tələb yoxdur: “Vilyam Hacıyev icra başçısı təyin olunanda məndən fikir soruşulmamışdı. İndi hörmətli Elçin Rzayev İmişliyə icra başçısı təyin edilib. Onunla çox gözəl iş münasibətlərimiz var. Elçin Rzayev də icra başçısı təyin edilən zaman mənimlə məsləhətləşmələr aparılmayıb. O baxımdan mən heç bir məsuliyyət daşıya bilmərəm. İkincisi, mən qanunvericilik hakimiyyətinin bir nümayəndəsiyəm, icra hakimiyyətinin başçısı isə icra hakimiyyətinin təmsilçisidir. Biz bir-birimizdən qanunla fərqli qurumlarıq, bir-birimizdən asılı olmayan təşkilatlarıq. Bir-birindən asılı olmayan orqanların nümayəndələrinin birinin səhvinə görə, o birisinin də cəzalandırılması çağırışının edilməsi tamamən məntiqdən uzaq məsələdir. Belə çıxır ki, rayonda baş verən hər hansı bir məsələyə görə də deputat cavab verməlidir. Belə çıxır ki, İlqar Məmmədovun düşüncəsi və təfəkkürü, siyasi yanaşması adi sıravi bir vətəndaşın yanaşmasından fərqlənmir. Məsələn, hər hansı bir vətəndaş həmişə bir şikayəti olanda deyir ki, deputat hara baxır, evində işıq sönür, deyir deputat hara baxır, qazının təzyiqi zəifdir, deyir deputat hara baxır, gedir hava limanında bilet alanda görür bahadır, deyir deputat hara baxır. Hər dəfə deputatı söyüşə ”qonaq" edir. Belə çıxır ki, ölkədə olan bütün problemlərin günahkarı ancaq deputatdır. Bu yanaşmanın özü də məntiqdən kənardır və düşünürəm ki, ən azından özü də müxalifət cərgəsində olan, özünə müxalifət deyən bir şəxs bu cür məntiqdən uzaq fikirləri səsləndirməməlidir. Bu cür fikirləri səsləndirməklə həm özünə, həm də partiyasına hörmət qoymur, müxalifət cəbhəsini də zəiflədir, müxalifətin birliyinə xələl gətirir".

Deputat REAL Partiyasının sədrinə tövsiyə etdi ki, fikir səsləndirmədən öncə bir fikirləşsin, düşünsün, sonra o fikri səsləndirsin: “Yox, əgər onun özünü ictimai rəydə gözdən salmaq kimi bir planı varsa və ya bu, onun bir siyasi gedişidirsə, partiyasının siyasi proqramıdırsa, Allah yolunu açıq etsin”.

Salyan-Neftçalanın deputatı Fəzail Ağamalı isə Modern.az-a deyib ki, hər kəs öz əməlinə görə məsuliyyət daşıyır: "Bu, çox qeyri-ciddi yanaşmadı. Deputat icra başçısı ilə rüşvət almaqda, korrupsiyada ortaq olub ki, İlqar Məmmədov bu təklifi irəli sürüb? Hər kəs öz əməlinə görə məsuliyyət daşımalıdır. Həbs edilən icra başçılarının törətdiyi cinayət əməllərinin deputatlara heç bir aidiyyatı yoxdur. Ona görə bu yanaşmanı mən çox məntiqsiz hesab edirəm".


Geri qayıt