Əsas Səhifə > Partiya, Güney Press > “Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi rəsmi İrəvanın indiyədək səhv yolda olmasının etirafıdır”

“Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi rəsmi İrəvanın indiyədək səhv yolda olmasının etirafıdır”


24-05-2021, 08:39
“Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi rəsmi İrəvanın indiyədək səhv yolda olmasının etirafıdır”
Bir neçə gün bundan öncə Prezident İlham Əliyev çıxışında Ermənistanın indiyədək çox böyük səhvə yol verdiyini başa düşdüyünü bildirmişdi. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistanın indiki vəziyyəti müstəqilliyini qazanan zamanla müqayisədə daha ağırdır. Ötən gün Ermənistanın Baş Naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın çıxışı, xüsusən Zəngəzur dəhlizi ilə bağlı mövqeyi əslində cənab Prezidentin nə qədər haqlı olduğunu bir daha ortaya çıxardı.

Bunu Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili bildirib ki, illərdir "zəif Azərbaycan" və "güclü Ermənistan" tezisi üzərində ictimai rəy formalaşdırmış erməni iqtidarları işğal dövründə iqtisadi reallıqları, Azərbaycanın artan imkanlarını, dəyişmiş güc balansını, Ermənistanın isə xarici yardımdan asılı qalmış dalan dövlətinə çevrilməsini hansısa formada daxili auditoriyadan gizlədə bilirdi: “Hətta, artıq zəhərlənmiş erməni cəmiyyəti ilə bərabər hay rəhbərləri özləri də öz yalanlarına inanaraq əmin idilər ki, "dənizdən-dənizə böyük Ermənistan" saxta ideologiyasının reallaşdırılması üçün münbit şərait yaranıb. Lakin "Azərbaycanı hər an darmadağın edib Bakıya qədər irəliləyə biləcək gücdə olmaları" ilə bağlı təbliğatın əvəzində Vətən Müharibəsində rüsvayçı formada məğlub olması, hərbi texnikalarının isə Bakıdakı Hərbi Qənimətlər Parkında sərgilənməsi Ermənistanda vəziyyəti köklü dəyişdi. Bu gün erməni hakimiyyəti illərlə yanlış təbliğatla zəhərlənmiş cəmiyyətə reallığı başa salmaqda, xüsusən, Zəngəzur dəhlizi barədə həqiqətləri açıqlamaqda acizdir. Görünən odur ki, Ermənistan hakimiyyəti zamanında yürütdüyü təcavüzkar erməni ideologiyasının qurbanına çevrilib. Üstəlik, böhran və ağır sosial-iqtisadi durum, xarici yardımların kifayət etməməsi, əhalinin Ermənistanı sürətlə tərk etməsi, ənənəvi tərəfdaşların bölgədə yalnız qaliblə tərəf müqabili olmaq istəyi, Azərbaycanla əməkdaşlığa üstünlük verməsi İrəvanı tam çıxılmaz vəziyyətə salıb”.

Bəhruz Məhərrəmovun sözlərinə görə, 10 noyabr bəyanatı ilə müəyyən olunmuş Zəngəzur dəhlizinin Prezident İlham Əliyev tərəfindən məcburi açdırılmaq imkanlarının real olması nə Paşinyanda, nə də komandanın digər üzvlərində şübhə doğurmur: “Lakin, kütlə həm illərlə aparılmış çirkin ideoloji işin təsiri, hazırkı müxalif qüvvələrin və revanşistlərin çağırışları ilə, habelə, hakimiyyətə inamsızlığın fonunda reallığa şübhə ilə yanaşır, nəyin doğru olduğunu anlamaqda çətinlik çəkir.

Təsadüfi deyil ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 21 may tarixində videoformatda keçirilən müzakirələrində 2 dəfə İtaliyanın Xarici İşlər naziri, 2004-2008-ci illərdə isə Avropa İttifaqının komissarı olmuş cənab Franko Frattini açıq şəkildə bildirdi ki, "Ermənistanda yaşayan sadə insanların daxili siyasi təbliğat səbəbindən təcrid olunmalarından, Qafqazın qalan hissəsi və onun hüdudlarından kənarında yaxşı əlaqələrin onların maraqlarına tam uyğun olmasından bəlkə də xəbərləri yoxdur."

"Görünən odur ki, sağlam və qərəzsiz beynəlxalq beyin mərkəzləri də reallığın fərqindədir və artıq nüfuzlu siyasətçilər belə Ermənistanın düşdüyü durumu dilə gətirməkdən çəkinmir. Prosesin gedişatının və zamanın onların əleyhinə işləməsinin Ermənistan hakimiyyəti də fərqindədir. Bu mənada, seçki gərginliyinə baxmayaraq, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi əslində 30 il ərzində rəsmi İrəvanın səhv yolda olmasının dolayısı ilə etirafı istiqamətində ilkin addımlardır”, deyə millət vəkili əlavə edib.


Geri qayıt