Əsas Səhifə > Partiya, Güney Press > “Şuşa Bəyannaməsi qeyri-adi dərəcədə ciddi sənəddir”

“Şuşa Bəyannaməsi qeyri-adi dərəcədə ciddi sənəddir”


18-06-2021, 09:11
“Şuşa Bəyannaməsi qeyri-adi dərəcədə ciddi sənəddir”
“Şuşa Bəyannaməsinin siyasi dəyəri ölçüyə gəlməzdir. Bu, min illər ərzində Azərbaycan və Türkiyə arasında müxtəlif dövrlərdə liderlərin yarada bilmədiyi müttəfiqlik müqaviləsidir”.

Bu sözləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsindən danışarkən deyib.

S. Cəlaloğlu bildirib ki, bundan sonra Türkiyə açıq şəkildə Azərbaycana olan təzyiqlərə qarşı fəal mövqe sərgiləyəcək, əgər lazım gələcəksə, ordusu və texnikası ilə Azərbaycanın yanında olacaq.

ADP sədri əlavə edib ki, Azərbaycan dövləti də Türkiyənin maraqlarını müdafiə edəcək: “Başqa sözlə, biz artıq konfederativ əlaqələr ərəfəsindəyik. Şuşa Bəyannaməsində olan fikirlər, məsələn, ordularımızın, hüquq-mühafizə orqanlarımızın, iqtisadiyyatımızın əlaqələndirilməsi əslində ittifaqa doğru hərəkət etdiyimizi göstərir. Mən bunu qeyri-adi dərəcədə tarixi addım və Azərbaycan üçün önəmli gediş kimi qiymətləndirərdim”.

S. Cəlaloğlu diqqətə çatdırıb ki, Azərbaycanın Türkiyə ilə belə bəyannamə imzalaması Rusiyanın maraqlarına zərbədir: “Bu o deməkdir ki, Azərbaycan özünə çox böyük və güclü müttəfiq tapıb. Bundan sonra Azərbaycanın hüquqlarını həm də Türkiyə qoruyacaq. Qars müqaviləsinə uyğun olaraq Türkiyənin Naxçıvan üzərində təminat hüququ vardı. Şuşa Bəyannaməsi vasitəsilə də bütövlükdə Azərbaycan üzərində belə bir təminat hüququ əldə edir. Prezident Əliyev Şuşada açıq dedi ki, bura həm də Türkiyənin ərazisidir. Bu hər şey deməkdir. Türkiyə öz ərazisinin nə qədər işğal altında qalmasına dözə bilərsə, Qarabağın da işğal altında qalmasına bir o qədər dözəcək. Bu, qeyri-adi dərəcədə ciddi sənəddir”.


Geri qayıt