Əsas Səhifə > Partiya, Güney Press > “Xəyali Turan ideyası artıq mədəni-siyasi anlama keçir”

“Xəyali Turan ideyası artıq mədəni-siyasi anlama keçir”


28-06-2021, 09:17
“Xəyali Turan ideyası artıq mədəni-siyasi anlama keçir”
“Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi tarixi hadisədir. Bu, iki qardaş ölkənin bir-birini bütün vəziyyətlərdə dəstəklədiyini göstərən sənəddir. Ancaq aydındır ki, bundan narazı olanlar da var. İndiki halda Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasına lüzum qalmayıb. Çünki sənəd olduqca əhatəlidir. Amma diqqət etsəniz görərsiniz ki, sənəd imzalandıqdan sonra xaricdə buna sevməyənlər bir yana, elə daxildən də bəziləri sənədin əleyhinə danışmağa başladı. Biri dedi ki, Azərbaycanın təhlükəsizlik konsepsiyasına uyğun deyil, digəri Azərbaycanda başqa dövlətin hərbi iştirakını doğru saymadı və s.”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Tahir Kərimli bildirib ki, Şuşa Bəyannaməsindən narazı qalanlar da Türkiyənin Cənubi Qafqazda və Azərbaycanda möhkəmləndiyini görürlər: “Əlbəttə ki, onlar yaranmış vəziyyətdən rahat deyillər. Ona görə də, öz kalonları vasitəsilə həm daxildə, həm də xaricdə müqavimət göstərirlər. Ancaq bu reallıqla barışmaq məcburiyyətindədirlər. Bu məsələ artıq bitib. Azərbaycan və Türkiyə çoxdan gözlənilən müttəfiqlik sazişlərini bağlayblar. Sənəd hərbi sahədən tutmuş kommunikasiya xətlərinə qədər böyük sahəni əhatə edir. Sözsüz ki, bunu istəməyən qüvvələr olacaq. Amma əsas odur ki, ortada iradə var və bu hadisə artıq baş verib. Aramızdakı insanlar da bəzən bunun əleyhinə çıxırlar”.

T. Kərimli əlavə edib ki, bu regionda ermənilərin havadarlarının kim olduğu artıq heç kimə sirr sayıla bilməz: “Erməni dövlətini forpost kimi burada yaradan, ona kömək edən, intensiv şəkildə Azərbaycanın maraqlarına qarşı işləyənin kim və hansı ölkələr olduğu aydındır. Amma dünya dəyişib”.

Partiya sədri qeyd edib ki, artıq müsəlman-türk xalqları da dünyada çoxalır: “Deməli, onların dövlət kimi imkanları da genişlənir. Əvvəl cəmi bir türk dövləti mövcud idi, indi baxın, görün neçə türk dövləti var. Rusiyanın tərkibində muxtar dövlətlər də mövcuddur. Məncə, onlar arasında əlaqələr genişlənir, mədəni-siyasi münasibətlər yaranır. Xəyali Turan ideyası artıq mədəni-siyasi anlama keçir”.


Geri qayıt