Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanda hələ də təyinatlı məmurlara üstünlük verilir”

“Azərbaycanda hələ də təyinatlı məmurlara üstünlük verilir”


3-07-2021, 08:36
“Azərbaycanda hələ də təyinatlı məmurlara üstünlük verilir”
Bakıda mer seçkilərinin hansı səbəbdən keçirilməməsi, nə zaman keçiriləcəyi vaxtaşırı gündəmə gələn məsələlər sırasındadır. Bunun da bir sıra səbəbləri var. Belə ki, 2008-ci ildə Azərbaycan Avropa Şurasına üzv olan digər ölkələr kimi paytaxt merinin seçkilər yolu ilə müəyyənləşməsi öhdəliyinə imza atıb.

Götürülən bu öhdəlik 13 ildir ki, həyata keçirilmir. Bununla Bakı Avropa Şurasına üzv olan dövlətlərin paytaxtları sırasında yeganə paytaxta çevrilib.

Aydınlar Partiyasının sədri, sabiq deputat Qulamhüseyn Əlibəyli mer seçkilərinin bütün ölkə üzrə keçirilməsini vacib hesab edir: “Hesab edirəm ki, yerli idarəetmə sistemində əsaslı dəyişikliyə və islahatlara ehtiyac var. O cümlədən, Azərbaycanda paytaxtda yerli bələdiyyə sistemi formalaşdırılmalıdır. Təkcə Bakının deyil, digər iri şəhərlərimizin idarəetməsi bələdiyyə tərəfindən seçilən, yaxud bilavasitə əhali tərəfindən seçilən mer tərəfindən həyata keçirilməlidir. Təəssüf ki, Azərbaycanda bələdiyyə sistemi formalaşdırılarkən Bakı şəhəri üçün bələdiyyə nəzərdə tutulmayıb. Baxmayaraq ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi, yəni yerli idarəetmə ilə məşğul olan konqres dəfələrlə bu tövsiyəni verir. Biz də dəfələrlə bu məsələni qaldırmışıq. Vaxtı ilə Milli Məclisin üzvü kimi bu məsələyə toxunmuşuq.

Təəssüf ki, hakimiyyət yerli idarəetmə sistemində əsaslı dəyişikliklər etmək istəmir. Bakı şəhərində bələdiyyə seçkiləri keçirmək fikrindən uzaqdırlar. Əgər bələdiyyə seçkiləri olarsa, Bakı şəhərində icra hakimiyyətinin fəaliyyətinə ümumiyyətlə ehtiyac qalmayacaq. Düşünürəm ki, təkcə Bakıda deyil, bütövlükdə rayon icra hakimiyyətlərinin ləğvi məsələsinə baxılmalıdır. İkin mərhələdə icra hakimiyyətlərinin səlahiyyətləri bələdiyyələrə və sonra da bələdiyyələr, yaxud əhali tərəfindən seçilən merlərə verilməlidir”.

AMİP-in beynəlxalq əlaqələr üzrə sədr müavini, siyasi şərhçi Elşən Mustafayev bəzi istisnalarla bütün dünyada bu seçkilərin keçirildiyini qeyd etdi: “İllərdir ki, Azərbaycanda böyük şəhərlərin, xüsusilə, Bakıya rəhbərliyin xalq səsverməsi ilə olmasına siyasi partiyalar, ictimai təşkilatlar, fəal vətəndaşlar çağırışlar edirlər. Bu təklifləri edənlər fərqli yollar göstərsələr də, seçki məsələsində eyni mövqe nümayiş etdirirlər. Əsasən böyük şəhər bələdiyyələrinin seçki yolu ilə formalaşdırılması və bələdiyyə sədrinin-merin birbaşa seçki yolu ilə müəyyənləşməsi təklif olunur. Bələdiyyə dedikdə hazırkı səlahiyyətsiz, icra strukturlarının maşasına çevrilmiş, xalq arasında nüfuzu olmayan bir qurumdan söhbət getmir. İnsanların ürəyindən keçən təxminən Türkiyənin böyük şəhər bələdiyyələri modelidir. Hazırkı qanunvericiliyimiz mərkəzi icra strukturlarına tabe olmayan geniş səlahiyyətli, şəhərin bütün təsərrüfatına şəriksiz məsuliyyət daşıyacaq böyük şəhər bələdiyyəsinin və merin seçilməsinə imkan vermir. Bunun üçün qanunvericilikdə dəyişikliklər olunmalıdır. Görünən isə odur ki, Azərbaycanda mərkəzi hakimiyyət bu cür idarəçiliyin olmasını istəmir. Rayonlarda bələdiyyələrin xırda təşəbbüslərinə belə imkan verməyən icra strukturları bütöv bir şəhərin idarəetməsini seçilmiş merə və bələdiyyə şurasına verilməsi fikrinə təbii ki, qarşı olacaqlar. Onlar üçün şəhərin təyin olunmuş məmur tərəfindən idarə olunması daha məqsədəuyğundur, nəinki xalq tərəfindən seçilmiş mer və şura üzvləri tərəfindən. Amma istər dövlətin, istərsə də, böyük şəhərlərimizin prestijini, nüfuzunu daxildə və xaricdə qaldırmaq üçün şəhərin seçkili mer və kollegial orqanlar tərəfindən idarə olunması vacibdir. Bu eyni zamanda dövlətin üzərinə düşən böyük bir yükün ortadan qalxmasına səbəb ola bilər. Qaranlıq reputasiyaya malik bir neçə kiçik Afrika və Asiya dövlətlərini nəzərə almasaq dünyanın bütün şəhərlərinin hamısında rəhbərlər-merlər seçki yolu müəyyənləşir. Keçmiş sovet respublikalarında, Cənubi Qafqazda-Ermənistanda, Gürcüstanda uzun illərdir ki, şəhər merləri seçki ilə seçilirlər. Tək Azərbaycanda hələ də təyinatlı məmurlara üstünlük verilir. Hansı ki, bu günə qədər təyin olunmuş bir şəhərin icra başçısı belə xalq arasında müsbət sözlərlə xatırlanmır”.
//musavat.com//


Geri qayıt