Əsas Səhifə > Partiya, Güney Press > "Ümid edək ki, bu islahat keçəcək"

"Ümid edək ki, bu islahat keçəcək"


23-08-2021, 09:51
"Ümid edək ki, bu islahat keçəcək"
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna dəyişiklik edilməsi nəticəsində əlillik dərəcəsinin verilməsi qaydası dəyişib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib ki, qanunda edilmiş dəyişikliklərdən sonra əlilliyin qiymətləndirilməsi ənənəvi 3 dərəcə əsasında deyil, daha geniş spektrdə olmaqla, yeni meyarlarla, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçiriləcək. Bu dəyişikliklərlə bağlı bir sıra qanun və məcəllələrdə də dəyişikliklər edilib.

Nəticədə qanunvericilikdə “əlilliyinin səbəbi, dərəcəsi” sözləri “orqanizminin funksiyalarının pozulması faizi, səbəbi” sözləri, “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri, “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri və “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, məsələ Milli Məclisdə geniş müzakirələrə səbəb olmuşdu. Yeni qanuna əsasən əvvəlki əlillik qruplarının müəyyən olunmasında əsas kimi götürüləcək həmin 1 faizlik fərqin rüsvət mənbəyinə cevrilməyəcəyinə kim zəmanət verə bilər? Narazılıqlara imkan verməmək üçün qanunun icra mexanizmi necə qurulacaq?

Millət vəkili Razi Nurullayev “Cümhuriyət” qəzetinə bildirib ki, əlillik dərəcələrinin verilməsi qaydası dəyişib və burada faizlər əlillik dərəcələrinin “insan orqanizminin funksiyasının pozulması” termini ilə əvəz olunmasında xətalı heç nə yoxdur:

“Ancaq bizdə də suallar yaranmışdı ki, bunu necə müəyyən edəcəklər. Bizə verilən izahatdan belə aydın oldu ki, 2015-ci ildə Nazirlər Kabinetinin bir qərarı olub və xəstəliklərin sayı iki dəfə azaldılaraq cəmi 250-yə salınıb. Məhz bunun nəticəsində də bir çox insanlar əlillik dərəcələrini itirmiş oldular və pensiyaları kəsildi. Ancaq indiki meyarlar üzrə yanvar ayının 1-dən yeni qanun qüvvəyə minir. Bu qanunda 800 meyar üzrə əlillik təyin olunacaq.

Bunların hamısı üst-üstə gəlinərək artıq qərar veriləcək ki, bədən üzvlərinin funksionallığını neçə faiz itirib. Artıq bu qanun qəbul olunub və onu tənqid etsək də, etməsək də heç nə dəyişmir. Ona görə də gözləmək lazımdır ki, yanvar ayının 1-dən bu qanun tətbiq olunsun, onun həyata keçirilmə mexanizminə baxaq. O zaman biz görəcəyik ki, çatışmayan cəhətlər haradadır, hansı müsbət, hansı mənfidir. Hansı problem var, yaxud qeyri-şəffaflığa imkanlar yaradır. Bu zaman artıq Milli Məclisdə həmin qanuna dəyişikliklərin edilməsi ilə bağlı məsələləri qaldıra biləcəyik”.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, bu mövzu ilə bağlı təkliflər edildi və qanunvericilikdə dəyişiklər oldu:

“Lakin bunun tam mənada əlillərə nə dərəcədə təsir göstərəcəyini söyləmək çətindir. Ümid edək ki, bu islahat keçəcək. Burada əsas məsələ əlillikdən məhrum olan, tanınmayan əliliklərə görə xəstəlik daşıyıcısı olmasına baxmayaraq, əlillərin işlə təmin olunmamasıdır. İndiyə qədər dolanışıq yeri olan, aldıqları müavinətlərin itirilməsi onların böyük bir probleminə çevrilir. Əlilik müəyyən edilərkən 1 faizin belə düzgün təyin edilməməsinin yol açacağı problemə gəldikdə isə onu mən deyə bilmərəm. Dəfələlərlə araşdırılandan sonra müzakirə olunacaq məsələdir. Nəticə nə olacaq onu gedişatlar göstərəcək ki, işləyir, yaxud işləmir”.


Geri qayıt