Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan onları mütləq məhkəmələrə verməlidir"

"Azərbaycan onları mütləq məhkəmələrə verməlidir"


22-10-2021, 08:38
"Azərbaycan onları mütləq məhkəmələrə verməlidir"
“Oxçuçay təbii fəlakət zonasıdır. Orada götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi bəlkə də normanı 10 dəfə, 20 dəfə üstələyir”. Bu barədə Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlətimizin başçısı deyib ki, bu çayları da təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək.

Dövlət başçısının da bildirdiyi kimi, hazırda işğaldan azad edilmiş ərazilərimizin əsas ekoloji problemlərindən biri Oxçuçayın çirkləndirilməsidir. Ən təhlükəli məqamlardan biri də budur ki, radioaktiv tullantılar çaylara axıdılır. Bütün bunlar isə beynəlxalq cinayətdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Həmin sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Oxçuçayda fəlakətli vəziyyət yaradan əsas cinayətkarlar Ermənistanda dağ-mədən şirkətləridir. Təəssüf ki, bu prosesdə Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti də yaxından iştirak edib. Cəmiyyətimizin müxtəlif təbəqələri, dövlət qurumları, qeyri-hökumət təşkilatları, o cümlədən media təşkilatları problemlə bağlı beynəlxalq qurumlara müraciət edib. Beynəlxalq qurumlar bu məsələdə həm Azərbaycana dəstək olmağa, həm də yaranış ekoloji fəlakətin nəticələrini aradan qaldırmağa can atmalıdırlar. Qeyd edək ki, ekoloji terror - konkret ölkə və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Ermənistan isə insan haqlarına riayət etmədiyi kimi beynəlxalq hüququn bu prinsiplərinə də əməl etmir.

Artıq Azərbaycanın dövlət qurumları məhz Oxçuçayla bağlı hərəkətə keçib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, nazirlik və digər aidiyyəti qurumlar Ermənistanın Oxçuçayı çirkləndirmə səviyyəsini azaltması ilə bağlı əməli işlərə başlayıb. Onun sözlərinə görə, çayların çirkləndirilməsinin dayandırılması vacib məsələdir: “Çünki azad edilən ərazilərə qayıdan əhalinin təmiz su ilə təminatı dövlətin öhdəliyidir”.

O xatırladıb ki, Azərbaycanın Ermənistan ərazisindən keçib gələn 4 çayı var: “Bunlar Bərgüşad, Oxçuçay, Bəsitçay və Araz çayıdır. Araz çayı İran və Ermənistan ərazilərindən keçməklə gəlir. Bu çayların içərisində çirklənməsinə görə ən kritik vəziyyətdə olan Oxçuçaydır”.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Asim Mollazadə bildirdi ki, Azərbaycan hökuməti bununla bağlı məhkəmələrə də müraciət hazırlayıb: “Xarici şirkətlərin də bu prosesdə iştirakını nəzərə alsaq, Azərbaycan onları bu ziyanı ödəmək üçün mütləq məhkəmələrə verməli və müvafirq qərarlar çıxarılmalıdır, onlar ədalət hökmünə cəlb edilməlidirlər. Biz artıq bir sıra beynəlxalq məhkəmələrə müraciətlər etmişik. Hazırda Haaqa məhkəməsində də proses gedir”.

Deputat hesab edir ki, biz Azərbaycanın təbiətinin bərpası ilə bağlı BMT-nin müvafiq qurumlarının iştirakını təmin eləmək üçün onları dəvət etməliyik: “Çünki əslində ”böyük qayıdış" layihəsinin ən əsas məqamları məhz təbiəti bərpa etməkdir. Bizim işimiz orada olan su mənbələrimizə, meşələrə çox ehtiyatla yanaşaraq, ümumiyyətlə, bütün yerli strukturları, təbiəti qoruyaraq məskunlaşma aparmaqdır. O cümlədən zamanla yeni enerji mənbələrindən istifadə olunmalıdır ki, Qarabağın təbiətini biz qoruya bilək. Ermənistandan bu istiqamətdə hansısa vəsaitləri tələb etmək, onu almaq çətin olacaq. Lakin ən azı beynəlxalq məhkəmələrə verib, onları ədalətli hökmə məhkum etməliyik".

Əlbəttə, məsələ təkcə Oxçuçayla bitmir. Ölkəmizin yerüstü su ehtiyatlarının təxminən 70 faizinin qonşu ölkələrdə və transsərhəd su axınları hesabına formalaşdığını, eyni zamanda transsərhəd çayların böyük bir hissəsinin Ermənistandan Azərbaycan ərazisinə axdığını nəzərə alsaq, Ermənistanın hələ də beynəlxalq Helsinki Konvensiyasına qoşulmaması böyük təəssüf hissi doğurur. Ermənistan bugünədək mövcud razılaşmaya qoşulmayıb konvensiyanı ratifikasiya etməkdən boyun qaçıraraq, onun bütün prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Eyni zamanda Helsinki Konvensiyasının əhalinin sağlamlığının qorunması, su ehtiyatlarının daha yaxşı idarə edilməsi və çirkləndirilməsinin azaldılması prinsiplərini özündə əks etdirən “Su və sağlamlıq haqqında” Protokolu Ermənistan hökuməti tərəfindən 1999-cu ildə imzalansa da, bu günədək hələ də qüvvəyə minməyib. Azərbaycan su mənbələrinin ekoloji təmizliyini qorumaq üçün Ermənistanla münasibətlərin qaydaya salınması fonunda bu məsələləri də gündəmə gətirməli və məsələni beynəlxalq hüquq normaları çərçivəsində həll etməlidir.

Geri qayıt