Əsas Səhifə > Partiya, Güney Press > "Ağdama səfər edəndə tanımadığım partiya sədrləri gördüm"

"Ağdama səfər edəndə tanımadığım partiya sədrləri gördüm"


22-10-2021, 09:33
"Ağdama səfər edəndə tanımadığım partiya sədrləri gördüm"
Son bir həftədə iki partiya-Qubad İbadoğlunun sədr seçildiyi ADR və Demokratik Dəyişim Partiyası (DDP) yaradıldığı elan edilib.

DDP-nin Təşkilat Komitəsinin sədri vəzifəsinə Əli Mustafa seçilib. Yeni Partiyanın təsis edilməsinin əsas məqsədi Azərbaycan xalqının suverenliyinin qorunmasına, ölkədə həqiqi demokratiyanın bərqərar olunmasına və milli maraqların təmin edilməsinə nail olmaqdır. Onun dediyinə görə, yaxın günlərdə təşkilatın regional strukturlarının yaradılması üzrə işlərin həyata keçirilməsi və təsis qurultayının reallaşdırılması nəzərdə tutulur.

Əvvəlki dövrlərdə partiyaların məramnaməsinin əsas bazasını Qarabağ probleminin həlli təşkil edirdi. İndi isə Azərbaycanın belə bir problemi yoxdur. Qarabağ problemi səbəbdən əvvəlki illərdə yaradılan partiyalara diqqət vardı. İndi isə cəmiyyətin partiyalara əvvəlki marağı da qalmayıb. Hakimiyyəti tənqid edəcək sahələr çoxdur, amma kiminsə gəlib bu məsələləri daha yaxşı həll edəcəyinə xalqın inamı qalmayıb.

Bəs yeni partiyaların yaradılması zərurəti haradan doğur? Onilliklərin partiyaları az qala tarixin arxivinə gömüldüyü zaman, yeni partiyaların siyasi uğur qazanması mümkündürmü? Qarabağın işğaldan azad edilməsindən sonra həm indi, həm də illər öncə yaradılmış partiyaların sosial baza toplamaq və hakimiyyətə ciddi alternativ təşkil etmək perspektivi varmı?

YAP-çı deputat Ceyhun Məmmədov bir sıra hallarda müxalifətin qərəzli mövqe sərgilədiyini qeyd etdi: “Hesab edirəm ki, partiyaların əsas məqsədi, hədəfi müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlətçiliyimizin gücləndirilməsi olmalıdır. Bu gün Azərbaycanda kifayət qədər partiyalar var. Yeni partiyalar da yaradılmaqdadır. Əvvəlki dövrdə Qarabağ məsələsi əsas idi, prioritet mövzulardan birini təşkil edirdi. Ən çox hakimiyyəti ona görə tənqid edirdilər. Ancaq hazırkı vəziyyətə gəldikdə hesab edirəm ki, bu gün cəmiyyətdə müəyyən sosial problemlər var. Müxalifət partiyalarının əsas işi və funksiyası yalnız iqtidarın səhvlərini tapıb hər şeyi qara rəngdə görməkdən ibarət deyil. Bu gün təəssüflər olsun ki, bir çox hallarda biz bunu görürük. Azərbaycan hökuməti cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə çox böyük işlər görür. Biz bu gün təəssüflə qeyd etməliyəm ki, bir sıra hallarda qələbəmizin gözdən salınması cəhdlərinə rast gəlirik. Burada iqtidarın həyata keçirdiyi siyasət heçə sayılaraq, başqa faktorların qabardılmasına çalışılır. Şübhəsizdir ki, bu qələbənin əsas aparıcı qüvvəsi Prezidentin həyata keçirdiyi siyasət, ulu öndərin illər öncə başlatdığı proses, ordumuzun rəşadəti, vətənpərvər övladlarımızın qəhrəmanlığı oldu. Sosial şəbəkələrdə paylaşımlara baxanda, bir çox məsələləri analiz edəndə görürük ki, bir sıra hallarda müxalifətin ittihamları qərəzlidir. Hər şeyi qara görmək cəhdləri daha çox sezilir. Bəli, bu gün Azərbaycanda da, dünyanın ayrı-ayrı ölkələrində də iqtidarın tənqid olunması mümkündür. Ölkəmizdə də bu, təbii qəbul edilir. Amma tənqidlər obyektiv olmalıdır. Tənqid olarkən qarşı tərəf təkliflərini verməlidir. Cəmiyyətimizi narahat edən sosial məsələlər də var. Müxalifət həm də hesab edirəm ki, iqtidarın bir köməkçisi olmalıdır. O mənadakı ümummilli məsələlərdə vahid bir mövqe nümayiş etdirilməlidir. Hazırkı bir sıra partiyaların iş-gücləri odur ki, ”iqtidarın işləri pisdir, yanlış yoldadır". Bu, ən azından vicdansızlıqdır. Ola bilər ki, müəyyən problemlər olsun. Amma dövlət bunun qarşısını almağa çalışır. Biz son 200 ildə tariximizin ən şərəfli günlərindən birini yaşayırıq, möhtəşəm qələbəmizi təmin etmişik. Burada üzərimizə düşən, qarşımıza qoyduğumuz əsas hədəf odur ki, məqsədlərimizə nail olaq. Addımlarımızı düzgün ataraq, qələbəmizin daha da möhkəmləndirilməsinə, dövlətimizin daha da gücləndirilməsinə töhfəmizi verməyə çalışmalıyıq. Hamının bir məqsədi, məramı olmalıdır".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev yeni yaradılan partiyalara uğurlar arzuladı: “İnsanların müxtəlif hüquqları, o cümlədən də siyasi fəaliyyətlə məşğul olmaq hüquqları var. Bu baxımdan da hansısa siyasi partiya qurulursa, o partiya qurucularına uğurlar arzulamaq lazımdır. Ölkədə Qarabağla da, sosial-iqtisadi məsələlərlə də, demokratik seçkilərlə də və s. bağlı problemlər var. Kim nəyi önə çəkir, bu başqa məsələ. Ən ciddi məsələ yeni, yüksək təhsilli gənclərin siyasi fəaliyyətdən kənarda qalmalarıdır. Yəni yeni gənclik Azərbaycan siyasətində öz perspektivini görmür. Bu baxımdan da partiya qurucuları içərisində yeni adamlar görünmür. Təəssüf ki, belədir və bunun da öz səbəbləri var. Tənqidlə məsələ həll olunmur. Yeni alternativlər ölkədə köklü dəyişikliyə səbəb ola bilər ki, məncə, o da yeni nəsildir. Təəssüf ki, illərlə siyasi partiyalara qarşı müxtəlif istiqamətlərdə aparılmış, bu gün də davam etdirilən gözdənsalma kampaniyası, alternativ fikir daşıyıcılarına qarşı söyüş, təhqirlər və saxta yolla keçirilən seçkilər Azərbaycan gəncliyinin kütləvi surətdə siyasi fəallığına ciddi mane olur. Məhz bu səbəbdən də gənclər içindən müxtəlif radikal dini və s. kəsimə qoşulanlar çoxalır. Nəhayət, ölkədə keçiriləcək bircə demokratik seçki daşları yerində oturdacaq. Biz buna nail olmalıyıq”.

ALDP rəhbəri Fuad Əliyev isə bunları dedi: “Yeni yaranan partiyalara uğurlar arzulayıram. Partiyanın yaranmasını, məqsədi və məramnaməsini elan etmək olar. Əsas bundan sonrakı fəaliyyətdir, bəyan etdiyin ideyaları həyata keçirməkdir. Ən çətin proses budur. Partiyaların fəaliyyəti, sosial baza toplamaq baxımdan çox çətindir. Çünki vətəndaşı bu gün siyasət maraqlandırmır. Onu bir məsələ maraqlandırır, evə gedəndə əli boş getməsin, nəsə alıb getsin. Gecə-gündüz iş haqqında fikirləşən vətəndaşları siyasət maraqlanmır. Digər tərəfdən, qeydiyyatdan keçən 52 partiya var. Qeydiyyatsız haradasa 15 partiya mövcuddur. Ümumi desək, 67 partiya var. İndi olmasın 67, olsun 69 partiya. Əsas odur ki, aktiv fəaliyyət göstərəsən. Ağdama səfər edəndə tanımadığım partiya sədrləri gördüm. Orada bildim ki, onlar partiya sədrləridir. Onları nə keçirilən seçkilərdə görmüşəm, nə də ki, adları mətbuatda rastıma çıxıb. Bax belə partiyaların qeydiyyatı ləğv olunmalıdır. Tanıdığım Qubad bəy siyasətdə yeni sima deyil, tanınmış siyasətçıdır, özünəməxsus yeri var. ADR partiya elan olunmamışdan qabaq, hərəkat formasında fəaliyyət göstərib. İctimai-siyasi proseslərdə çox aktiv olub və kifayət qədər sosial bazası var. Arzu edirəm ki, DDP Təşkilat Komitəsi yaxın bir zamanda qurultaylarını keçirib ölkəmizin ictimai-siyasi həyatına aktiv formada qatılsınlar”.
“Yeni Müsavat”

Geri qayıt