Əsas Səhifə > Partiya, Güney Press > “Görüşə ehtiyac var, amma bunun noyabrın 8 və ya 9-da olması...”

“Görüşə ehtiyac var, amma bunun noyabrın 8 və ya 9-da olması...”


25-10-2021, 09:17
“Görüşə ehtiyac var, amma bunun noyabrın 8 və ya 9-da olması...”
“Noyabrın 8 və ya 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvada, Rusiyanın dövlət başçısı Putinin iştirakı ilə bir araya gələcəyinə dair məlumatlarla mən də tanışam. Ancaq bunu təsdiq edən nəsə varmı? Təsdiqini tapmayan məlumatı necə şərh etmək olar? Rəsmi Bakı, Moskva və İrəvan bu barədə hər hansı şərh verməyib. Məncə, bunlar söhbətdir”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov xatırladıb ki, yayılan məlumatlarda az qala sülh müqaviləsinin bağlanacağından bəhs olunur: “Bu sənəd nə dərəcədə hazırdır, bunu bilmirik.

İkincisi, hələlik komissiya yaradılmayıb ki, sərhəddin müəyyənləşməsi xəritələrlə işləsin. Bir çox suallar var ki, mən bu səbəbdən yayılan məlumatı ciddi qəbul etmirəm. Bu səbəbdən də şərh etməyə ehtiyac görmürəm”.

Politoloq əlavə edib ki, normalda belə bir görüş ola bilər, amma həmin görüşdə az qala sülh müqaviləsinin imzalanacağını real saymır. Çünki bunun üçün öncədən hazırlıq olmalıdır.

R. Musabəyov bildirib ki, tərəflər sonuncu dəfə yanvarın 11-də görüşüblər: “İl başa çatsa da, bir çox məsələlər qalıb. Yəni Paşinyan seçkilərə getdi, bəzi məsələlərdə fasilə yarandı. İndi dəhlizlər, sərhəd, kommunikasiya ilə bağlı məsələlər müzakirə edilir.

Bəli, görüş həyata keçirilə bilər. Lakin düşünmürəm ki, bu, noyabrın 9-da olsun. Əvvəla, noyabrın 8-i Azərbaycanda Qələbə, 9-u Bayraq Günüdür. Bundan əvvəlki günlər də şənbə və bazara düşür.

Mən görüşün ola biləcəyini düşünürəm, amma bunun noyabrın 8 və ya 9-da olacağı haqda məlumatım yoxdur”.

Politoloq sonda diqqətə çatdırıb ki, görüşdən bir il keçib və bəzi məsələlərin yüksək səviyyədə müzakirəsinə ehtiyac var. Belə bir görüşün Putin tərəfindən təşkili gözləniləndir.


Geri qayıt