Əsas Səhifə > Partiya, Güney Press > “Bu gün reallığı qəbul etməyən, buna qarşı çıxan ermənilər faşist Njdenin ideyası ilə yaşayan ermənilərdir”

“Bu gün reallığı qəbul etməyən, buna qarşı çıxan ermənilər faşist Njdenin ideyası ilə yaşayan ermənilərdir”


26-10-2021, 10:36
“Bu gün reallığı qəbul etməyən, buna qarşı çıxan ermənilər faşist Njdenin ideyası ilə yaşayan ermənilərdir”
Noyabrın ilk ongünlüyündə Kremldə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcəyi planlaşdırılır. Bu barədə “RİA Novosti” Agentliyi vəziyyətlə yaxından tanış olan mənbəyə istinadən məlumat yayıb. Qeyd edilib ki, Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında görüş noyabrın 8-i və ya 9-da keçirilə bilər. Xəbərdə liderlərin növbəti görüşündə iki maddəli sənədin imzalanacağı bildirilib.

“Birinci maddə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq. Bu mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə özləri üçün məsələnin həlli ilə bağlı "yol xəritəsini" müəyyən edəcəklər. İkinci sənəd bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair olacaq. Bu məsələ hələ ötən ilin noyabrında üç ölkənin liderləri tərəfindən qəbul olunmuş Birgə Bəyanatda öz əksini tapmışdı”, - deyə Agentlik mənbəsinə istinadən yazıb.

Rəsmi Bakı məlumatı nə təsdiq, nə də təkzib edib. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə bildirib ki, liderlərin görüşü barədə razılıq əldə olunarsa, bu barədə açıqlama veriləcək. Ermənistan tərəfi isə bir görüşün olacağını təkzib edib və bildirib ki, məlumat dezinformasiya xarakteri daşıyıb. Lakin rəsmi İrəvan məlumatı yayan Agentliyin adını çəkərək irad bildirməyib.

Qeyd edək ki, “RİA Novosti” Rusiya hökumətinə bağlı informasiya agentliyidir. Ona görə də, liderlərin noyabrın 8-i və ya 9-da görüşəcəyi ehtimalı yüksəkdir.

Müharibənin bitməsinin ildönümündə sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat-kommunikasiyaların açılması ilə bağlı yekun qərarın verilməsi gözləniləndir. Çünki bu məsələlərlə bağlı həm Azərbaycan, həm Rusiya, həm də Ermənistan liderləri müsbət müsajlar veriblər. Analitiklər bildirirlər ki, tərəflərdə siyasi iradə varsa, məsələlərin tezliklə həllinə qovuşması realdır.

Postmünaqişə dövründə Azərbaycanın siyasəti, münaqişə ilə bağlı sürətlənən prosesləri AYNA-ya şərh edən Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə xatırladıb ki, konflikt həllini tapıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

Millət vəkilinin sözlərinə görə, hazırda Azərbaycan dövlətinin və xalqının qarşısında dayanan əsas məsələ “Böyük Qayıdış” layihəsidir: “Bu istiqamətdə də çox mühüm işlər görülməkdədir. Baxın, 8 ay ərzində Füzulidə beynəlxalq aeroport inşa olundu, Zəngilanda “Ağıllı kənd” layihəsi icra edilir ki, gələn ilin əvvəlində sakinlərin öz yurdlarına dönüşü planlaşdırılıb. Azad edilən ərazilərdə infrastruktur sürətlə bərpa edilməkdədir. Zəngilan böyük nəqliyyat qovşağı olacaq, Zəngəzur dəhlizinə çıxış, Naxçıvana, Türkiyəyə, dünyaya yeni bir istiqamət açılır. Bu gün Ermənistan da mövcud reallıqlarla hesablaşmağa məcbur vəziyyətdədir. Hesab edirəm ki, rəsmi İrəvan yaxın müddətdə zəruri addımlar atacaq. Sərhədlərin delimitasiya və demarkasiyası həllini tapacaq. Eyni zamanda, nəqliyyat-kommunikasiya bərpa olunacaq. Yenə də deyirəm ki, bizim üçün ən böyük məsələ Qarabağa qayıdışın həyata keçirilməsidir. Bizim yüz minlərlə vətəndaşımız ata-baba yurdlarına qayıtmalıdırlar və Qarabağ elə səviyyədə bərpa olunmalıdır ki, dünyada nümunəvi bölgəyə çevrilsin. Əminəm ki, mədəniyyət paytaxtımız Şuşa öz rolunu oynamağa başlayacaq, turizm mərkəzləri fəaliyyətə başlayacaq. Böyük layihələr var ki, bunlar bölgədə sülh və sabitliyin olmasını tələb edir. Sabitliyi, sülhü yaratmaq Azərbaycanın əsas məqsədidir. Hesab edirəm ki, verilən bəyanatlar sülhə doğru irəliləyişdir”.

Liderlərin Moskva görüşü xəbərinə münasibətdə A.Mollazadə deyib ki, bu, hazırkı real prosesləri özündə əks etdirən məlumatdır: “Şübhə etmirəm ki, proses problemlərin həllini tapması istiqamətində gedir. Reallıq onu tələb edir ki, bölgədə sülh və əməkdaşlıq bərqərar olsun. Bu məsələdə bütün qüvvələrin maraqları üst-üstə düşür. Ən əsası isə reallıqla hesablaşmalı olan, daha doğrusu, hesablaşmağa məcbur qalan Ermənistandır”.

“Bu gün reallığı qəbul etməyən, buna qarşı çıxan ermənilər faşist Njdenin ideyası ilə yaşayan ermənilərdir. Onlar ABŞ-da, Fransada və digər ölkələrində yerləşiblər. Ermənistanda da hazırda ədalət qarşısına çıxarılmayan hərbi cinayətkarlar var. Onlar məğlubiyyətlə barışa bilmirlər. Lakin Ermənistan əhalisi onlardan ibarət deyil. Əhalinin böyük əksəriyyəti sülh istəməyən erməni qüvvələrinə səmimi şəkildə nifrət edirlər. Sadə ermənilər bölgədə sülh, əməkdaşlıq istəyirlər”, - deyə deputat əlavə edib.

A.Mollazadə sərhədlərin delimitasiya və demarkasiyasının Sovet İttifaqının hansı ilinin xəritələri əsasında aparılmalı olduğu fikrinə toxunarkən bildirib ki, bu istiqamətdə əsas Azərbaycanın sözüdür: “Əsas söz sahibi Azərbaycandır. Hesab edirəm ki, Azərbaycan Rusiya ilə ortaq fikirə yaxınlaşacaq, bu istiqamətdə qərar veriləcək”.

Proseslərdə Türkiyənin roluna gəldikdə isə millət vəkili vurğulayıb ki, rəsmi Ankara hər zamankı kimi Bakının yanındadır: “Yəni Azərbaycan nəyi istəyirsə, Türkiyə o fikri dəstəkləyir. Biz qardaş ölkəyik, ona görə də istəklərimiz eynidir”.



Geri qayıt