Əsas Səhifə > Partiya, Güney Press > AXCP sədri Əli Kərimli “İran susqunluğu”nu pozub...

AXCP sədri Əli Kərimli “İran susqunluğu”nu pozub...


28-10-2021, 12:10
AXCP sədri Əli Kərimli “İran susqunluğu”nu pozub...
AXCP sədri Əli Kərimli “İran susqunluğu”nu pozub.

Amma necə və nə vaxt? Xeyli müddətdir ki, iki ölkə arasında davam edən gərginlik nisbətən azaldığı, hər iki tərəfin, xüsusən rəsmi Tehranın dostluq münasibətlərinin davamlı olması barədə açıqlamalarından sonra Əli Kərimli məsələyə münasibət bildirməyi lazım bilib. Yaxud məhz elə indi ona özəl icazə tanınıb. AXCP sədri sosial şəbəkədə “İran öz maşınlarının Laçın və Qarabağa daxil olmasını qadağan edir. Azərbaycan isə daha əvvəl həbs etdiyi İran vətəndaşı sürücüləri İrana təhvil verib. Yaxşı xəbərdir. Bizə lazım olmayan daha bir beynəlxalq gərginliyin həllini tapacağına ümid yaradır. Ancaq təəssüf ki, günahsız azərbaycanlılar sərhədin hər iki tərəfində incidilməkdə davam edir. Uzun illər dost, qardaş olmuş Azərbaycan və İran rəhbərlərinin münasibəti pozulub deyə sərhədin hər iki tərəfində günahsız soydaşlarımız həbs olunur. İran tərəfi ötənilki savaş zamanı Ərdəbildə Qarabağa dəstək aksiyası təşkil etmiş Qarabağsevərləri həbs edib.

Azərbaycan hakimiyyəti də İranın acığına (?) bəzi inanclı vətəndaşlarını həbs edib. Yaxşı haldır ki, saxlanılanlardan tanınmış ilahiyyatçı Hacı İlqar tez azad olundu. Ancaq digərləri hələ həbsdədir. Həbs olunanlardan biri Hacı Sərdar Hacıhəsənli daha əvvəl də 3 illik siyasi məhbus həyatı yaşayıb. Hacı Sərdarı şəxsən tanıyan dostlarım deyir ki, o, Rəsulzadə sevdalısı olan bir vətənpəvərdir. Hökumət səhvini düzəldib Hacı Sərdar və digər günahsız dindarları azad etməlidir. İran hakimiyyəti də acığını Ərdəbilin günahsız azərbaycanlılarından çıxmasın. Hazırda həbsdə olan 12 nəfər cənubi azərbaycanlı Qarabağsevər də azad edilməlidir”,-deyə yazıb.

Burada diqqəti çəkən məqam AXCP sədrinin “Bizə lazım olmayan daha bir beynəlxalq gərginliyin həllini tapacağına ümid yaradır” sözləri deyil. Zatən heç kəs beynəlxalq gərginliyin təfədarı deyil, xüsusən elə bir şaraitdə ki, sərhədin o tayında 30 millyondan artıq soydaşımız yaşayır. Amma AXCP sədri demir ki, bu gərginliyi İran başladıb, İran davam etdirib, qarşı tərəfdən, yəni Azəbaycandan da sərt reaksiya görəndə geri çəkilib, daha münasib zaman gözləməyi üstün tutub. Əli Kərimli etiraf etmir ki, İran Birinci Qarabağ müharibəsində də Azərbaycanın məğlubiyyət üçün bacardığı hər şeyi edib. Kimsə bilməsə də, Birinci Qarabağ müharibəsinin bir dönəmində yüksək dövlət postu tutmuş - dövlət katibi işləyən Əli Kərimli bundan xəbərdardır. Bəlkə əlində kifayət qədər faktlar da var, hər halda dövlət məmuru kimi bu proseslərdən kənarda qalmayıb. Bəs ona niyə indiyə qədər susub? Susmağı bir tərəfə, İranla bağlı məsələdə elə mövqe nümayiş etdirib ki, sanki haqlı tərəf Tehrandır, Bakı yox...

“Azərbaycan hakimiyyəti də İranın acığına (?) bəzi inanclı vətəndaşlarını həbs edib”,- deməklə isə AXCP sədri sözünün canını ortaya qoyub. Aydın olub ki, Kərimlinin yeganə dərdi son günlər bəzi şəxslərin saxlanılmasıdır.

Bir partiya sədri, özünü “ana müxalifət” elan edən şəxs necə olur ki, dövlətin milli təhlükəsizliyi naminə həyata keçirilən tədbirləri “hakimiyyətin İranın acığına etdiyi hərəkət” kimi təqdim edir? Əli Kərimli dövlətin kiminsə, nəyinsə acığına idarə olunduğunu düşünəcək və sosial şəbəkə yazacaq, iddia edəcək qədər bəsit düşünürmü? Təbii ki, yox. Kərimlinin də bildiyi çox şey var. Sadəcə, bu münasibətlə Kərimli ortaya mövqe qoyub, ona “Niyə susursan?” sualı verənlərin arqumentlərini kəsməyə çalışıb, həm İranın könlünü xoş tutub, həm də "siyasət oyunu oynamağa" cəhd edib.

Milli təhlükəsizlik məsələsi prioritetdir, istər iqtidar, istər müxalifət üçün. Əgər ortada qərar varsa, deməli, ciddi şübhələr var, şübhələrin təsdiqlənib-təsdiqlənməyəcəyi istintaqın və məhkəmənin gedişində məlum olacaq. Bəs onda niyə İran məsələsində susan Kərimli indi tələskənlik edir? Rəsmi Tehranın Azərbaycana qarşı təhdidlərinə günlərlə israrla susan AXCP sədri Azərbaycanın cavab tədbirlərinə niyə bu qədər dözümsüzlük göstərir? Üstəlik saxlanılanların İran məsələsinə bağlılığı, AXCP sədrinin təbirincə desək, “İranın acığına saxlanılmaları” hələlik ancaq Kərimlinin versiyasıdır. Milli təhlükəsizlik məsələsindən də siyasi maraqlarının təmini üçün istifadəyə çalışan Əli Kərimli üçün hər şeyi qurban vermək adi normadır. Bu dəfə də elə etdi...

Geri qayıt