Əsas Səhifə > Partiya, Güney Press > “Köhnə başçılarda vicdan, yenilərdə isə bacarıq yoxdur”

“Köhnə başçılarda vicdan, yenilərdə isə bacarıq yoxdur”


29-10-2021, 14:49
“Köhnə başçılarda vicdan, yenilərdə isə bacarıq yoxdur”
Xəbər verdiyimiz kimi ötən gün Gəncə İcra Hakimiyyətinin qarşısında şəhid anasının həblər içərək intihara cəhd edib. Daha sonra qazilərin müəyyən problemlərlə bağlı yolu bağlaması, hətta polisə aparılmaları barədə xəbərlər yayıldı.
Bu isə insanlar tərəfindən birmənalı qarşılanmadı və geniş müzakirələrə səbəb oldu.
Bəs problemlərdə məsuliyyəti kimlər daşıyır? Vətəndaşlar niyə icra hakimiyyətlərindən, dövlət qurumlarından narazıdırlar?
Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Bakupost.az -a bildirib ki, burada icra hakimiyyətlərinin şəxsi göstəriciləri, siyasi karyeraları, haradan gəldikləri, kimlər vasitəsilə o posta layiq görüldükləri, bugünə qədərki fəaliyyətləri çox önəmli rol oynayır:
“Bu insanlar bu günə qədər xalqa xidmət anlayışında olmayıblar. Onlar xalqın xidmətində durmaq üçün yox, öz şəxsi mənafelərini təmin etmək üçün təyin edilən insanlardır. Dünənə qədər də belə intiharlar, etirazlar olub. Sadəcə olaraq, mediada ona görə bu qədər işıqlandırılmayıb ki, Həmin şəxslər şəhid anası, qazi, veteran olmayıb. O qədər də diqqətə alınmayıblar. Belə vətəndaşları yerli icra orqanları belə ciddiyə almırdılar, bir çox hallarda “qərəzlidir, yalançıdır və yaxud təxribat” adı altında rahat yola verirdilər”.

Partiya sədri qeyd edib ki, Vətən müharibəsindən sonra yeni sosial təbəqə yaranıb:
“Onlar şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçılarıdır. Lakin bu insanlara icra hakimiyyətləri adi şikayətçilər kimi yanaşır. Necə ki adi vətəndaş müraciət edir, onu yola verirlər, eləcə də şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına eyni qayda ilə yanaşırlar.
Şəhid anası intihar edir, veteran özünü yandırmağa çalışır, qazilərimiz hansısa problemin həll olunmamasına görə yolu bağlayır və bunlar da mediada yayılandan sonra məlum olur ki, sən demə, icra hakimiyyətləri işləmirmiş. Məsələ icra hakimiyyətlərinin şəxsi keyfiyətlərindən, idarəetmə qabiliyyətindən, kobudluğundan xəbər verir. Eyni ilə bu söylədiklərim bələdiyyələrə, nazirliklərin strukturlarına da aiddir. Təkcə icra hakimiyyətləri deyil ki, onlar nazirliklərin də qəbuluna düşə bilmirlər. Nazirlər də onların problemini həll etmir. Düşünürəm, bu, sistemin siyasi səhvidir. Çünki bu insanlar xalqa xidmət səviyyəsində özlərini yetişdirməyiblər. Bunlar vəzifələrini, kreslolarını, öz ciblərini düşünərək bəlli bir yerə gələn insanlardır. Bir icra başçısı 20-25 il müxtəlif rayonlarda eyni vəzifədə necə işləyə bilər? Sistemə yeni icra başçıları qəbul olunmur. Son zamanlar bir-iki nəfər seçilib, onlar da təbii ki, işin öhdəsindən gələ bilmirlər”.

Partiya sədri vurğulayıb ki, bunun qarşısını almaq üçün köklü islahatlar olmalıdır:
“Təsadüfi insanlar vəzifələrə təyin olunmamalıdır. Bunlar sistemin yanlışlıqlarıdır. Çıxış yolu kimi deyə bilərəm ki, ilkin mərhələdə şəhid ailələri, qazilər, veteranlarla bağlı iş üzrə dövlət protokolu qəbul olunmalıdır.
Vicdanlı icra hakimiyyəti vətəndaşı, şəhid ailəsini qəbul edir, problemin həllinə çalışır, hətta vəsait olmayanda cibindən nəsə etməyə cəhd edir. Vicdanı olmayanda ümumiyyətlə, qəbul etmir və yaxud da deyir, vəsait yoxdur, kömək edə bilmərik. Bir, sözlə bu məsələdə vahid protokol qəbul olunsa, ki hansı addımlar atılmalıdır, şikayət necə qəbul olunmalıdr və hansı ünvana yönlındirilməlidir. Bu daha faydalı olar”.
Baku Post

Geri qayıt