Əsas Səhifə > Partiya, Güney Press > “Müxalifət təmsilçiləri ötən il Qələbə paradına da dəvət edilməmişdi”

“Müxalifət təmsilçiləri ötən il Qələbə paradına da dəvət edilməmişdi”


30-10-2021, 09:49
“Müxalifət təmsilçiləri ötən il Qələbə paradına da dəvət edilməmişdi”
“Təəssüf ki, müxalifətin təşəbbüsləri hələ də sivil qaydada dəyərləndirilmir”.

Bu fikirləri qarşıdan gələn Zəfər Günü münasibətilə təşkil olunacaq dövlət tədbirlərində müxalifət nümayəndələrinin mümkün iştirakını dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hakimiyyət ictimai fikri və müxalifətin irəli sürdüyü təklifləri nəzərə almır:

“Əslində, hakimiyyət və müxalifət təmsilçilərinin əlamətdar tarixlərdə protokolda yanaşı olmaları bizim arzumuzdur. Nəzərə alınmalıdır, ölkənin problemlərinin, məsuliyyətin bölüşdürülməsi həm də onların həllinə cəhd kimi qiymətləndirilir. Əgər problemlər inhisara alınırsa, bu məsuliyyətdən yox, onların gizlədilməsi niyyətindən irəli gəlir.

Ancaq ötən il 44 müharibənin gedişində və ondan sonra milli həmrəyliyin gücləndiyini görsək də, daha sonra Qələbə paradına, başqa dövlət tədbirlərinə müxalifət nümayəndələrinin dəvət edilmədiyinin şahidi olduq. Bu, təəssüf doğurur.

Biz o fikirdəyik ki, əldə olunmuş böyük qələbəni inhisarlaşdırmaq olmaz. Çünki bu, bütövlükdə xalqımızın qazandığı qələbədir. Xalq isə sadəcə, hakimiyyət tərəfdarlarından ibarət deyil, onun əhəmiyyətli hissəsi müxalifətin təmsilçisidir.

İndi elə bir dövr yetişib ki, hakimiyyət ictimai fikri və müxalifətin irəli sürdüyü təklifləri nəzərə almır. Amma bu davranış heç bir halda hakimiyyətin gücünün göstəricisi deyil. Ona görə ki, güclü iqtidarlar digər siyasi qüvvələrlə əməkdaşlıq edir. Təəssüf ki, müxalifətin təşəbbüslərinə hələ də sivil qaydada yanaşılmır”.

Geri qayıt