Əsas Səhifə > Partiya, Güney Press > "Üç-beş dələduzun, yaramazın hərəkətləri Azərbaycan Ordusunun adına xələl gətirməməlidir"
"Üç-beş dələduzun, yaramazın hərəkətləri Azərbaycan Ordusunun adına xələl gətirməməlidir"2-11-2021, 08:15 |
Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev xeyli vaxtdır müəyyən çərçivələrdə geniş müzakirə edilən və çoxsaylı ittihamların səslənməsinə səbəb olan “Tərtər işi” ilə bağlı yurnalistlərə açıqlama verib. Hərbi prokuror bildirib ki, “Tərtər işi”ndə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq tətbiq olunub. Onun sözlərinə görə, yalnız təqsirləndirilən şəxslərə deyil, digər şəxslərə qarşı da qanunauyğun tədbirlər keçirilib: “Biz istintaq gedişində bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik. Lakin sonra müəyyən etdik ki, həmin şəxslərin günahı yoxdur. Ona görə də həmin şəxslərin barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub”. X.Vəliyevə görə, bu, hər bir azərbaycanlı üçün qara ləkədir: “Amma nə etmək olar? Belə hallar əvvəllər də olub. Belə şəxslərə qarşı mübarizə aparılıb, cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə məsuliyyətinə verilib. Belə olmasaydı, bizim ordumuz təmizlənməsəydi, bəlkə də biz çox pis vəziyyətdə qalardıq və bu qələbəni də qazana bilməzdik. İkinci Dünya müharibəsi vaxtı sovet ordusunun diviziyası belə satılmışdı”. Baş prokurorun müavini bəyan edib ki, “Tərtər işi”ndə təqsirləndirilən şəxslərə hökm çıxarılıb. Sonra məhkum olunmuş şəxslər həmin hökmlərdən apelyasiya şikayəti, daha sonra isə Ali Məhkəməyə kassasiya şikayəti veriblər: “Həm apelyasiya, həm kassasiya mərhələlərində göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğundan hökmlər qüvvədə saxlanılıb. Bununla yanaşı Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə ayrı-ayrı şəxslərə qarşı - söhbət dövlətə xəyanətdə şübhəli bilinən şəxslər barəsində gedir - fiziki zorakılıqlar, həm də çox ciddi zor tədbirləri həyata keçirilib. Nəticədə biz cinayət işini başlayana kimi bir nəfər şəxs vəfat etmişdi. Şəxsən özüm, eləcə də hərbi prokurorun müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubov həmin hərbi hissəyə getdik. Mən müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıldı. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük briqadada həkimlər gəldi”. Hərbi prokuror qeyd edib ki, hadisədən sonra oradakı şəxslər müayinə edilib və hansı şəxslərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğu müəyyənləşib: “Bir qisim insanlar mərkəzi hospitala təxliyə olundu, çünki onlara çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilmişdi. Həmin adamların böyük bir qisminin həyatı xilas olundu. Həmin iş üzrə 16 nəfər müxtəlif vəzifəli şəxslər cinayət məsuliyyətinə alındı, sonra məhkəmə məsuliyyətinə verildi və barələrində müxtəlif uzunmüddətli hökm qərarı qəbul olundu. Onlar da hökmlərdən şikayət verdilər. Lakin nə apelyasiya, nə də kassasiya məhkəməsi həmin şikayətləri qəbul etdi. Hesab etdi ki, istintaq orqanları onlara istinad olunan ittihamları əsaslı və qanuni verib. Hökmlər qüvvəsində saxlanıldı”. Xanlar Vəliyevin açıqlamaları ilə bağlı “Şərq”ə danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hərbi prokurorluğun bəyanatının kifayət qədər gecikdiyini vurğulayıb. Ekspert qeyd edib ki, məsələnin bu qədər şişməsini və səs-küyə səbəb olmasını gözləmək lazım deyildi: “Əlbəttə, hərbi prokurorun açıqlaması vacib idi, amma bunları zamanında söyləmək daha yaxşı olardı. Ümid edirik, gələcəkdə belə səhvlərə yol verilməyəcək. Çünki bu cür münasibət bütövlükdə Azərbaycan Ordusunun qəhrəmanlığına, rəşadətinə xoş olmayan baxışların üzə çıxmasına gətirib çıxarır. Məsul qurumlar və şəxslər çevik davranmalı, hadisələri qabaqlamağı bacarmalıdırlar. Kimliyindən, rütbəsindən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir”. Ü.Cəfərova görə, bəzi şəxslər bu hadisələrdən sui-istifadə hallarına yol verirlər: “Kimlərsə siyasi maraqları, başqaları maddi məqsədləri üçün olayların şişməsinə, ittihamların artmasına səy göstərirlər. Azərbaycan Ordusunun parlaq qələbəsinin və böyük zəhmətinin üzərinə kölgə salmağa heç kimin haqqı yoxdur. Üç-beş dələduzun, ordu sıralarına müxtəlif məqsədlər üçün gəlmiş yaramazın hərəkətləri Azərbaycan Ordusunun adına xələl gətirməməlidir”. Geri qayıt |