Əsas Səhifə > Partiya, Güney Press > “Beynəlxalq hüquqda ərazi mübadiləsi var, amma nə Ermənistan, nə İran razılaşar”
“Beynəlxalq hüquqda ərazi mübadiləsi var, amma nə Ermənistan, nə İran razılaşar”2-11-2021, 10:56 |
Ötən həftənin cümə günü “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatında TVMusavat-da canlı yayımlanan “Dərin Təhlil” analitik proqramında regiondakı son proseslərlə bağlı kifayət qədər əhəmiyyətli fikirlər, proqnozlar, həmçinin təkliflər səsləndi. R.Arifoğlunun moderatorluğu ilə baş tutan polemikada parlamentin üç üzvü - Zahid Oruc, Qüdrət Həsənquliyev və Fazil Mustafa iştirak edirdilər. İki saatdan çox davam edən müzakirələrin gedişində deputat Həsənquliyev dərhal etirazla qarşılanan təklif və ehtimal irəli sürdü. Onun sözlərinə görə, Qarabağın dağlıq ərazisində suverenliyin təmin olunması əvəzində Xankəndi ilə Mehrinin dəyişdirilməsi razılaşdırıla bilər. Amma onun bu fikrinə həmkarı Z.Oruc etiraz etdi və Azərbaycanın bir qarış ərazisinin də Ermənistana güzəştə gedilməyəcəyini açıqladı. Təxminən 20-22 il öncə də bu məsələ gündəmdə olub. O zaman Dağlıq Qarabağla Mehrinin dəyişdirilməsi təklifləri səsləndirilirdi. Amerikalı ekspert Pol Qoblun “ərazi mübadiləsi planı” ötən əsrin 90-cı illərində çox populyar idi, hətta danışıqların əsas tezisini, bazasını təşkil edirdi. İndi bu plan yenidən gündəmə gətirilir, mətbuatda bu tezislərin ətrafında müzakirələr aparılır. Söhbət təxminən eyni ölçüdə ərazini əhatə etməklə Laçın və Mehri dəhlizlərinin mübadiləsindən gedirdi. İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli bu məsələyə toxunarkən yazıb ki, Ermənistan Mehrini Azərbaycana verməz. Onun sözlərinə görə, Mehrini vermək o deməkdir ki, Ermənistanın İranla sərhədi olmayacaq: “Ermənistan buna razı olarmı? İran, Rusiya necə? Olmaz. Avropa Birliyi, ABŞ, Çin, Ərəb ölkələri... heç biri buna razılıq verməz. Bu işə yalnız Türkiyə, Pakistan, Böyük Britaniya, İsrail yaşıl işıq yandıra bilər”. Siyasət adamları isə yazırlar ki, bu, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə ziddir, torpaqlarımızın heç bir hissəsini heç bir şəkildə kimsəyə vermək hüququmuz yoxdur. Yalnız sərhəd dəyişdirilməsi referenduma çıxarıla bilər ki, bunun da hüquqi təfsiri ərazi mübadiləsi deyil. Sərhəd xəttinin çəkilməsi ilə ərazi mübadiləsi fərqli hüquqi terminlərdir. Ona görə də yolverilməz haldır. Bəs Azərbaycanın rəsmi kursu bu perspektivə adekvatdırmı? Xankəndinin ermənilərə verilməsi və müqabilində Mehrinin alınması məntiqlidirmi, yoxsa zərərli qərar ola bilər? Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli qeyd etdi ki, beynəlxalq hüquqda ərazi mübadiləsi var. Onun fikrincə, sadəcə, ermənilər razılaşmayacaq: “Prinsip etibarilə Azərbaycan üçün sərfəli variant saymaq olar. Zəngəzur dəhlizi öz yerində, Türkiyə ilə quru yolun əldə edilməsi ağıllı versiya olardı. Yəni beynəlxalq hüquq da buna icazə verir. Əgər nə zamansa baş tutsa, Azərbaycan üçün daha sərfəli olar. Amma bu gün baş tutacağını real görmürəm, buna nə Ermənistan, nə də İran razılaşar”. Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat” qeyd etdi ki, bu təklif Azərbaycan üçün ziyanlıdır: “Xankəndini vermək o deməkdir ki, bizim ərazidən, yəni Laçından keçəcəklər. Belə çıxır ki, Laçını da güzəştə getməli olacağıq. Ona görə qarşıda bizi gözləyən işlər üçün qəti şəkildə uyğun deyil. Biz qarşıdakı aylarda 10 noyabr sənədinin bütün bəndlərinin icra ediləcəyini görəcəyik. Sənəddə qeyd olunub ki, erməni separatçı silahlı dəstələri ərazimizdən çıxmalıdır, biz bunun reallaşmasına şahid olacağıq, həmçinin nəqliyyat-kommunikasiyalar açılacaq”. ALDP sədri hesab edir ki, belə vaxtda bu təklifi müsbət qiymətləndirmir: “Əlbəttə, siyasətçilərin fərqli baxışları, subyektiv yanaşmaları, təklifləri ola bilər. Amma yenə diqqət etməliyik ki, Xankəndini güzəştə getdiyimiz halda onlar Laçın dəhlizindən keçməklə ərazilərimizdən istifadə edəcəklər. Buna razılaşmaq olmaz və biz 10 noyabr sənədinin icrasını tam yekunlaşdırmağa nail olmalıyıq”. Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a söylədiyinə görə, torpaq dəyişməsi əvvəllər Saxarov, daha sonra Pol Qobl tərəfindən ideya kimi irəli sürülmüşdü. “Amma bu təkliflər alınmadı. Yəni ”Torpaq əvəzinə torpaq" şüarı altında iş aparıla bilmədi. O da var ki, torpaq dəyişməsi ermənilərin gözünü doyurmayacaq. Mənə elə gəlir ki, bu şəraitdə riskli nəticələrə gətirib çıxara bilər. Bu məsələləri sonra müzakirə etmək olar. İndi sərhədlərin delimitasiya və demarkasiyasına hazırlaşırıq, kommunikasiyaların açılması gündəmdədir. Ona görə torpaq dəyiş-düyüşü ərazi bütövlüyünün tanınmasından sonra bəlkə gündəmə gətirilə bilər, onun da bir faydası olacağını gözləmirəm", - deyə Q.Hüseynli vurğuladı. “Yeni Müsavat” Geri qayıt |