Əsas Səhifə > Partiya, Güney Press > “Ermənistanı və Qarabağ ermənilərini ümidləndirən Minsk Qrupunun fəallaşmasıdır”
“Ermənistanı və Qarabağ ermənilərini ümidləndirən Minsk Qrupunun fəallaşmasıdır”3-11-2021, 09:42 |
44 günlük müharibənin ən ciddi nəticəsi Qarabağ ermənilərinin status xəyalının üstündən qalın bir xətt çəkilməsidir. Ermənilərin xarici havadarları ara-sıra bu məsələni gündəmə gətirməyə çalışsa da, Azərbaycan dövlətinin prinsipial mövqeyi dəyişməz olaraq qalır: “Status cəhənnəmə gedib və olmayacaq...” İrəvanda və Xankəndində bəzi revanşist və populist qüvvələr bu məsələ üzərində spekulyasiyalar etsələr də, belə görünür ki, ermənilər bu gerçəkliyi hələ müharibə davam edən zamandan qəbul etmək zorunda qalıblar. Ermənistanın baş naziri Nikol Paşinyanın bu məsələdə ən sərt müxalif mövqeyi ilə seçilən Daşnaksütyun partiyasının parlamentdənkənar rəsmiləri ilə görüşünün bəzi açıqlanan detalları da belə deməyə əsas verir. Bu barədə “Hayastan” blokundan deputat seçilən İşxan Saqatelyan məlumat verib. O qeyd edib ki, Nikol Paşinyanla görüş gərgin keçib: “Oktyabrın 19-da (2020-ci ildən söhbət gedir -red.) Paşinyan müşavirəyə onunla başladı ki, vəziyyət ağırdır, itkilərimiz çoxdur. Soruşdum ki, heç olmasa status məsələsi (Dağlıq Qarabağ - red.) varmı, Paşinyan ”yox" cavabını verdi". Demək, İrəvanda hələ müharibə davam edərkən nəticənin Qarabağ erməniləri üçün acınacaqlı olacağını qəbul ediblər. Paşinyanın və digər ermənilərin 10 noyabrdan sonrakı “status çağırışları” isə ancaq imitasiya xarakterli olub və Xankəndiyə qayıtmış erməniləri sakitləşdirmək məqsədi daşıyıb. Qarabağdakı Azərbaycan torpaqlarına qayıtmış köçmən ermənilər o halda hələ də nəyə ümid edirlər? Xankəndi erməniləri bundan sonra nələrə və kimlərə ümid edə bilərlər? Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə nəyin bahasına olursa-olsun Qarabağa “status” verməyə çalışanları kənara çəkilməyə məcbur etmədi: “10 noyabr 2020-ci il tarixdə Ermənistanı təslim aktını imzalamağa məcbur etdik və elə həmin gündən ABŞ və Fransanın öndərlik etdiyi ermənipərəst qüvvələrə qarşı ağır ”diplomatik müharibə" başladı. Baxmayaraq ki, hərbi əməliyyatlar dövründə Nikol Paşinyan son dərəcə ümidsiz durumda idi və şikayətlənirdi ki, torpaqların azad olunmasını tələb edən Azərbaycan və Rusiya “status” barədə danışmaq istəmirlər. Ancaq bu iddia həqiqəti əks etdirmirdi. Azərbaycan Prezidenti sonuncu dəfə noyabrın 6-da BBC-yə verdiyi müsahibədə Qarabağın statusu məsələsini müzakirə etməyə hazır olduğunu bəyan etmiş və onu da bildirmişdi ki, torpaqlar azad olunduqdan sonra bu barədə danışmaq mümkün olmayacaq. Yəni bu o demək idi ki, ermənilərə “sonra gec olacaq və mümkün olmayacaq” xəbərdarlığı edilmişdi. Ermənilər həmin dövrdə təklifi qəbul etmədiklərinə görə dövlət başçımız özünün məşhur-"status cəhənnəmə getdi" - bəyanatını vermişdi". A.Səmədovun sözlərinə görə, sonrakı hadisələr göstərdi ki, Ermənistan ümidini itirsə də, onun Qərbdəki havadarları meydandan çəkilmək fikrində deyil və məqsədlərinə çatmaq üçün bütün imkanlardan istifadə etməyə çalışırlar: “Bu məqsədlə hərb meydanında qazandıqlarımızı heçə endirmək üçün əvvəlcə ABŞ-ın öndərliyində Karib hövzəsi ölkələri təşkilatına daxil olan 33 ölkə, sonra isə Fransa parlamenti Qarabağın ”müstəqilliyini" tanımaq təklifi ilə çıxış etdi. Elə həmin günlərdə ABŞ-ın dövlət katibi açıq şəkildə bəyan etdi ki, ABŞ və Fransa danışıqlarda yalnız Rusiya və Türkiyənin vasitəçilik etməsini qəbul edə bilməzlər və ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi Qarabağın gələcəyi ilə bağlı danışıqlara qoşulmaq niyyətindədirlər. İki həmsədr dövlətin xarici siyasət qurumları rəhbərlərinin apardığı danışıqlar nəticəsində Avropa Birliyi və ABŞ-ın diplomatik cəbhədə “səylərini” birləşdirmək qərara alındı. Birmənalı şəkildə bəyan edildi ki, münaqişə bitməyib və problemi aradan qaldırmaq, ermənilərin Qarabağda yaşamasını təmin etmək üçün mütləq status verilməlidir". Partiya sədri xatırlatdı ki, bu bəyanatdan saman çöpündən yapışan kimi yapışan Ermənistan baş naziri elan etdi ki, danışıqları Minsk Qrupunun vasitəçiliyi ilə davam etdirməyə və hətta Azərbaycan Prezidenti ilə də görüşməyə hazırdır: “Bu mövqeni bir daha Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı təkrar edən Nikol Paşinyan Rusiyanın təklif etdiyi 3+3 formatına qarşı çıxmaq ”cəsarətini" göstərdi və rusiyalı həmkarına danışıqlardan kənarda qoymaq istədiyi Minsk Qrupunun həmsədri olduğunu xatırlatdı. Bu gün əsas mübarizə bu iki qüvvənin, ABŞ-ın və Fransanın öndərlik etdiyi Minsk Qrupunun və Rusiya və Türkiyənin əsas söz sahibi olduğu “dördlər” və “altılar” formatları arasında gedir. Ermənistanı və Qarabağ ermənilərini ümidləndirən də Minsk Qrupunun fəallaşması və “münaqişəni həll etmək”, “status” məsələsini diriltmək istəyini ortaya qoymasıdır. İnanıram ki, ermənilərin bu ümidləri doğrulmayacaq və bir neçə gün sonra Moskvada Azərbaycanı qane edən real addımlar atılacaq". “Yeni Müsavat” Geri qayıt |