Əsas Səhifə > Partiya, Güney Press > “Deputatın peyvəndə görə parlamentə buraxılmamasını konstitusiya tələblərinə zidd hesab edirəm”
“Deputatın peyvəndə görə parlamentə buraxılmamasını konstitusiya tələblərinə zidd hesab edirəm”20-11-2021, 09:03 |
Rusiya Dövlət Dumasının reqlament və fəaliyyətinin tənzimlənməsi komissiyasının sədr müavini Raisa Karmazina bildirib ki, koronavirusa qarşı peyvənd olunmayan deputatlar minimum əmək haqqı almalıdır. O əlavə edib ki, deputatlar Dövlət Dumasına da buraxılmamalıdır. Bundan əlavə, o, hökumət üzvlərinin iclaslara keçməsi üçün QR kodlarının tətbiqi haqqında qanun layihəsini dəstəkləyib. “Hesab edirəm ki, peyvənd olunmayanlar Dumadan kənarda saxlanılmalı və onlara minimum əmək haqqı verilməlidir”, - Karmazina vurğulayıb. Bəs görəsən Azərbaycanda millət vəkilləri arasında vaksin olunmayan varmı? Rusiyadakı kimi, bizdə də peyvənd olunmayan deputatlar parlamentə buraxılmaya bilərmi? Bu və digər suallarla bağlı deputatların fikirlərini öyrəndik. Millət vəkili Azər Badamov “Yeni Müsavat” a bildirib ki, iki doza vaksin olunub: “Üçüncü dozanı vurdurmağa hazırlaşıram. Ümumiyyətlə isə koronavirusa görə hər hansı məhdudiyyətin tətbiq edilməsi insanların hüquq və azadlıqlarına qarşı hərəkət kimi başa düşülür. Peyvənd olunan deputatların işə buraxılmaması məsələsi bizdə yoxdur. Birinci onu qeyd edim ki, Azərbaycan Respublikasının Milli Məclisində peyvənd olunmayan deputat yoxdur. Bütün deputatlarımız iki doza vaksin olunublar. Bəziləri isə üçüncü dozanı qəbul ediblər. Yəni bizdə vaksin olunmayan yoxdur. Hətta olsa belə, deputatların işə buraxılmaması, yaxud əmək haqlarının tam verilməməsi məsələsini konstitusiya tələblərinə zidd hesab edirəm”. Deputat Razi Nurullayev isə dördüncü vaksini vurduracağını deyib: “İki dəfə ”Coronavac" peyvəndi vurdurmuşam, bir dəfə də buster doza - “Pfizer” vurulub. Dördüncü dozanın tətbiqini də yaxınlarda reallaşdıracağam. Açığını desəm, virusa yoluxmaqdan qorxuram. Vaksin olunan zaman həm də bir çox yerlərə səfər etdikdə rahat hərəkət edə bilirsən. O baxımdan dördüncü doza vaksini də önəmli sayıram". Nurullayev Rusiyadakı kimi millət vəkillərinə qarşı məhdudiyyətlətin tətbiq edilməsi məsələsinə də münasibət bildirib: “Azərbaycanda millət vəkillərinin əksəriyyəti çağırışa qoşularaq, həm də sağlamlığı nəzərə alaraq könüllü şəkildə peyvənd olunublar. Ola bilsin ki, Rusiyada deputatlar dövlətin çağırışına əməl etmir. Onların özündə o problem var. Azərbaycanda elə bir problem yoxdur. Dövlətin qayda-qanunu nə olubsa, hər kəs könüllü şəkildə buna əməl edib. Bunun Azərbaycandakı millət vəkillərinə aidiyyəti yoxdur. Bildiyim qədər millət vəkillərindən heç kim etiraz etməyib”. Millət vəkili Arzu Nağıyev də mövzu ilə bağlı fikir bildirib: “İki dəfə ”Coronavac" vaksini vurdurmuşam. Üçüncü dozanı da vurdurmağa hazırlaşıram. Mən düşünürəm ki, maarifləndirmə işi hər ölkədə bir başqa cür keçir. Bəzi ölkələrdə deyilir ki, peyvənd olunanlara pul vermək lazımdır. Kimsə bunun əleyhinə çıxış edir, əksinə bildirir ki, maaşlar aşağı salınmalıdır. Mən düşünürəm ki, maarifləndirmə işi normal təşkil olunan dövlətlərdə buna heç ehtiyac da yoxdur. Ümumiyyətlə, mən düşünmürəm ki, Azərbaycan parlamentində vaksin olunmayan deputat olsun. Bizdə rayonlarda da təbliğat işi düzgün aparılır. Məsələn, mən təmsil etdiyim Tovuz-Gədəbəy bölgəsində bununla bağlı təbliğat aparılır, hər kəs vaksin olunmağın tərəfdarıdır. İnsanlar özü də bunu anlayır ki, başqa yol yoxdur. Gigiyenik normalara əməl etmək, maska taxmaq, peyvənd olunmaq lazımdır". Geri qayıt |