Əsas Səhifə > Partiya, Güney Press > “Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlarda Rusiya və Qərbin əli var”

“Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlarda Rusiya və Qərbin əli var”


13-04-2023, 00:11
“Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlarda Rusiya və Qərbin əli var”
“Ermənistanın Azərbaycan ilə sərhəddə törətdiyi təxribat öncədən hazırlanıb. Bu təxribatda Rusiyanın da, Qərb ölkələrinin də marağı var. Rusiya belə qarşıdurmalar fonunda Kollektiv Təhlkəsizlik Müqaviləsi Təşkilatı adı altında öz ordusunu Ermənistan-Azərbaycan sərhədində yerləşdirmək istəyir. Qərb ölkələri isə belə qarşıdurmalardan istifadə etməklə Ermənistanda olan Avropa İttifaqının mülki missiyasını tam hərbi missiyaya çevirmək, hərbçilərini Cənubi Qafqaza gətirmək istəyir. Bu prosesdə İranın da öz marağı var”.

DİA.AZ bildirir ki, bunu Reyting.az-a professor Cümşüd Nuriyev dünən Laçın rayonu istiqamətində baş verən erməni təxribatının ehtimal olunan səbəblərindən danışarkən deyib.

Nuriyev bildirib ki, bütün bunlarla yanaşı dünən törədilən təxribat çox uğursuz olub və Azərbaycan Ordusunun imkanları nəzərə alınmadan hazırlanıb:

“Azərbaycan Ordusu bu təxribatın qarşısını aldı, qurulan oyunları pozdu və ortaya qətiyyətli mövqe qoyuldu. Azərbaycanı bir daha göstərdi ki, heç kim onu özünün alətinə çevirə və ya qurduqları oyunda istifadə edə bilməz. Azərbaycan dövləti öz maraqlarını əsas götürür və belə də davam edəcək”.

Şəhidlərimizə rəhmət, yaralı hərbçilərimizə şəfa diləyən professor əlavə edib ki, baş verənlərin səbəbkarı həm də Ermənistanın baş naziri Nikol Paşinyandır: “Paşinyan hakimiyyətə gələndə gah ABŞ-a doğru referens etdi, gah Avropaya, gah da Rusiyaya. Bacara bilmədiyi işin altına girdi. İndi də məcburdur ki, gələn sifarişləri həyata keçirsin. Çünki hakimiyyəti itirmək qorxusu var. O, sifarişləri həyata keçirməklə iqtidarını qorumaq və Qarabağdakı separatçılara nəzarəti bərpa etmək niyyəti güdür”.

Nuriyev diqqətə çatdırıb ki, İran son 32 ildə açıq və gizli şəkildə Azərbaycana qarşı düşmənçiliyini davam etdirir:

“İranın son zamanlar Azərbaycana qarşı davranışlarının arxasında başqa məqamlar dayanır. Onlar iddia edirlər ki, Zəngəzur dəhlizi açılsa, guya İranın Avropaya çıxışı qapanacaq. Bunlar boş iddialardır. Onları narahat edən odur ki, dəhliz açılsa İran-Ermənistan əlaqələrinin perspektivi sıfırın altına düşə bilər”.

Nuriyevin iddiasına görə, İran öz daxilindəki ciddi problemləri, rejimə etimadsızlığı səngitmək üçün Azərbaycan məsələsini gündəmə gətirir və diqqəti xaricə yönəldir: “Çünki ölkədə inqilab qorxusu var. Amma hər dəfə Azərbaycana qarşı bir addım atanda özlərini daha çox batırır və gözdən salırlar. Odur ki, Azərbaycana qarşı istənilən məkrli planda İranın əli ola bilər”.

Geri qayıt