Əsas Səhifə > Partiya, Güney Press > "Biz onları bağışlamayacağıq"

"Biz onları bağışlamayacağıq"


16-06-2023, 00:12
"Biz onları bağışlamayacağıq"
Qarabağ müharibəsində iştirak edən şəxslərə “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməyə icazə verilmir. Bu iddianı Ermənistanın “Hraparak” nəşri tirajlayıb. Qeyd edilib ki, bu həm Ermənistandan Xankəndiyə, həm də Xankəndidən Ermənistana getmək istəyənlərə aiddir. Qarabağdan getmək istəyənlərin buraxılmamasına səbəb isə budur ki, Azərbaycan hərbçiləri müvafiq qanunvericilik dəyişiklikləri hazırlanmayana, məhkəmə prosesləri və ya cinayət işləri başa çatana qədər həmin şəxslərin Qarabağı tərk etmək hüququna malik olmadığını bəyan edib. Onlar ya mühakimə ediləcək, ya da ümumilikdə amnistiya alacaqlar – yalnız bundan sonra onların sərbəst hərəkətinə imkan veriləcək. Bildirilib ki, Azərbaycanda 500 nəfərin adı olan siyahısı var: “O siyahıya Vitali Balasanyan, bir çox erməni general və komandirlərinin də adı daxil edilib”. Məlumat üçün deyək ki, rəsmi Bakı qanunsuz silahlı birləşmələrin təslim olacağı və inteqrasiya prosesinin başlayacağı təqdirdə amnistiya müzakirəsinin mümkünlüyünü bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin bu açıqlamasını ABŞ Dövlət Departamenti alqışlayıb. Bu arada Xankəndidəki separatçı rejimin “başçısı” Araik Arutyunyan da təslim olmaqdan başqa yolun qalmadığını düşünür. Araik bütün görüşlərdə vəziyyətin çətin olduğunu deyir, təslim olmaq haqda danışır və gələcəyin qeyri-müəyyənliyindən bəhs edir. Artıq çoxları üçün Qarabağda qalmaq mənasızdır.
DİA.AZ-ın məlumatına görə, Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında bildirib ki, Qarabağdakı ermənilər arasında əlinə silah almayanlar, bizə qarşı vuruşmayanlar, separatçılığa bulaşmayanlar Azərbaycan vətəndaşları kimi qəbul ediləcək. Partiya rəhbərinin sözlərinə görə, bu, o anlama gəlmir ki, rəsmi Bakı Qarabağdakı cinayətkar ünsürləri, separatçıları da bağışlayacaq:

"Biz onları bağışlamayacağıq. Dünyanın hər yerində hərbi cinayətkarlar ən ağır şəkildə cəzalandırılır və bağışlanmır. Hərbi canilər üçün vaxt və yaş söhbəti keçərli deyil. Qarabağdakı ermənilər də bilsinlər ki, Azərbaycan əsgərinə qarşı döyüşənlər, dinc sakinlərə qarşı cinayətlərdə iştirak edənlər qanun qarşısında mütləq cavab verəcək. Heç birinin bundan qurtuluşu yoxdur. Laçın yolundakı postumuz da qanunlar çərçivəsində fəaliyyət göstərir. Təbii ki, Azərbaycan torpağına, Qarabağa ermənilərin hansı niyyətlə gəlməsi araşdırılacaq. Eyni zamanda Qarabağdan Ermənistana getmək istəyənlərin kimliyi müəyyənləşdiriləcək. Əgər qaçmaq istəyənlər hərbi cinayətkarlardırsa, qətiyyən onların aradan çıxmasına imkan verməməliyik. Bu məsələdə güzəşt olmaz və heç kimin bizə təzyiq göstərməyə haqqı yoxdur".

Geri qayıt