Əsas Səhifə > Partiya, Güney Press > "Payız aylarına doğru proses səngiməyə başlayacaq"
"Payız aylarına doğru proses səngiməyə başlayacaq"12-08-2023, 19:00 |
Ermənistanda özlərinə “Səlibçilər” adını qoyan terrorçu-təxribatçı dəstənin üzvləri İrəvanda keçirdikləri aksiyadan sonra Laçın dəhlizi yaxınlığına gətirilən yük maşınlarının yerləşdiyi Kornidzor (Gorus) şəhərinə gəliblər. Dəstənin “komandiri” Sarkis Poqosyan saylarının 150-yə yaxın olduğunu söyləyib və sülhməramlılarla danışıqlar apardıqlarını deyib. Separatçı nəticənin olmayacağı təqdirdə ən ekstremal variantlara əl atacaqlarını bildirib. Lakin hökumətdən və sülhməramlılardan cavab almayan erməni təxribatçıları rüsvayçı vəziyyətdə geriyə, Qorunxur kəndinə qaçıblar. Kənd sakinləri isə onların bölgəni tərk etməsini, əks halda Azərbaycan Ordusunun qəzəblənəcəyini söyləyiblər. Buna rəğmən, revanşistlər aksiyalarını davam etdirəcəklərini vurğulayaraq, anti-Azərbaycan qüvvələrdən yardım istəyiblər. Daşnaksütyun Partiyası da "Səlibçilər"ə dəstək verib. Daşnak İşxan Saqatelyan deyib ki, erməni gəncləri "Artsax" uğrunda döyüşməyə hazırdırlar. DİA.AZ-ın məlumatına görə, revanşistlərin fəallaşması ilə bağlı "Sherg.az"a danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev deyib ki, ermənilər iddia etdikləri kimi döyüşkən olsaydılar, 44 günlük müharibə zamanı 10 min fərariləri olmazdı. Partiya rəhbərinin sözlərinə görə, erməni generalları özləri etiraf edirdilər ki, Azərbaycanın 15-20 əsgərinin qarşısında minlərlə erməni qaçırdı: "Bu, ermənilərin yenidən döyüş arzusunda olmasına, qarşımıza çıxmaq niyyətlərinə cavabdır. Ermənilərin "Səlibçilər" adı altında postumuza doğru hərəkət etmələri, orada teatr qurmaları xaricə mesajlar vermək məqsədi daşıyır. Burada bir neçə məqam var. İlk növbədə beynəlxalq aləmə demək istəyirlər ki, "əgər müdaxilə etməsəniz, toqquşmalar olar, dinc əhali postlara hücum çəkər, hərbi vəziyyət yenidən alovlanar" və s. Bu yolla istəklərinə nail olmağa çalışırlar. Rusiyanın burada marağı başqadır. Fikir verirsizsə, əvvəl Qarabağda olan proseslər eyniylə İrəvanda da baş verməkdədir. Bunlar eyni mərkəz tərəfindən idarə olunur. Bir qrup ermənini posta doğru hərəkət etdirməklə, aksiyalarla, hay-küylə göstərməyə çalışırlar ki, baxın, Qarabağ erməniləri əllərindən gələni edir, mübarizə aparır, amma Ermənistan rəhbərliyi onlara dəstək vermir. Prosesi İrəvana daşıyan Rusiya istəyir ki, Ermənistanda hökuməti, Nikol Paşinyanı əvəzləsin. "Qarabağ erməniləri savaşır, Paşinyan hakimiyyəti isə dəstəyini əsirgəyir" görüntüsünü bu məqsədlə hazırlayırlar". Müsahibimiz vurğulayıb ki, Azərbaycandan heç nə qopara bilməyəcəklərindən tam əmin oldular: "Azərbaycan tərəfinin Laçın yolunda sərt tədbirlərindən, "humanitar yük"lə dolu TIR-ları öz ərazisinə buraxmamasından sonra rəsmi Bakıya təzyiqlərin olacağını və geri addım atacağımızı gözləyirdilər. Amma bu, baş vermədi və əksinə, terrorçu V.Xaçaturyan saxlanılaraq Bakıya gətirildi. Aydın oldu ki, Azərbaycan belə məsələrdə kompramisə getmir və ciddi addımlar atmaqda israrlıdır. Bunu müşahidə edəndən sonra geri çəkildilər. İndiki proseslərdə bir məqam Rusiya ilə bağlıdır. Moskva Ermənistanda hakimiyyət dəyişikliyinə çalışır. Digər yandan, Qarabağdakı ermənilərə "ağsaqqallıq" edənlərə müəyyən mesajlar vermək istəyirlər. Ancaq bunların hamısı son çırpınışlar, axırıncı "doğuş sancıları"dır. Payız aylarına doğru proses səngiməyə başlayacaq". Geri qayıt |