Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan öz haqqını əldə etmək üçün yenidən güc faktoruna əl ata bilər"

"Azərbaycan öz haqqını əldə etmək üçün yenidən güc faktoruna əl ata bilər"


16-03-2024, 08:00
"Azərbaycan öz haqqını əldə etmək üçün yenidən güc faktoruna əl ata bilər"
30 il ərzində beynəlxalq təşkilatlar və bir çox dövlət Azərbaycanın torpaqlarının işğal altında qalmasını gözardı etdi.

Faktiki olaraq, Ermənistanın işğal siyasəti dəstəkləndi və beynəlxalq hüququn təmini üçün addım atılmadı. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ermənistan qoşunlarının Qarabağdan çıxarılması ilə bağlı 4 qətnaməsi qəbul olunmuşdu. Lakin bunun icra mexanizmi olmadı. Yəni işğala göz yumuldu və qəbul edilən qətnamələr kağız üzərində qaldı. Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı da diqqətə çatdırıb ki, Azərbaycan qeyri-qanuni işğalın qurbanı idi və etnik təmizləməyə məruz qalmışdı. Dövlətimizin başçısı vurğulayıb ki, bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik:

“Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”.

Qeyd edək ki, Azərbaycan öz gücü hesabına ədaləti və beynəlxalq hüququ bərpa etdi. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimiz sadəcə 44 gün ərzində Qarabağı işğalda azad etdi. Ötən ilin 19 sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra isə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bu tarixi nəticələrin əsas memarı isə Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu.

Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Azərbaycan həmişə beynəlxalq öhdəliklərə əməl edib və üzərinə düşən vəzifələri yerinə yetirib:

“Azərbaycan bütün mənalarda hər zaman nümunəvi dövlət olub. Amma çox təəssüf ki, beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər Azərbaycanın bu mövqeyini düzgün dəyərləndirməyiblər. Hətta bəziləri buna zəiflik əlaməti kimi baxıblar. Elə bilirdilər ki, Azərbaycan zəif olduğu üçün Ermənistana qarşı hərəkətə keçmir. Beynəlxalq təşkilatlar və bəzi dövlətlər də humanist mövqeyimizdən ölkəmizə təzyiq göstərmək üçün istifadə etməyə çalışırdı. Lakin rəsmi Bakı səbr etdi və axıra qədər öhdəliklərini yerinə yetirdi. Azərbaycan məsələni sülh yolu ilə həll etməyə çalışdı”.

Partiya sədri söyləyib ki, Ermənistan və havadarları sülhə əngəl oldular:

“Onlar bu məsələyə ciddi fikir vermədilər. Nəticədə Azərbaycan əks-hücuma keçdi və güc yolu ilə işğala son qoydu. Üstəlik, ölkəmiz haqlı mövqeyini ortaya qoydu. Azərbaycan BMT-nin qətnamələrini yerinə yetirdi, beynəlxalq hüququ və ədaləti bərpa etdi. İndiki şəraitdə dövlətimiz yenə də haqlı mövqe sərgiləyir və bütün məsələlərin sülh yolu ilə həllinə çalışır. Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir. Həmçinin, Qərbi Zəngəzurla bağlı müəyyən tarixi haqlarımız da var. Amma bunlarla da razılaşmırlar. Ona görə də bəlkə müəyyən bir dövrdən sonra Azərbaycan öz haqqını əldə etmək üçün yenidən güc faktoruna əl ata bilər”.

Geri qayıt