Əsas Səhifə > Partiya, Güney Press > "Elçibəyi dəstəklədiyimə görə bəzi şirvanlılar məni qınayıb"

"Elçibəyi dəstəklədiyimə görə bəzi şirvanlılar məni qınayıb"


18-10-2014, 10:48
"Elçibəyi dəstəklədiyimə görə bəzi şirvanlılar məni qınayıb"
Cəmi 58 yaşı olsa da, bəzən elə bədbinləşir ki, özünü “qoca” adlandırır. 23-25 il öncə meydanlarda coşub-daşaraq xalqı sovet imperiyasına, erməni təcavüzünə qarşı mübarizəyə səsləyən bu lider bu gün, çox pessimist duyğularla yaşayır. Dediyinə görə, övladları da, özü də işsizdir. Xalq hərəkatının qızğın çağlarında meydanlarda çiyin-çiyinə verdiyi, güvəndiyi keçmiş silahdaşları indiki çətin durumunda onunla maraqlanmırlar. Yeganə təsəllisi 23 il bundan əvvəl - oktyabrın 18-də deputat kimi istiqlalına səs verdiyi Azərbaycanın müstəqil dövlətçiliyinin bugünkü çox ağır geosiyasi durumda ayaqda qalmasıdır…

Vəhdət Partiyasının sədri, Ali Məhkəmənin sabiq sədri, istiqlalçı deputat Tahir Kərimlinin həyat “dramı”nın “final”ında yaşananlara onunla söhbətimizdə “tamaşa edə” bilərsiz:

- Tahir bəy, Azərbaycanın ikinci müstəqillik dövrünün 23-cü ildönümüdür. 1988-ci ildən bəri Milli Azadlıq Hərəkatında önəmli rol oynamış liderlərdənsiz. Eyni zamanda, istiqlalçı deputat kimi müstəqil Azərbaycanın “başına dolanan”dan biri də siz olmusunuz. Bəs müstəqil Azərbaycan bu gün sizi dolandırırmı?
- Əvvəla, həmişə İstiqlal Gününü və biz istiqlalçıları yad etdiyiniz üçün sizlərə təşəkkür edirəm. Doğrudan da o mübarizə günlərini yada salmaq həm bir az ağır, həm də şirindir. O zaman biz hər an həbs, ölüm təhlükəsi ilə üz-üzə qalsaq da, bir an geri çəkilmək haqda düşünmürdük. Yəni hər birimiz canımızı qurban verməyə hazır idik. Şükür Allaha ki, bütün çətinliklərə rəğmən müstəqilliyimizi əldə etdik. Bəli, doğrudan da biz bu müstəqilliyimizin başına pərvanə kimi dolandıq. Amma nə edək ki, bu 23 ildə mənə də, partiyadaşlarıma, doğma və yaxınlarıma da bu “dolanmağımıza” adekvat dolanmaq, yaşamaq şəraiti yaranmadı...

Bütün bunlara rəğmən yenə də şükür ki, bu gün müstəqilliyimizi qoruya bilirik. Şükür ki, həm indiki, həm də gələcək nəsillərin olan bir Azərbaycan dövləti var...

- Müstəqil Azərbaycanda özünüzü müstəqil hiss edirsinizmi?
- Bilirsiz, əslində müstəqillik şərti məhfumdur. İnsanın mütləq mənada müstəqil olması mümkün deyil. Yəni yalnız dövlətçilik baxımından yox, həm də cəmiyyət, ailə, uşaq və s. ilə bağlı həyatda müəyyən məhdudiyyətlər var. Amma o müstəqilliyin qurulduğu ilk dövrlərdə mən bir sıra məsələlərə etirazımı, reaksiyamı bildirirdim, indi bunu edə bilmirəm. Belə bir misal var ki, gəncliyində üsyankar, qocalığında sakit olmayan normal insan deyil. Görünür, yaşla əlaqədar mən də sakitləşmişəm. Amma xəyallarımda olan o göyçək Fatma timsalındakı cəmiyyət alınmadı. Yəni Qarabağımızın azad olduğu, cəmiyyətdə bütövlükdə yüksək ədalət, milli əxlaq prinsiplərinin qorunduğu bir ökə arzusunda olmuşam. O gərgin mübarizə apardığımız illərdə həmişə “Azərbaycan” deyəndə nağıllarımızdakı göyçək Fatma kimi milli geyimli-kecimli, abırlı-həyalı, ismətli bir xanım obrazı gözümdə canlanıb ki, biz canımızla-qanımızla onun qeyrətini çəkməli, onu qorumalıyıq... Bütün bunlara rəğmən yenə də şükürlər ki, Azərbaycan makroiqtisadi göstəricilərini qoruyaraq, neft-qaz sərvətlərindən yararlanaraq, bir dövlət kimi ayaq üstdə dirur. Bu gün də ərazi bütövlüyümüzün bərpası üçün müəyyən addımlar atılmaqdadır...

- Bu yaxınlarda “Yeni Müsavat” qəzetinə müsahibənizdə demişdiniz ki, mən bütün sahələrdə uduzmuş adamam. Bu duruma düşməyinizdə hansı səhvlərinizin böyük rolu olub?
- Həmin müsahibəyə görə ailədə də, partiyada da məni xeyli qınadılar ki, özümü nahaq bu qədər zəif göstərirəm. Bilirsiz, mən artıq sönmüş vulkanam. Amma sönmüş vukan yenə də püskürə bilər. Mən əqidə mübarizəsi aparmışam axı... Biz min canımız olsa, minini də Vətən, xalq uğrunda verməyə hazır olmuşuq. Hələ bu günədək ermənilərin “Pandukt” təşkilatı o dövrdə haqqımda verdiyi ölüm hökmünü aradan götürməyib. Ona görə ki, mən 90-cı illərdə İsmayıllı və ətraf bölgələrdən cəmi iki həftə ərzində 14 minə yaxın erməninin çıxarılmasına şərait yaratmışam...

Bizim üçün insanların region mənsubluğunun əhəmiyyəti olmayıb. Amma əqidə baxımından rəhmətlik Elçibəyi dəstəklədiyimə görə bəzi şirvanlılar məni qınayıb ki, niyə “öz prezidentimizi” (Ayaz Mütəllibovu - S.L.) qoyub özgəni müdafiə edirsən. Elçibəyi bəzi səhvlərinə, o cümlədən, hakimiyyətdən nahaq getdiyinə görə qınayanda cəbhəçilər mənə düşmən oldu və s. Amma bunları da səhv hesab etmək olmaz - mən daim haqsızlığa etiraz etmişəm... Bəlkə də mənim əsas səhvim onda olub ki, həddindən artıq idealist, romantik olmuşam. Məsələn, Ali Məhkəmə sədri olduğum dövrdə yaxınlar təklif edirdilər ki, yaşadığın binanın altında bir mağazadan-filandan açaq. Onda tanıdığım vəzifə sahibləri bütöv zirzəmiləri götürüb, obyektlər açmışdılar. Amma mən razı olmurdum ki, vəzifəmdən sui-istifadə edib, özümə şərait yaradacağam. O zaman həmin obyekti açsaydım, indi neçə illər ailəmin çörək yeri var idi...

- Bəs üzvü olduğunuz, yüksək vəzifələrdən birini tutduğunuz AXC hakimiyyətinin hansı səhvləri sizin taleyinizdə də öz izlərini qoyub?
- Allah şahiddir ki, Ali Məhkəmənin sədri olanda heç kəs mənə rüşvət kimi bir konfet də verə bilməyib. Mən öz halal məvacibimə dolanaraq, 50 qəpiklik sup içərək çalışırdım sübut edim ki, rüşvətsiz işləmək mümkündür. Halbuki sədr işlədiyim dövrdə 31 ölüm hökmü olmuşdu, hərəsinə görə 1 milyon alsaydım...

AXC dövründə əvvəla, parlament qeyri-legitim olduğu üçün dərhal yeni seçkilər keçirilməli idi. Bu olmadı. Bu, böyük səhv idi. İkincisi, Müsavat Partiyası yarandıqdan sonra hakimiyyət daxilində qarşıdurma yarandı, “Yurd”la qarşıdurma yarandı. Bunlar öz adamlarını iqtidarda yerləşdirmək üçün mübarizə aparırdılar. Üçüncüsü, hüquqi nihilizm... Məsələn, mənə qarşı hakimiyyətdə çox qərəzli münasibət var idi. Ona görə ki, haqqı tələb edirdim və deyirdim ki, hüquqi islahatlar aparmaq çox vacibdir... Hələ AXC-nin hakimiyyətə gəlməsi ərəfəsində Əbülfəz Elçibəyə dedim ki, bəy, AXC intizamsız bir təşkilatdır, siz prezident olsanız, həmin intizamsızlıq hakimiyyət orqanlarına transfer edəcək. Doğrudan da sonda bunun belə olduğuna o dövrdə yaşamış hər kəs şahiddir. Və nəticədə biz hakimiyyəti itirdik. Ondan sonra da süni-iqtidar müxalifət qarşıdurması yarandı və bu günədək biz bütün bunların acısını yaşayırıq...

- Tahir bəy, son 15-20 ildə başqa yollarla, bizneslə-filanla nəsə bir dolanışıq yolu tapmağa cəhd etdinizmi heç?
- Bəli, açığı, Rusiyanın bir sıra şəhərlərinə gedib nəsə bir iş görmək istədim. Ancaq heç nə alınmadı. Çünki mən alver-filan bacarmıram. Mənimki kitab-dəftər, yazı-pozudu. 17 yaşından bəri məhkəmədə katiblikdən başlayaraq, ən yüksək vəzifəyədək biliyin, yazı-pozunun hesabına gedib çıxmışam. Moskvada bir “Rəsulzadə” cəmiyyəti var idi, orada nəsə bir iş əldə etmək istədim, baş tutmadı. Bəzi yoldaşlar vəd etdiklərini yerinə yetirmədilər, qayıtdım gəldim. Bir ara “Avrasiya” fondunun layihələrindən birini işləməyə çalışdım, demokratiya haqqında bir kitab da yazdım. Bu da uğurlu olmadı. Sonra da tamam ruhdan düşdüm. İndi də beləyəm. Sanki on illərdir ki, bu şokdan çıxa bilmirəm... Ailə üzvlərim, qohum-əqrəba da məni ittiham edir ki, bizi də yaman günə qoydun, özünü də. Məsələn, qardaşlarımın hərəsinin balaca vəzifəsi var idi, dolanırdılar... İndi gecə-gündüz düşünürəm ki, necə edim, ailəmi halal yolla dolandırım, heç nə alınmır. Artıq biz sanki hamımız ailəlikcə işsizliyə vərdiş etmişik...

- Bəs ailənizin ehtiyaclarını necə ödəyirsiz?
- Çox çətinliklə. Xalqın əksəriyyəti necə dolanır, mən də elə... Biz əvvəldən üç qardaş nə tapmışıq, bir-birimizlə bölüşmüşük. Elə olub ki, biz ata evində üçümüz də ailə qurub birgə yaşamışıq. Və qazandığımız pulu rəhmətlik anamıza vermişik. Şükür Allaha ki, mehribançılığımız var və birlikdə çətinlikləri dəf edib yaşayırıq...

- Bildiyimə görə, 4 övladınız var. Onları evləndirə bilmisiz, işləri-gücləri var?
- Qızım və bir oğlum ailə qurub, digər iki oğlum hələ subaydır. Heç biri də heç harada işləmir. Bu yaxınlarda, nəhayət, bir az sevinmişik. Bir nəfər söz verib ki, ali məktəbi əla qiymətlərlə bitirmiş qızımı laborant işinə götürəcək...

- Deyəsən, ötən illər ağır bir əməliyyat da keçirmişdiniz. Həmin vaxt keçmiş hərəkat silahdaşlarınızdan, müxalifət liderlərindən kimlərsə sizinlə əlaqə saxladımı?
- Xeyr, heç biri maraqlanmayıb... Səhv etmirəmsə, 2013-cü ildə öddən əməliyyat olundum. Amma elə oldu ki, ağır fəsadlar oldu və aylarla yataqda qaldım...

Düzü, mən heç vaxt şəxsi münasibətlərə üstünlük verməmişəm. Ali Məhkəmə sədri olanda bir dəfə qardaşım gəlmişdi qəbuluma, ony qəbul etmədim, dedim ki, getsin evə. İndi buna görə məni lağa qoyurlar. İşdə bir nəfəri mənə yaltaqlandığına görə işdən çıxarmışdım... Amma 50 illiyimdə məni keçmiş silahdaşlarımdan heç kəs yada salmadı. Bu, mənə çox təsir elədi... Sonuncu dəfə - ötən ay Mirmahmud bəy siyasi partiyaların yığıncağına dəvət edəndə bəziləri ilə gendən-genə salamlaşdıq...

- Belə çıxır ki, keçmiş hərəkat, komanda yoldaşlarınız sizinlə heç vaxt maraqlanmırlar?
- Bəli, heç bir vaxt mənimlə maraqlanmırlar. Təəssüf edirəm ki, indi özlərini lider hesab edənlər əsasən şəxsi münasibət, şəxsi sədaqətə üstünlük verirlər. Dövlətçiliyə, haqqa sədaqət onlar üçün önəmli deyil...

- Müsahibələrinizdən birində deyirsiz ki, son vaxtlar yaman pessimist olmuşam, amma Allah bədbinliyi bəyənmir. Görünür, İslami dəyərlərə qiymət verən insansız. Bilirsiz ki, Peyğəmbərimiz (s), onun səhabələri, imamlarımız və s. ömürləri boyu haqsızlıqla mübarizə aparmış, maddi qazanc güdməmiş, var-dövlət içində yaşamamış, amma heç vaxt öz hallarından, çətinliklərdən şikayətçi olmamışlar. Belə çıxmırmı ki, bu gün siz maddi cəhətdən təmin olunsaydınız, özünüzün, övladlarınızın işi olsaydı, heç nədən və heç kəsdən şikayət etməzdiniz?
- Vallah elə deyil, axı mən ömür boyu var-dövlətə, vəzifəyə can atmamışam. Son 20 ildə bircə dəfə qardaşımı işə qoymaqdan ötrü bir nəfərə müraciət etmişəm, onun da nəticəsi olmayıb. Bundan savayı, heç kəsə ağız açmamışam ki, özümə, ya övladıma iş verin. Əlbəttə, istəyərdim ki, maddi vəziyyətim yaxşı olsun. Amma belə şeylərə görə münasibət yaradan, quran adam deyiləm... Bədbinliyimə, pessimizmimə gəldikdə isə bunun özü də vəziyyətə qarşı bir üsyandır. Bu gün mən qoca vaxtımda hər gün azı 5-6 saat mütaliə edirəm. Yəni kifayət qədər enerjim, iş qabiliyyətim var. Bu 20 ildə mən nə qədər dövlətimə, xalqıma fayda verə bilərdim. Artıq həmin 20 illik ömrümü heç kəs geri qaytaran deyil... Yaxşı, mən heç, qocaldım, getdim. Heç olmazsa, bundan sonra gələn cavanlara belə insafsız, ədalətsiz münasibət olmasın...

- Vaxtilə bütöv bir ölkənin ali hakimi vəzifəsini daşımış bir şəxs kimi həyatınızdakı səhvlərə, xətalara görə özünüzə hansı cəzanı kəsərdiniz?
- Özümə cəza... Çox çətin sual oldu. Bəlkə də özüm yox, başqası mənə cəza versəydi, daha yaxşı olardı. İlk uşaqlıq illərində atasız olmağım da ola bilər məndə aqressivlik yaradıb. Bir də hər şeydə ideal axtarmışam, həmişə də uduza-uduza gəlmişəm. Evlənmək istəməmişəm - evlənmişəm, Kommunist Partiyasına girmək istəməmişəm – girmişəm, parlamentə getmək istəməmişəm –getmişəm... Mənə elə gəlir ki, Allah məni bu yolla cəzalandırır - heç bir istəyim yerinə yetmir. Sanki hər bir istəyimin qarşısına lay bir divar çəkilib. Türklər demiş, bəlkə də mən başqa cəzanı tərcih edərdim ki, burdəfəlik canım qurtarardı. Bu isə ən böyük cəzadır ki, hər gün öz ağrılarınla yaşayırsan... Amma mən nə etmişəmsə, vicdanımın səsilə etmişəm. Həmişə haqqı qorumağa çalışmışam.. İnşallah, Allah özü bilər, mənə hansı mükafatı, hansı cəzanı verər...

- Tahir bəy, bayaq qeyri-adi bir fikir işlətdiniz ki, mən sönmüş bir vulkanam, amma... Özünüzü artıq qoca adlandırdığınız bir vaxtda içinizdə, azda olsa mübarizə əzmi qalıbmı ki, yox, nə qədər çətin olsa da, mən sonacan haqsızlıqla mübarizə aparacağam...
- Həyat təsadüf və zərurətlərdən ibarətdir. Bəlkə də Allah elə bir möcüzə edə bilər ki, Qarabağ uğrunda savaş başlayar və mən də bir əsgər, bir zabit kimi həmin savaşda önə atılaram ki, gəlin ardımca... “Vulkan” bu cür “püskürə bilər”, yaxud başqa cür... Hər şey vəziyyətdən, şəraitdən asılıdır. Hər şey Allahın əlindədir...

Geri qayıt