Əsas Səhifə > Partiya, Güney Press > Müsavat Məclisinin yenidən çağırılmasına ehtiyac yaranıb
Müsavat Məclisinin yenidən çağırılmasına ehtiyac yaranıb3-11-2014, 11:45 |
Müsavatın 27 sentyabrda keçirilən qurultayından sonra partiyanın Məclisi, MNTK və Divanı hələ də tam formalaşmayıb. Qurultaydan sonra iki dəfə seçkilər keçirilməsinə baxmayaraq, edilən səylər nəticəsiz qalıb. Hazırda Müsavat Məclisində 32, MNTK-da 2 və Divanda isə, 4 yer boşdur. Belə vəziyyətin yaranması bu icra orqanlarının iclası zamanı yetərsayın yaranmasına ciddi təsir göstərir. Məhz bunun nəticəsində seçkidən-seçkiyə namizədliklərini irəli sürən partiya üzvlərinin tələb olunan səsləri toplaya bilməmələri narazılıqların yaranmasına səbəb olur. Yaranan bu vəziyyət onu deməyə əsas verir ki, yaxın günlərdə Müsavat Məclisinin yenidən toplanacağı gözlənilir. Müsavat başqanın müavini Nüşabə Sadıxlı Məclisin uzun müddət boş qalmasının mümkünsüz olduğunu bildirdi: “Müsavat Məclisi bu qədər boş qala bilməz. Növbəti ay ərzində Məclis mütləq yenidən toplanmalıdır. Boş yerlərə namizədlər seçilməlidir. İndiyə qədər Müsavat Divanının yalnız bir toplantısı keçirilib. Onda da bu məsələ müzakirə olunmayıb. İclasda Müsavatın bundan sonra gedəcəyi yoldan, vəzifələrdən danışıldı. Bu baxımdan Məclisin vaxtı müəyyənləşmədi. Çox təəssüf edirəm ki, bu qədər boş yer qaldı. Bildiyimiz kimi, 25 oktyabrda keçirilən Məclisin seçkisində bəzi problemlər yarandı. Yas düşdüyü və rayonlardan üzvlərin gəlməsində problem yarandığı üçün Məclis istədiyimiz kimi alınmadı. Səs fərqləri məhz bu səbəbdən az oldu. Namizədlər Məclisə seçilmədi. Mütləq Məclisi yenidən çağırıb, üzvləri seçmək lazımdır”. Onu da qeyd edək ki, başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarlarının 25 oktyabr iclasına gəlməmələri Məclisin kvorumuna və namizədlərin əksəriyyətinin seçilməməsinə ciddi təsir göstərmişdi. Nüşabə Sadıxlı yaranan bu məsələyə də aydınlıq gətirdi: “Yəqin ki, növbəti Divanda bu məsələ həll olunacaq. Konkret qərar veriləcək. Bu, bir siyasi təşkilatdır. İnsanların müqəddəratı burdan asılıdır. Çalışacağıq ki, uyğun bir qərar qəbul edək. Məclisin iclaslarında bir neçə dəfə iştirak etməyənlər barədə tədbir görülməsi artıq məcburidir. Onu da qeyd edim ki, Məclisə gəlməyənlər də müsavatçılardır. Onlar da Müsavatın dəyərlərinə hörmət edirlər. Müsavatı çox sevirlər. Ümid edirəm ki, növbəti Məclisdə iştirak edəcəklər. Əsəblər soyuyacaq və hər şey öz axarına qayıdacaq”. \\ musavat.com \\ Geri qayıt |