Əsas Səhifə > Partiya, Güney Press > “Zamanı gələndə cəmiyyətə sənin əsl simanı göstərəcəyəm...”

“Zamanı gələndə cəmiyyətə sənin əsl simanı göstərəcəyəm...”


1-12-2014, 10:15
“Zamanı gələndə cəmiyyətə sənin əsl simanı göstərəcəyəm...”
AXCP-nin partladılan və sökülən məlum qərargahının sahibi Azər Əsgərovla partiya arasında başlayan qalmaqal səngimək bilmir. Mülk sahibi Əli Kərimlinin ünvanına növbəti ağır ittihamlar səsləndirib.

“Yeni Müsavat”a müsahibəsində A.Əsgərov Əli Kərimli və tərəfdarları tərəfindən təhqir olunduğunu deyib:

“Bir dəstə qaragüruhçu, tərbiyəsiz qrupun əlində qalmışam. Hər gün əxlaqsız söyüşlər eşidirəm. Hətta məni öldürəcəklərini bildirirlər. Natiq Ədilova yazdığım statusdan sonra, o, açıq şəkildə sosial şəbəkədə var-yoxuma söydü. Bunların əsl mahiyyətləri budur.

Xalq ona görə bunlara inanmır. Elə zənn edirlər ki, müxalifətçi olmaq dövlətçiliyə qarşı çıxmaqdır. Tam əminliklə deyirəm ki, AXCP hakimiyyətə gələrsə, Azərbaycan müstəqilliyini itirər. Bunların gözü xalqın mülkündədir. Partlayış müddətində ora gəlməməsi birbaşa bununla bağlıdır. Bir dəfə də olsun, mülkümün adını çəkməyib. Təəssüf ki, Cəmil Həsənli onun əlində oyuncağa çevrilib. O, Milli Şuranın bütün iclaslarını mülkümdə keçirib. Amma o da susdu. Bunların hamısı Əli Kərimlinin diqtəsi ilə işləyirlər.”

Mülk sahibi jurnalist Xədicə İsmayılı da ittiham edib: “Xədicə İsmayıl deyilən bir jurnalist var. Düşüb Əli Kərimlinin toruna. Özünü biabır etməklə məşğuldur. İlk görüşümüzdə o, məndən müsahibə alarkən ”Azər bəy sən heç zaman pulunu ala bilməyəcəksən" dedi.

Qısa müsahibədən sonra bir daha Xədicə adlı adam görmədim. Amma söz vermişdi ki, səni daim diqqətdə saxlayacağıq. O da Əli Kərimlinin diqtəsi ilə işləyir. Mənə çatacaq kompensasiyanı Əli Kərimli alıb, xərcləməklə məşğuldur. Mülkümə görə, Əli Kərimli 2 milyon pul alıb. O, mənə, cəbhəçilərə qarşı düşmənçilik və xəyanət edib. Ona inananlara xəyanət edir. Əli Kərimli pula görə sən Azərbaycanı, hər şeyini satarsan. Sən qrant alan adamsan. Qrant aldığın dövlətlərin qarşısında qulsan. Hakimiyyətə gəlsən millətin evi yıxıldı".

Azər Əsgərov AXCP sədrini debata çağırdı: “Əli Kərimli, əgər kişisənsə, gəl bir televiziyada debata çıxaq. Sözlərimi üzünə deyərəm. Sənin kimi arxadan iş görmərəm. Sən mənimlə debata gələ bilməzsən. Çünki satqınsan. Mənə qarşı söyüşləri sən söydürürsən. Məhkəmənin mənə verəcəyi puldan qat-qat artıq pul almısan. Sən mənə mənəvi dayaq olmalı idin. Amma nakişilik etdin. Özün daxil olmaqla, satılmışlar dəstəsinin sədrisən. Mənə deyirsən, satılmısan. Cəbhəçiyəm ki, satılam? Bu dövlət üçün canımı qoymuşam. 3 övlad atası olarkən 38 yaşımda müharibəyə getmişəm. Sən neynəmisən Əli Kərimli? Mən müharibə veteranıyam. Amma sən heç nəsən. Qarşımda başıaşağı olan müxalifət lideri heç zaman hakimiyyətə gələ bilməz. Çünki mənim kimi minlərlə insanın qarşısında gözü kölgəlidir”.

Geri qayıt