Əsas Səhifə > Partiya, Güney Press > "Rusiya məmnuniyyətlə o tora düşmək istəyir"

"Rusiya məmnuniyyətlə o tora düşmək istəyir"


10-07-2015, 09:47
"Rusiya məmnuniyyətlə o tora düşmək istəyir"
BRİKS sammiti Rusiyanı Qərbin sanksiyalarından üzü ağ çıxara biləcəkmi? Bildirilir ki, dünya əhalisinin yarısını təşkil edən üzv dövlətlər tezliklə nizamnamə kapitalı 200 milyard dollar olan investisiya bankını yaradacaqlar.
Qarşılıqlı ticarət dövriyyəsinin yaxın altı ayda ən azı 30 faiz artırılması da planlaşdırılıb. Əgər Ufa sammiti uğurlu alınsa deməli, Rus ayısı bu dəfə də Qərbin əlindən sivişib çıxacaq. Bəs sizin qənaətiniz və proqnozlarınız necədir?

Eks - spiker Rəsul Quliyev Moderator.az - ın bu suallarını cavablandırıb:

"BRİKS və ŞOS İttifaqlarında oynayan oyunçular müxtəlif liqaların oyunçularıdır. Birinci liqadan cəmi bir oyunçu iştirak edir, Çin Xalq Respublikası. Yerdə qalanlar ya ikinci, ya da 3 - cü liqalarda oynayırlar. Əhalinin sayının çoxluğu imkanların güclü olması demək deyildir.

BRİKS - in üzvü olan və dünya əhalisinin demək olar ki, yarısını təmsil edən ölkələrin (3.5 milyard) istehsal etdiyi illik ümumi məhsulun həcmi 17 trilyon dollara yaxındır. Və bu 17 trilyon dollarlıq məhsulun təqribən 10 trilyonu Çinin payına düşür. Bu ölkələrin hamısı birlikdə təqribən 3.5 trilyon dollarlıq məhsul eksport (onun 2.4 trilyonu Çinin payına düşür) edirlər. Rusiyanın eksportda payı 530 milyard dollardır, onun da 500 milyardı neft və qazın eksportundan, 30 milyardı silah satışındandır. Bu ölkələr təqribən 3 trilyon dollarlıq (Çinin payı 2 trilyondur) məhsul import edirlər. RF 350 milyard dollarlıq məhsul import edir. Bu ölkələrin arasında eksport məhsullarını artıra biləcək yeganə ölkə Çindir, yerdə qalan ölkələrin eksport satışına çıxarmaq üçün məhsul istehsal etmək şansı sıfırdır. Məsələn, dediyiniz Rus ayısı bu ölkələrə satmaq üçün neft və qazdan başqa nə təklif edə bilər, metallom sayılan hərbi texnikasından başqa nə istehsal etməyə qadirdir, heç bir şey. İynədən tutmuş təyyarə istehsalına qədər RF - nın istehsal etdiyi məhsulu heç kim almaz, aşağı keyfiyyətinə görə. Hindistan bu günkü 300 milyard eksportuna hansı malını əlavə edə bilər? 30 faiz nəyi artıracaq? Banan satışını? Təbii ki, qeyri - ciddidi məsələdir.

BRİKS - in yaradıcısı Rusiya deyildir, Çindir. Əgər belə bir bank yaradılsa deməli onun nizamnamə kapitalının 50 faizindən yuxarısını Çin qoymalıdır. Belə olan halda həmin bank idarə edən də Çin olacaq. Çin yaxın bir neçə 10 illikdə superdövlət olmaq istəyir. Ona Hindistan ac - yalavac əhalisi ilə lazım deyildir. Braziliya Amerika qitəsində plasdarm rolunu oynamalıdır. Rusiya torpaqları isə insan potensialının kifayət qədər yüksək olduğu Çin üçün yeni istehsalat obyektlərinə çevrilməlidir. Çin rus mujikini qanı alkoqoldan zəhərlənmiş yarım insan kimi qəbul edir. Məqsədi uzun müddətə rus və özlərini rus adlandıranları Urala qədər olan torpaqlardan vurub çıxarmaqdır.
Bu ölkələrin heç birinin Çindən başqa ticarət imkanlarını artırmaq şansı yoxdur. Bu çox elementar izah edilir. Hər bir rus ildə orta hesabla 8 min, braziyalı 9 min, çinli 4 min, hindistanlı 2 min (Cənubu Afrikanı yazmıram, çünki o kiçik ölkədir və böyük əhəmiyyət kəsb etmir) dollarlıq mal ala bilər maksimum. Çünki aldıqları maaş, ölkədəki pul kütləsi bu qədərdir. Putin rejiminin korrupsiya ilə oğurladığı pullar ölkədə xərclənmir. Faktiki 3 milyard əhalinin xərclədiyi cəmi pul tək ABŞ - ın xərclədiyi pula bərabərdir, çünki amerikalı ildə 45 min dollar xərcləyir. İndi bu ölkələr nəyin hesabına 30 faiz ticarətlərini artırırlar, bunu izah etməyə qüdrəti çata biləcək kimsə varsa irəli çıxsın.

Məsələn, Rusiya Qərbə embarqo qoyduğu malları bu ölkələrdən almaqla importunu artırmağa söz verib. Bəs pulu hardan tapacaq? Yenidən Sovet dövründəki kim barter əməliyyatına keçəcəklər. Onun üçün bu ölkələrin hamısında Qos Plan yaradılmalıdır, valyuta hökümətin hesabında yığılmalıdır və sair. Bir sözlə, bu BRİKS nağılı Çin üçün lazımdır. Rusiya məmnuniyyətlə o tora düşmək istəyir. Hindistan, Brazilya və Cənubi Afrika ölkələrinin də bu tora düşmək istədiklərinə inanmıram."

Geri qayıt