Əsas Səhifə > Partiya, Güney Press > Cəbhəçilərdən Razi Nurullayevə dəstək

Cəbhəçilərdən Razi Nurullayevə dəstək


20-08-2015, 10:05
Cəbhəçilərdən Razi Nurullayevə dəstək
Ötən gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsi əsl AXCP-ni bərpa edəcəkləri ilə bağlı bəyanatla çıxış edib. Komitənin bəyanatında bildirilir ki, onlar AXCP adına iddia edirlər: `Artıq partiyada olan şəxslərlə danışıqlar aparmışıq, onların əksəriyyəti bizə dəstək verir. Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq bir mübarizəyə başlanılır`. Bəs bu mübarizə Əli Kərimlinin `xidmətləri` sayəsində özlərinə yeni partiya qurmağa vadar edilən siyasətçilər tərəfindən necə qarşılanır?

AzVision.az olaraq onların fikirlərini öyrəndik.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli Razi Nurullayevin başlatdığı mübarizənin haqlı olduğunu söyləməklə yanaşı qeyd etdi ki, AXCP adlanan siyasi təşkilat artıq uzun illərdir ki, yox dərəcəsindədir və bir neçə nəfərin idarəçiliyi altında fəaliyyət göstərir:

` Əli Kərimli Əbülfəz Elçibəyin sağlığından başlayaraq quru ad uğrunda mübarizə aparıb. Bu baxımdan indiki hadisələrin gedişatı barədə geniş danışmaq istəmirəm. Çünki, Razi Nurullayev bütün bu məsələlərə aydınlıq gətirib. Məlumdur ki, Əli Kərimli orada totalitar idarəçilik sistemi qurub`.

BAXCP sədrinin müavini vurğulayıb ki, Razi Nurullayev tərəfindən səsləndirilən ittihamlar həqiqətdir və hər kəsə də bəllidir:

`Əli Kərimlinin personasını tanıyanlar bilir ki, bu adam maraqları üçün hər şeyə hazırdır. Razi Nurullayevin qaldırdığı məsələlərin hansı istiqamətdə cərəyan edəcəyini deyə bilmərəm. Hesab edirəm ki, bu gün Azərbaycanda yeni siyasi dövr yaranıb və həmin siyasi proseslərə hazır olmayan insanlar şübhəsiz ki, ölkənin siyasi arenasından getməlidirlər. O cümlədən də Əli Kərimli. Yəni, artıq radikal düşüncə, yanaşma tərzi bütövlükdə iflasa uğrayıb. Eyni zamanda Azərbaycan cəmiyyəti də bu illər ərzində radikal düşüncə və yanaşmanını tərəfdarı olmadığını dəfələrlə özünün münasibətində ortaya qoyub. Əli Kərimlinin yürütdüyü xətt isə 15 ilə yaxındır ki, iflasa uğrayıb`.

`Razi Nurullayev AXCP-dən çıxarılan və Əli Kərimlinin ətrafında qalanların hüquqlarının müdafiəsi istiqamətində müəyyən addımlar atmaq istəyirsə və hesab edirsə ki, bu partiyanı yenidən diriltmək mümkündür, bu onun haqqıdır. Yəni, vaxtilə partiyada rəhbər vəzifə tutmuş şəxs kimi istənilən məsələyə münasibət bildirə bilər`, - deyə E. Mirzəbəyli vurğulayıb.

Klassik Xalq Cəbhəsi Partiyasında da Əli Kərimlinin totalitar idarəçiliyi pislənilir və Razi Nurullayevin mübarizəsinin haqlı olduğu vurğulanır. Partiya sədrinin müavini Xəzər Teyyublu hesab edir ki, AXCP-ni yeni modeldə ortaya qoymaq mümkündür:

`Razi Nurullayevin qaldırdığı məsələ AXCP adına iddia edən təşkilatın daxilində gedən siyasi proseslərdir. Ancaq o, AXCP-ni yeni modeldə ortaya qoya bilər. Bununla belə Əli Kərimlinin AXCP adından imtina etməyəcəyi şübhə doğurur. Çünki, Əli Kərimli bu addan kənar siyasi fəaliyyətlə məşğul ola bilməz`.

Geri qayıt