Əsas Səhifə > Partiya, Güney Press > İstintaq qrupu üzvündən Ayaz Mütəllibova və AXC hakimiyyətinə ciddi ittihamlar
İstintaq qrupu üzvündən Ayaz Mütəllibova və AXC hakimiyyətinə ciddi ittihamlar13-02-2016, 11:06 |
“Qarakənd faciəsi dövlət səviyyəsində bir məsələ olub, ancaq çox təəssüf ki, dövlətin o cür məsul şəxslərinin qanları batıb.Tamerlan Qarayev elə bir fikir söyləyibsə əgər, lap gəlib üzürxahlıq eləsin, ancaq bununla məsələ həll olunmur. Hadisədə müəmmalı məqamlar çox idi, cəsədlərin hamısı orda yox idi. Bax bunların üstünü açmaq lazımdır, həqiqətləri ortaya çıxartmaq lazımdır”. Bunu Moderator.az-a açıqlamasında Qarakənd faciəsinin istintaq qrupunun üzvü Bayram İsmayılov Tamerlan Qarayevin Tofiq İsmayılov barəsində ittihamına münasibət bildirirərkən deyib. B.İsmayılov Qarakənd faciəsində həyatını itirənlərin dövlət səviyyəsində qiymətləndirilməməsinə də narazılıq edib: “İndiyə qədər onlara Milli Qəhrəman adı verilməyib, AXC hakimiyyəti bir-iki nəfərə Milli Qəhrəman adı verdi, ancaq digərləri unuduldu. Millətin yolunda canlarını qoyan, özünü fəda edən, erməninin üstünə gedən, torpaq yolunda qanını tökən dövlət xadimlərinə bu günə qədər dövlət səviyyəsində ad verilməyib. Mən bununla bağlı hər zaman öz narazılığımı bildirmişəm. Torpaq yolunda canlarını fəda edən dövlət xadimləri hökmən qiymətləndirilməlidir, onların hamısı, Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Vəli Məmmədov, Osman Mirzəyev və digərləri qəhrəmandırlar. Onlar da digər məmurlar kimi oturardılar kabinetdə, telefonla göstəriş verərdilər. Ancaq onlar gediblər, canlarını fəda ediblər və bu da başa düşülməlidir. Amma biz anlamırıq, qiymətli insanlarımızı qiymətləndirmirik. Elə ona görə də torpaqlarımızı verə-verə gəldik”. B. İsmayılov deyib ki, həmin məmurların qanı yerdə qalmamalıdır: “Açıq deyirəm ki, bu ölkə üçün canını qoyan dövlət xadimləri dövlət səviyyəsində qiymətləndirilmir, çünki haqq-ədalət yoxdur. Bu nəyi göstərir, niyə qiymətləndirilmir, xeyir ola? Ayaz Mütəllibov danışmalıdır ki, həmin faciədən sonra 6 ay hakimiyyətdə oldu. Nəyə görə onların haqqında dövlət səviyyəsində mükafatlandırma etmədi? AXCP hansı səbəbə görə jurnalistlərə milli qəhrəman adı verdi, dövlət xadimlərini ayırdı? Mən özüm Naxçıvanda polis rəisi olmuşam, orarada Kərmətəçax kəndini ermənilər iki istiqamətdən yandırmışdılar. Polis rəisi kimi ora getmişəm, ardımca bir nəfər polis zabiti, 11 nəfər cəbhəçi və inzibati növbənin rəisi gəlib, erməniylə döyüşmüşük. Onları kənddən çıxartmışıq, qoymamışıq kəndi yandırsınlar. Ancaq bunları bilən varmı ki? Daxili İşlər Nazirliyinin cinayət axtarış şöbəsində işləmişəm, Laçına, Şuşaya, Xankəndinə hər dəfə ezamiyyətə gedən adam mən olmuşam. Dəfələrlə həyatım təhlükə altına düşüb, girov götürmək istəyiblər, öldürmək istəyiblər. Amma nə olsun, nə nəticə olub ki? Mən də ölsəydim qanım batacaqdı, ona görə haqq səsimi ucaldıram ki, onların qanı yerdə qalmasın. Bu ölkədə paxıllıq, qeyri-obyektivlik, haqsızlıq, ədalətsizlik, regionçuluq, tayfabazlıq baş alıb gedir. Cəmiyyətdə hər kəs yaxasını kənara çəkir, heç kim xalq üçün, millət üçün danışmaq istəmir. Azərbaycan cəmiyyəti xəstədir, bu cəmiyyəti sağaltmaq, müalicə etmək lazımdır”. Geri qayıt |