Akif Çovdarovun balıqçılıq təsərrüfatının “ürəyi” tapıldı - Bütün təsərrüfat Bərdədən koordinasiya edilib
Tarix: 26-10-2016, 10:47 |
Çap et
Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun Masazırdakı istixanasında balıqçılıq təsərrüfatının aşkarlandığı və bu təsərrüfata dövlət yetkililəri tərəfindən əl qoyulduğundan bəhs etmişdik.
Bu günlərdə A.Çovdarovun balıqçılıq təsərrüfatı ilə bağlı Moderator.az-a yeni informasiya daxil olub. Özəl mənbənin verdiyi məlumata görə, aparılan araşdırmalar nəticəsində sabiq generalın Bərdə rayonunda Masazırdakından bir neçə dəfə böyük balıqçılıq təsərrüfatına malik olduğu aşkar edilib. Araşdırma nəticəsində bəlli olub ki, Bərdədə yerləşən məlum balıqçılıq təsərrüfatı sadəcə müxtəlif növ balıqların yetişdirilməsi ilə məşğul olmayıb, həmçinin MTN generalının respublikanın müxtəlif bölgələrində olan balıqçılıq təsərrüfatlarının koordinasiyasını həyata keçirib.
Balıqlara qulluq etmək üçün kifayət qədər mütəxəssisə malik olan Bərdədəki mərkəz mütəmadi surətdə bölgələrdəki təsərrüfatlara səfər edərək yemləmə, dərmanlama, çeşidləmə və s. kimi proseslərə nəzarət edib.
Mənbənin sözlərinə görə, aşkar edilən və dövlətin nəzarətinə keçən balıqçılıq təsərrüfatlarının aqibəti ilə bağlı ilkin qənaət bu təsərrüfatların təyinatını saxlamaq və təyinatı üzrə istifadə etməkdir.